Zəfər yolunun başlanğıcı - 27 sentyabr


  • 27 Sentyabr 2022 19:01

XX əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı açıq formada qaldırdığı ərazi iddiaları, şübhəsiz ki, onların tarix boyu edə biləcəyi ən yanlış siyasi addım idi. Baxmayaraq ki, həmin vaxt üçün onları istədiklərinə nail olmuş hesab etmək olardı - Azərbaycanda hökm sürən hərc-mərclik, bir növ, onları niyyətlərinə çatmağa müvəffəq etmişdi.

Torpaqlarımızın 20 faizini işğal edən mənfur düşmənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq həmvətənimiz öz yurd-yuvasından didərgin düşmüşdür. Haqsız hərbi təcavüzün nəticələrinin aradan qaldırılması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi istiqamətində aparılan 30 illik danışıqlar, təəssüf ki, nəticə vermədi. Hətta danışıq masasından kənara çıxa bilmədi. Nədənsə, düşmən və ona havadar olanlar sülhə tərəfdar olmaq istəmədilər.

2016-cı ilin aprel ayında düşmənlə dörd günlük qarşılaşma, sanki, onları döyüş qabiliyyətimizdən agah etmişdi. Aprelin 1-dən başlayan şiddətli döyüşlər nəticəsində cəsur ordumuz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yolları düşməndən azad etdi. Qeyd edilməlidir ki, Aprel döyüşləri 1994-cü ildə atəşkəs imzalandıqdan sonra baş tutan ən şiddətli döyüşlər idi. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalansa da, şərəfsiz düşmənlə qonşu olan uzaqgörən xalq kimi hər zaman döyüş ruhunda, Ali Baş Komandanın əmrinə müntəzir vəziyyətdə idik.
Ordumuzun mübarizliyindən qorxuya düşən düşmən yenə dezinformasiyalarla baş qatmağa davam edərək, itkilərinin sayını azaltdı və sahibləri tərəfindən geri alınan əraziləri dünya ictimaiyyətindən gizləməyə çalışdı.

Yalanları tarixindən də, özündən də dərin olan Ermənistan hərbi-siyasi rəhbərlərinin 2019-cu ildən etibarən verdikləri təxribatçı bəyanatlar və atdıqları qeyri-dəqiq addımlar danışıqlar prosesini uzadırdı. Artıq düşmən ordumuzun öldürücü zərbələrinə susamışdı. Onların işğal etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, “könüllü dəstələr” yaratmaq qərarı və sair səbir kasamızı çoxdan daşırmışdı. Biz məsələnin sülh yolu ilə həllinə çalışdıqca düşmən bacarmayacağı iddialar söyləyir, qanla, nahaqla əldə etdiyini özününküləşdirmək istiqamətində yalançı təbliğatla məşğul olurdu.

Çoxdan irinləmiş yara, düşmənin 2020-ci ilin iyul ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması ilə partladı. Bu addımlar düşmənin açıq-aşkar müharibəyə hazırlaşdığının sübutu idi. Məsələnin sülhlə həll olunması əsas istəklərimizdən biri olsa da, ölkə olaraq, ərazi bütövlüyümüzün bərpası uğrunda müharibəyə də çoxdan hazır idik.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. İyulun 14-də düşmən hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev daxil olmaqla, 5 hərbçi həlak oldu. Düşmənin bu zərbəsi xalqın Vətən sevgisinə, Qarabağ yarasına endirilən zərbə, eyni zamanda döyüş əzminə güc verən, qalibiyyət iddiasına zəmin yaradan hadisə oldu. Poladlaşmış birliyimiz artıq bir gün də vaxt itirmək istəmir, müharibə, döyüş ruhu ilə çırpınırdı. Şəhidlərinin, o cümlədən generalının qisasını almaq istəyən neçə-neçə əsgər səbirsizliklə Ali Baş Komandanın əmrini gözləyirdi. Polada dönmüş dəmir yumruq zərbə endirməyə gün sayırdı..

2020-ci il sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə, Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla, təxribat törətmiş və nəticədə mülki şəxslər, hərbçilər arasında ölən və yaralananlar olmuşdur. Düşmənin namərdliyi həddini aşdı, döyüş bölgəsindən kilometrlərlə uzaqda yaşayan, günahsız mülki əhali düşmənin vəhşiliyinin qurbanına çevrildi. Artıq bütün bunlar problemin həllinə hərbi yoldan başqa variant saxlamadı. Beləliklə, sonu tarixi zəfərlə bitən 44 günlük Vətən müharibəsi başladı. Bizim tarixin qalibiyyət, Ermənistan tarixinin isə itkilərlə bol olan məğlubiyyət səhifələri..

Artıq 2-ci ildir ki, biz 27 sentyabr tarixini düşmənin irimiqyaslı təxribatının başlaması kimi yox, qələbə ilə nəticələnən əks-hücum əməliyyatının, 44 günlük Zəfər tarixinin ilk günü kimi qeyd edirik. Böyük tarixi qalibiyyətin, 30 illik həsrətdən sonra qanla müqəddəsləşən torpaq sevgisinin şanlı günləri kimi yaşayırıq bu günləri..

Bizi Şuşaya doğru aparan şanlı Zəfər yolunun başlanğıcıdır bu tarix.. Azərbaycanın Ali Baş Komandanının, Azərbaycan əsgərinin işğal tarixini Zəfər tarixi ilə əvəz etdiyi günləri yaşayırıq.
Milli mənliyimizin, milli qürurumuzun, natamam coğrafi xəritəmizin, qalibiyyət hissimizin bütövləşdiyi, tamlaşdığı tarixin başlanğıcıdır bu tarix – 27 sentyabr!

30 il öncə evindən əliyalın didərgin düşən balaca uşaqlar məhz bugünkü tarixdə tank belində geri döndü EVİNƏ ! Əli silahlı düşmənə gücünü, əliboş düşmənə isə mərhəmətini göstərdi. Düşmən bizim evimizdən əliboş qayıtmadı - əlinə keçəni, apara bildiyi hər şeyi apardı. Amma dağımız qaldı, suyumuz, aydın səmamız, bir də Zəfərdən daha da möhkəm saçan Günəşimiz qaldı bizə! İndi o günəş şəfəq saçır Zəfər yolumuza! İndi o günəşin istisində bütöv olan xəritəm qızınır, Cıdır düzüm yaşıllaşır, Xarıbülbülüm çiçəkləyir!

Sağ ol, Əsgər! Sağ ol, qalib Sərkərdə!
Sağ ol, xalqını yeni tarix üzrə dünyanın qalib xalqları sırasına daxil edən müzəffər döyüşçü!

Fuad Abdıyev

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər