Mediasiya prosesinin onlayn aparılması: "E-mediasiya"


  • 9 Noyabr 2022 17:55

Mediasiya prosesi hazırda hüquqların müdafiəsi sistemində önəmli həlqə rolunu oynayır. Mediasiya prosesinin tətbiq edilməsinə 2019-cu ilin 29 martında qəbul edilmiş “Mediasiya haqqında” qanununa əsasən 2021-ci ilin 01 iyulundan başlanmışdır. Mediasiya sessiyasının tətbiq edilməsinə dair hüquq normalarının qəbul edilməsi dünyada qəbul edilmiş tendensiyadır.

Mübahisələrin alternativ həlli (MAH) kimi mediasiya mübahisələrin məhkəmədənkənar həllinə imkan yaradan prosedurdur. Bu prosedur məhkəmələrin iş yükünü azaltmaqla və fərdlərə mübahisələri maddi cəhətdən və qısa vaxta daha sərfəli şəkildə həll etmək imkanı yaratmaqla ədalət mühakiməsinin səmərəliliyinin artıra bilər.

Mübahisələrin həllində mediasiyanın rolunun vacibliyi və səmərəliliyi barədə hazırda Mediasiya Şurası və üzvləri tərəfindən maarifləndirmə işləri aparılır. Bu maarifləndirmə işləri öz nəticəsini verməkdədir. Təsadüfi deyildir ki, hazırda müqavilə tərəfləri bağladıqları müqavilələrdə mübahisənin həlli üsulu kimi mediasiya prosesini qeyd edirlər.

Bildiyimiz kimi, əmək, ailə, kommersiya hüquq mübahisələrində mediasiya proseslərinin keçirilməsinin ilkin olaraq məcburiliyi qəbul edilmişdir.

Hazırda mediasiya təşkilatlarının icraatında kütləvi işlər mövcuddur. Daha çox mediasiyalar ilkin mediasiya sessiyalarının keçirilməsindən ibarətdir.

Mediasiya prosesinin tərəflərinin hamısının bir ərazidə yaşaması, olması hər zaman mümkün deyildir. Həmçinin iştirak edəcək şəxslərin bəzən prosesdə fiziki olaraq iştirak etməsi mümkünsüz olur. Bir çox hallarda münaqişənin mövcud olması səbəbi ilə tərəflərin fiziki olaraq bir yerdə olması məqsədə müvafiq olmur. Bu daha çox ailə mediasiyalarında rastlanır. Bir tərəf digər tərəfi görmək istəmir, yaxud da gördüyü halda ona hücum etmək istəyir. Bu da prosesin başqa vaxta keçirilməsi, vaxtın uzadılması, bəzən də iştirak etməkdə niyyətli şəxsin iştirakının təmin edilə bilməməsi ilə nəticələnir.

Halbuki, mediasiya prosesinin onlayn, virtual olaraq informasiya texnologiyaları vasitəsi ilə keçirilməsi praktikası dünya təcrübəsində mümkündür. Qeyd edim ki, mən özüm peşəcə həm mediator, həm də vəkiləm. Bildirim ki, bir neçə gün öncə nümayəndə kimi xarici mediasiya prosesində onlayn iştirak etdim. Təmsil etdiyim şəxsin mediasiya prosesində iştirakı onlayn olaraq təmin edildi. Bu üsulun effektiv olması qənaətinə gəldim.

Ötən illərdə pandemiyadakı həyat tərzi də onlayn xidmətlərin, hətta onlayn məhkəmə proseslərinin keçirilməsini zəruri etdiyi kimi mediasiya proseslərinin də onlayn keçirilməsi təcrübəsi genişləndirilməlidir. Bu həmçinin mediasiya prosesinin tərəflərin vaxtına qənaət etmək məqsədi ilə də üst-üstə düşür.

Mediasiya proseslərinin "Zoom", "Whatsapp", "Skype" və sair internet vasitəsi ilə digər proqramları üzərindən aparılmasına razılıq verilməsinə ehtiyac vardır.

Rəqəmsallaşan mühitdə "e-medasiya"nın da yaranması qaçınılmazdır. Bu təkcə video görüşlərin keçirilməsi deyil, həmçinin elektron poçt vasitəsi ilə yazışmaların rəsmi qəbul edilənliyini də əhatə etməlidir. Hər kəsi şəxsən bir araya gətirməzdən əvvəl hər bir tərəflə ayrı-ayrılıqda videokonfrans keçrilməlidir. Alternativ olaraq, görüşlərə başlamazdan əvvəl sənədləşmə prosesini sürətləndirmək üçün onlayn sənədlərdən istifadə edilməlidir. Sənədlərin rəsmiləşdirilməsi qaydasında olduqdan sonra videokonfrans keçirilməlidir. Sənədlərin rəsmiləşməsi hissəsində etibarnamə, şəxsiyyəti müəyyən edən sənəd, yaxud xarici sənədlərdirsə, notarial təsdiq edilmiş, apostil edilmiş sənədlər dəqiqləşdirilməli, tərəflərdən tələb edilməlidir. Mübahisənin qarşılıqlı razılıq əsasında həlli zamanı isə hər bir tərəf öz mülahizələrini yazılı şəkildə bildirməli, barışıq sazişi elektron tərtib edilərək razılaşdırıldıqdan sonra hər kəs imzalanmış müqaviləsini elektron göndərməli, mediator isə imza və möhürü ilə təsdiq etdikdən sonra tərəflərin nüsxələrini onlara göndərməlidir.

Qeyd edilən "e-mediasiya"nın yaradılması və tətbiqi qaydaları qanunvericiliklə hələki müəyyən edilməmişdir. Qeyd edilənlər isə xarici ölkə təcrübələrində mövcuddur. Mediator olaraq mediasiya proseslərinin həyata keçirilməsi zamanı onlayn keçirilmə zərurəti yaransa da, qaydanın mövcud olmaması məhdudiyyəti əngəl yaradır. Qanunvericlikdə bu sahədə yeniliklərin əlavə edilməsinə zərurət vardır.

Pərvanə Məmmədova

Bakı 2 saylı Mediaisya Təşkilatının mediatoru

Oxşar xəbərlər