Vətənin əbədiyyət carçıları!


  • 23 Sentyabr 2022 13:58

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.

Bəxtiyar Vahabzadə.

Bu il sentyabrın 12-si gecəsi başlayan Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan igidlərimiz qaraca torpağı Vətən etmək naminə ata-analarının, həyat yoldaşlarının, övladlarının yanına sağ-salamat qayıtmadılar, şəhid oldular. Atalar şəhid oğullarının cənazəsi yanında donub qaldılar. Dünyanın ən ağır dərdi yükləndi çiyinlərinə... Onlar övladlarını öz əlləri ilə Vətən torpağına tapşırdılar. Şəhidlərimizin yaxınlarının ən böyük təsəllisi odur ki, Ermənistan silahlı qüvvələri yenidən məğlubiyyətə uğradı. Və nə qədər ki, onların oğulları kimi qəhrəmanlarımız var, düşmənlər Azərbaycanın ərazilərində bir daha meydan sulaya, insanlığa sığmayan vandal əməllərini həyata keçirə bilməyəcəklər. Bir də təsəlliləri odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Yoldaşları şəhidlərimizin qisasını döyüş meydanında aldılar.

Yağı düşmənə aman verməyən oğullarla fəxr etdi, onların cəsarəti, şücaəti, qəhrəmanlığı ilə qürur duydu bütün Azərbaycan. Zəhmətlə, əziyyətlə böyütdüyü, böyük arzularla boya-başa çatdırdığı, gələcəyinə ümidlər bəslədiyi gənc övladını torpağa tapşıran şəhid ataları, şəhid anaları da "Vətən sağ olsun!" dedilər.

"Dünya şirin, can şirindir", - deyirlər. Gənc yaşında ölümün üstünə gedən oğullar isə sübut edirlər ki, Vətən candan şirindir. Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. İgid oğullarımız bu cəsarəti, əzmi, mübarizliyi 2016-cı ilin Aprel döyüşləri zamanı da bütün dünyaya nümayiş etdirdilər. O zaman da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğlumuz sənin yolunda canından keçdi, Vətən. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində Azərbaycana sonsuz sevgi ilə qəhrəmancasına döyüşüb şəhid olan igidlərimiz bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlə, milyonlarladır.

2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həyatını itirdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etmək arzuları yenə də gözlərində qaldı.

Həmin ilin - 2020-ci ilin 27 sentyabrı səhəri Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutdular. Həmin gün də düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu. Qəhrəman Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirməklə cavab verdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışı ilə minlərlə igid könüllü cəbhəyə yollandı. 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi qəhrəman oğullarımız. Təcavüzkar Ermənistanın silahlı qüvvələrini ərazilərimizdən qovdu Azərbaycanın igid döyüşçüləri. Vətən müharibəsində də iki min doqquz yüz yeddi döyüşçümüz şəhid oldu.

Vətən müharibəsində biabırçı məğlubiyyətindən dərs almayan Ermənistan məkrindən, təcavüzkarlıq siyasətindən əl çəkmədikcə rəşadətli Azərbaycan Ordusunun cavabı da ağır, sarsıdıcı olacaq. Bunu Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecəsindən başlayan genişmiqyaslı təxribatının nəticələri bir daha göstərdi. Düşmən layiq olduğu cavabı aldı.

Vətənin azadlığı uğrunda canından keçən və əbədiyyət carçıları olan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır.

Orxan Məmmədli

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər