- 2 Sentyabr 15:45
Ailə üzvləri, işəgötürənlər, hüququ və ya fiziki şəxslərlə digər mülki, inzibati xarakterli mübahisələrin məhkəməyə verilməsinə ehtiyac yoxdur. Bu mübahisələr barışıq prosedurları ilə həll edilə bilər.
2020-ci ildən Azərbaycan vətəndaşları mübahisələri məhkəməyə verməklə deyil, mediasiyanın köməyi ilə həll etmək imkanı əldə etdilər. Bu mübahisələrin məhkəmədənkənar həlli prodedurudur. Mübahisələrin həllinin bu üsulu münaqişə tərəflərinə hər kəsə uyğun həll yolu tapmağa imkan verir.
Mediasiya nədir?
Mediasiya müstəqil, neytral şəxs olan mediatorun münaqişə tərəflərinə qarşılıqlı məqbul həll yolu tapmağa kömək etdiyi, mübahisənin alternativ, məhkəmədən kənar həll yoludur.
Mediasiya hansı hallarda kömək edə bilər?
Mediasiyadan mülki, əmək və ailə mübahisələrinin həlli üçün istifadə olunur. Qanunvericiliyə əsasən inzibati mübahisələri də mediasiyanın köməyi ilə həll etmək mümkündür.
Mediasiya mübahisənin hər iki tərəfini qane edən həll yolunu tapmaq mümkün olduğu hallarda kömək edə bilər. Bu prosedur məhkəmə prosesində olduğu kimi sübut və hüquqi mövqelərin deyil, tərəflərin maraqlarının nəzərə alınmasını nəzərdə tutur.
Mediasiya xüsusilə mübahisə edənlərin uzunmüddətli münasibətlərinin olduğu və bu münasibətlərin ən əlverişli şəkildə qorunmasının arzu olunduğu hallarda aktualdır. Məsələn, boşandıqdan sonra tərəflər mediasiyada uşağın yaşayış yerini müəyyən edə bilər və onun tərbiyəsində iştirak etmək barədə razılığa gələ bilərlər. Bu halda valideynlər qarşılıqlı hörmət münasibətlərini qoruyur, nəticə etibarilə, boşanma prosesi uşaqlar üçün daha ağrısız olur.
Mediasiya prosesi necə həyata keçirilir?
Mediator tərəflərə prosedurun mahiyyətini və prinsiplərini izah edir. Sonra onları dinləyir: mübahisə iştirakçılarının hər biri münaqişəni necə gördüyünü danışır. Tərəflərin birgə müzakirəyə hazır olduqları məsələlər formalaşdırılır. Sonra mediator tərəflərin maraqlarını müəyyən edir. İştirakçılar mümkün həll yollarını təklif edirlər, onların hər birinin maraqlarına uyğunluğu və mümkünlüyü qiymətləndirilir. Nəticədə əldə edilmiş razılaşmaları müəyyən edən barışıq sazişi bağlana bilər.
Mediasiya prosesindən sonra nə baş verir?
Barışığın nəticəsi barışıq sazişi, iddiadan tam və ya qismən imtina, iddianın tam və ya qismən qəbulu, işin hallarının tanınması ola bilər.
Barışıq sazişini tərəflər könüllü icra edirlər. Hər hansı tərəf bu saziş üzrə öhdəliyini icra etməkdən yayınarsa, digər tərəfin müraciəti əsasında məhkəmə sadələşmiş icraat qaydasında, qanunauyğun olan və başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmayan barışıq sazişini təsdiq edir və bu saziş məcburi icraya yönəlir.
İlhamə Həsənova
Mediatorların Etika Komitəsinin sədri
Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya üzrə milli təlimçi
Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı)
E-mail adresi: [email protected]
Əlaqə telefonları: 994124496208; +994124499111; +994705114990; +994506114990