Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi


  • 19 Yanvar 2022 18:13

2022-ci il yanvarın 19-da Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilib.

E-huquq.az xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev yığıncaqda çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı qətliam törədib.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Ulu öndər faciənin səhərisi günü, yəni 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. Görkəmli dövlət xadimi ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir. Bu gün Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xeyirxah əməlləri davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır. Möhtərəm cənab Prezident İlham Əliyev Ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi fəaliyyət göstərir.

Sədr qeyd edib ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verilib. Bu qiymət ümumiləşmiş formada bundan ibarətdir ki, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycana təcavüz edib. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanıb. SSRİ rəhbərliyinin təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatına rəhbərlik edənlər də məsuliyyət daşıyırdı. SSRİ rəhbərliyinin təcavüz edəcəyini bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar məsuliyyət daşıyırlar.

Bildirilib ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərdi, şəhid verdi. 44 günlük Vətən müharibəsində də belə oldu. Öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olan Azərbaycan xalqı 30 il işğal altında qalan torpaqlarımızı Ali Baş Komandanın sərkərdəliyi ilə Ermənistan Silahlı Qüvvələrinin işğalından azad etdi.

1990-cı ilin qanlı yanvarında, birinci və ikinci Qarabağ müharibəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı Vətənin azadlığı, xalqın xoşbəxtliyi uğrunda canlarından keçən övladları ilə fəxr edir.

1990-cı ilin Yanvar hadisələri Azərbaycan xalqının şəhid qanı ilə yoğrulmuş azadlıq arzusunun bütün dünyaya nümayişi idi. Əzmkarlığının, yenilməzliyinin gerçək nümunəsi idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Oxşar xəbərlər