- 29 Mart 17:04
Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir.
E-huquq.az xəbər verir ki, tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.
Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.
Mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.
Bu Qanunun 8.2-ci, 8.3-cü və 8.5-ci maddələri mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi, habelə cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hallarına şamil olunmur.
Mediatorun və mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra da mediasiya zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunması təmin olunmalıdır.
Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.