- 7 Oktyabr 19:14
Məhkum edilmiş şəxsə cəza təyini zamanı cinayət qanununun tətbiqi ilə əlaqədar ortaya çıxan mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılmasına əsas yarandığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-1-ci maddəsinə müvafiq olaraq həmin məsələ üzrə kollegiyanın bütün hakimlərdən ibarət tərkibdə iclası 2025-ci il 31 oktyabr tarixə, saat 15:00-a təyin edilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-1.1-ci maddəsinə əsasən “Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən, Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hökm və ya digər qərarının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır”.
İclasda baxılması nəzərdə tutulan məsələ üzrə işin halları aşağıdakılardır:
Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş cəza, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 6 fevral tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 1 ay 28 günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 4 aprel 2024-cü il tarixdən 6 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
Məhkəmə cəza təyin edərkən Ali Məhkəmənin Cinayət kollegiyasının 7(102)-134/2024 nömrəli 2024-cü il 28 iyun tarixli qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində digər cinayət təqibinin gedişində şəxsin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarla 2023-cü il 9 noyabr tarixdən 2024-cü il 9 fevral tarixədək (3 ay müddətinə) həbsdə saxlanılması, daha sonra həmin iş üzrə cinayət işinin icraatına CPM-in 39.1.2-ci maddəsinə əsasən (bəraətverici əsasla) xitam verildiyindən cinayət prosesini həyata keçirən orqanın səhvinin nəticəsi və pozulmuş hüquqlarının bərpasını şərtləndirən hal kimi qəbul edilməli və 3 ay təşkil edən həmin həbsdə saxlanılma müddəti şəxsə azadlığın məhdudlaşdırılması cəzasının ara verilmədən çəkildiyi müddət kimi qiymətləndirilməli, məhkum edilmiş şəxsə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 6 fevral tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi kimi 1 il 4 ay 28 gün müddət deyil, 1 il 1 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası kimi müəyyən olunmalıdır.
Hökmdən apellyasiya protesti verilmiş, protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə təyin edilmiş cəzanı hesaba alarkən təqsirləndirilən şəxsin barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 11 noyabr tarixli qərarına əsasən, başqa cinayət işi üzrə seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbirini hazırkı iş üzrə cəzaya bir günə bir gün hesabı ilə hesablayaraq birləşdirərək cəzanın müddətini azaltmaqla cinayət qanununun tətbiqində səhvə yol vermişdir.
Protest müəllifi qeyd etmişdir ki, şəxsin yekun olaraq təqsirli bilinmədiyi cinayət işi üzrə həbsdə saxlanıldığı müddətin təyin edilmiş cəzaya hesablanması qaydası CM-də nəzərdə tutulmamış, cəza müddətlərinin hesablanması və cəzaların hesaba alınması isə müstəsna olaraq cinayət qanununun müddəaları ilə tənzimlənmişdir. Cəza təyin edilərkən CM-də nəzərə tutulmayan qaydaların tətbiqi isə həmin Məcəllənin 5-ci maddəsində nəzərdə tutulmuş qanunçuluq prinsipinin pozulması deməkdir. Məhkəmə şəxsin barəsində bəraətverici əsaslarla yekunlaşmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirini nəzərə alarkən analogiya üzrə CPM-in 59.1.1 və 59.1.2-ci maddələrini tətbiq etdiyini qeyd etsə də (hökmün 10-cu səhifəsinin 2-ci abzası) qeyd edilən məsələ cinayət qanunvericiliyinin tənzimetmə predmetinə aiddir və qanunçuluq prinsipini nəzərdə tutan CM-in 5.2-ci maddəsinin tələbləri baxımından indiki halda cinayət qanununun analogiya üzrə tətbiqi yolverilməzdir. Bəraət almış şəxsin həbsdə saxlanıldığı müddətlərin onun barəsində olan başqa cinayət işi üzrə təyin edilən cəzaya hesablanmaqla kompensasiya edilməsi kimi hüququ nəzərdə tutulmamışdır. Məhkəmə şəxsin təqsirli bilinmədiyi cinayət işi üzrə qanunsuz həbsdə saxlanılma müddətini başqa bir iş üzrə qanuni həbsə alma müddətləri ilə əvəzləşdirə bilməz.
İşə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 2025-ci il 11 mart tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli hökmü protestə münasibətdə dəyişdirilmiş, məhkum edilmiş şəxsə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 6 fevral tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudaşdırılması cəzasının çəkilməmiş hissəsi 4 ay 14 gün kimi hesablanmış, həmin müddət CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və bu cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli hökmü ilə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
İş materialları ilə müəyyən olunur ki, şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 6 fevral tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2023-cü il 7 aprel tarixində Bakı şəhər Probasiya İdarəsinə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Daha sonra başqa iş üzrə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2023-cü il 9 noyabr tarixdən hesablanmış, bu səbəbdən azadlığın məhdudlaşdırılması cəzasının axımı həmin tarixdə dayandırılmışdır. Sonradan CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan və həbs edildiyi cinayət işi üzrə 2024-cü il 9 fevral tarixdə həbsdə saxlanılma müddəti uzadılmadığından azad edilmiş, 2024-cü il 10 fevral tarixdə onun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
İş materiallarında müvafiq təsdiqedici sənədin olmamasından və Bakı Şəhər Probasiya İdarəsinin məktublarından şəxsin həbsə alınması ilə əlaqədar 2023-cü il 9 noyabr tarixdən dayandırılmış azadlığın məhdudlaşdırılması cəzasının icrasının birinci instansiya məhkəməsinin hökmünün çıxarıldığı 2024-cü il 19 noyabr tarixinədək bərpa edilmədiyi (icranın təzələnmədiyi) müəyyən olunur.
Apellyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi şəxsin 2023-cü il 9 noyabr tarixdən 2024-cü il 9 fevral tarixədək həbsdə saxlanıldığı müddəti azadlığın məhdudlaşdırılması cəzasının icra müddətinə daxil etsə də, 2024-cü il 9 fevral tarixdən hazırkı hökmün çıxarıldığı - 2024-cü il 19 noyabr tarixədək azadlığın məhdudlaşdırılması cəzasının icrasının bərpa edilmədiyi dövrü nəzərə almamışdır.
Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş məktubda məhkumun 2023-cü il 7 aprel tarixdə idarəyə gələrək qeydiyyatdan keçməsi və cəzasının əvvəlinin həmin tarixdən hesablanması, 2023-cü il 9 noyabr tarixə 6 ay 28 gün hissəsinin məhkum tərəfindən çəkilməsi, 1 il 4 ay 28 gün hissəsinin isə çəkilməmiş qalması göstərilmişdir. Lakin 2023-cü il 7 aprel tarixdən 2023-cü il 9 noyabr tarixədək müddət 7 ay 2 gün təşkil etdiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dövrə cəzanın çəkilmiş hissəsi 7 ay 2 gün, qalıq hissəsi isə 1 il 4 ay 26 gün müəyyən edilməli, şəxsin onun iradəsindən asılı olmayaraq ibtidai həbsdə olduğu 3 ay müddət və həbsdən azad olunduğu andan Yasamal Rayon Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli hökmü çıxarıldığı müddətədək, ondan asılı olmayaraq icra olunmamış cəzanın qalan hissəsi, ümumilikdə 1 il 10 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinin çəkilmiş hissəsi kimi nəzərə alınmaqla cəzadan çıxılmalı, yerdə qalan müddət azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir.
Beləliklə, Ali Məhkəmənin Cinayət kollegiyasının 2024-cü il 28 iyun tarixli 7(102)-134/2024 nömrəli qərarındakı hüquqi mövqeyə uyğun olaraq apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, məhkum edilmiş şəxsin barəsində həbs qətimkan tədbiri seçildiyi 2023-cü il 9 noyabr tarixdən (azadlığın məhdudlaşdırılması cəzasının icrasının dayandırıldığı) birinci instansiya məhkəməsinin hökmünün çıxarıldığı 2024-cü il 19 noyabr tarixinədək olan dövr azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalı və buna müvafiq olaraq cəzanın çəkilməmiş hissəsi azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməli və hazırkı hökmlə təyin olunan azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya protesti verilmiş, kassasiya protestində qeyd olunmuşdur ki, apellyasiya məhkəmə kollegiyası tərəfindən gəlinən nəticə cinayət qanununun müddəalarına uyğun hesab edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 mart tarixli qərarı ləğv edilməli, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir.
Protest müəllifi qeyd etmişdir ki, məhkumun azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə başqa iş üzrə həbsə alınması və sonradan həmin işin icraatına bəraətverici əsaslarla xitam verilməsi onun birinci iş üzrə üzərində olan çəkilməmiş cəzanın icra müddətinə hesablanmamalı idi.
Məhkumun azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə başqa iş üzrə həbsə alınması və sonradan həmin iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi müddətinin onun birinci iş üzrə üzərində olan çəkilməmiş cəzanın icra müddətinə hesablanmalı olması barədə qənaətə gələn məhkəmələr nəticəni əsaslandırarkən oxşar halla bağlı olan Ali Məhkəmənin Cinayət kollegiyasının 2024-cü il 28 iyun tarixli 7(102)-134/2024 nömrəli “üç ulduz” nişanı verilmiş qərarına istinad etmişlər.
Mübahisəli məsələnin həllinə dair iki fərqli yanaşma əsasən aşağıdakılarla xarakterizə olunur:
Hər iki iş üzrə şəxsin həbsdə olduğu müddətin çəkilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanması ilə əlaqədar mübahisəli hüquqi məsələyə dair istinad olunmuş Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinin məzmunu aşağıdakı kimidir:
“Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır”.
Mübahisəli hüquqi məsələyə dair birinci yanaşma - Ali Məhkəmənin Cinayət kollegiyasının 2024-cü il 28 iyun tarixli 7(102)-134/2024 nömrəli “üç ulduz” nişanı verilmiş qərarında gəlinən nəticəyə əsasən, CİM-in 51-2.2-ci maddəsində təsbit edilən normanın hüquqi mənası belədir ki, “başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinə hesablanmır” müddəasında “qətimkan tədbiri kimi həbs” dedikdə qanunsuz hesab edilməyən həbsdə saxlama nəzərdə tutulur, qanunsuz hesab edilmiş (cinayət prosesini həyata keçirən orqanın səhvinin və ya sui-istifadəsinin nəticəsi olmuş) həbsdə saxlama halları isə sözügedən norma ilə ehtiva olunmur.
Mübahisəli hüquqi məsələyə dair bu yanaşmanı əsas hesab edən məhkəmə kollegiyası həmçinin gəldiyi nəticəni təyin olunan cəzaların hesablanması və şəxsə qanunsuz həbsə alınma ilə əlaqədar kompensasiya verilməsi institutları ilə əlaqələndirmişdir.
Lakin hazırda baxılan iş üzrə məhkəmə kollegiyası Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli olaraq hesab edir ki, CİM-in 51-2.2-ci maddəsində təsbit edilən norma altında qanuni və ya qanunsuz (cinayət prosesini həyata keçirən orqanın səhvinin və ya sui-istifadəsinin nəticəsi) olmasından asılı olmayaraq qətimkan tədbiri qismində seçildiyi halda istənilən həbsdə olmanın müddəti nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, digər məhkəmə tərkibi əvvəllər qəbul etdiyi qərarda qeyd edilən normanı süni surətdə genişləndirmiş və həmin normada əks olunmayan “qanuni və ya qanunsuz” həbs anlayışını özündə ehtiva edən yeni norma müəyyən etmişdir.
Mübahisəli hüquqi məsələyə dair fərqli yanaşmaya əsaslanan hazırkı iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, cəzaların hesablanması və şəxsə qanunsuz həbsə alınma ilə əlaqədar kompensasiya verilməsi institutlarının əlaqələndirilməsi uğursuz cəhd kimi nəzərdən keçirilməli, bununla əlaqədar gəlinən nəticə cinayət qanununun müddəalarına uyğun hesab edilməməli, yekun olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə başqa iş üzrə şəxsin həbsə alınması və sonradan həmin işin icraatına bəraətverici əsaslarla xitam verilməsi həbsdə olma müddətinin onun birinci iş üzrə üzərində olan çəkilməmiş cəza müddətinə hesablanmasını istisna etməməlidir.
Məhkəmə tərkibinin qənaətinə əsasən, dövlət şəxsin təqsirli bilinmədiyi cinayət işi üzrə qanunsuz həbsdə saxlanılma müddətini başqa bir iş üzrə qanuni həbsə alma müddətləri ilə əvəzləşdirə bilməz. Göstərilən hal üzrə gəlinən nəticənin hüquqi əsası nəinki, cinayət qanunvericiliyi və ya CİM-də nəzərdə tutulmamış, hətta qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş cəzanın məqsədi və cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən normalarla ziddiyyət təşkil edir.
Yuxarıda təsvir edilən (CİM-in 51-2.2-ci maddəsinin təfsirinə dair) mübahisəli məsələ hüququn tətbiqi ilə bağlı olmaqla onun düzgün həll olunmasının müvafiq sahə üzrə məhkəmə təcrübəsinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq, hüquq ictimaiyyətinin nümayəndələrindən ona münasibət bildirməyi və əsaslandırılmış yanaşmalarını əks etdirən mülahizələri məsələyə Ali Məhkəmənin Cinayət kollegiyasında kollegiyanın bütün hakimlərindən ibarət tərkibdə baxılmasınadək (2025-ci il 31 oktyabr tarixinədək) yazılı qaydada Ali Məhkəmənin Cinayət kollegiyasının elektron poçt ünvanına ([email protected]) təqdim etməyi xahiş edirik.