“Apellyasiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququna münasibətdə MPM-də qeyri- müəyyənlik var”


  • 25 Yanvar 2023 15:18

Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, məhkəmə müraciətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MMP) 267.1 və 402.2-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə müqayisəli şəkildə şərh edilməsini istəyib.

Həmin müraciəti təqdim edirik:

“İddiaçı "Bank BTB" ASC cavabdehlər XXXX və digərlərinə qarşı iddia qaldırıb. Binəqədi RM-nin qətnaməsi ilə iddia qismən təmin edilib, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilib. Qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən işə mahiyyəti üzrə baxılarkən iddiaçı "Bank BTB" ASC müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Ərizədə tələb olunub ki, ipoteka predmeti olan, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 3024-27-ci məhəllədə yerləşən, ümumi sahəsi 550,9 kv.m təşkil edən qeyri-yaşayış binasında söküntü, tikinti və digər işlərin aparılması mülkiyyətçiyə və başqa şəxslərə qadağan olunsun. Ərizə onunla əsaslandırılıb ki, ipoteka predmeti qəsdən məhv edilib, hazırda onun qalan hissələri sökülərək tikinti materialı kimi üçüncü şəxslərə satılır.

Müvəqqəti təminat tədbiri barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ayrıca icraatda baxılıb, 21.11.2022-ci il tarixli qərardadla ərizə təmin edilib. Eyni zamanda ayrıca qərardadla qərara alınıb ki, apellyasiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququna münasibətdə MPM-in 267.1 vǝ 402.2-ci maddələrinin Konstitusiyanın 60-ci maddəsi ilə müqayisəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilsin.

Müraciətin səbəbi:

Müraciətə səbəb normativ hüquqi aktın məzmunundakı qeyri-müəyyənlikdir. Belə ki, apellyasiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququna münasibətdə MPM-də qeyri- müəyyənlik var. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 90.1-ci maddəsinə görə, normativ hüquqi aktın rəsmi şərh edilməsinin əsaslarından biri onun məzmununda qeyri-müəyyənlik və fərqlərin aşkar edilməsidir.

Qeyri-müəyyənliyin izahı:

Apellyasiya məhkəmələrinin qərardadları 2 növə bölünür:

1) aşağı məhkəmənin aktının yoxlanması nəticəsində çıxarılan qərardadlar;

2) aşağı məhkəmənin aktının yoxlanmasına aidiyyəti olmayan qərardadlar. Belə bölgünün hüquqi asasını MPM-in 3-cü bölməsi təşkil edir. Həmin bölmə "Məhkəmə aktlarına yenidən baxılması" adlanır və apellyasiya icraatını tənzimləyən normalar bu bölmədə yerləşir. Bölmənin adındakı "yenidən baxma" ifadəsi əsas verir ki, apellyasiya məhkəmələrinin qərardadları 2 yerə yoxlama (yenidən baxma) nəticəsində çıxarılan qərardadlara və yoxlama (yenidən baxma) olmadan çıxarılan qərardadlara bölünsün. 1-ci növ qərardadlara birinci instansiya məhkəməsinin aktlarından verilən şikayətə baxılması

nəticəsində çıxarılan qərardadlar aiddir. 2-ci növ qərardadlara belə şikayət olmadan çıxarılan qərardadlar aiddir. 2-ci növ qərardadların xüsusiyyəti odur ki, bu qərardadlar çıxarılan zaman apellyasiya məhkəməsi yoxlama funksiyasını yerinə yetirmir, yəni həmin məsələ üzrə aşağı məhkəmənin aktı mövcud olmur, bu qərardadlar bilavasitə apellyasiya məhkəməsinə verilmiş vəsatət və ərizələr əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə qəbul edilir. Məsələn, mülki mübahisəyə mahiyyəti üzrə baxılarkən apellyasiya məhkəməsinə verilmiş ərizə əsasında çıxarılan müvəqqəti təminat tədbiri barədə qərardad, mülki mübahisəyə mahiyyəti üzrə baxılarkən apellyasiya məhkəməsi tərəfindən çıxarılan üzrə icraatın dayandırılması barədə qərardad, mülki mübahisə üzrə apellyasiya məhkəməsinin özünün qəbul etdiyi qətnaməyə izah verilməsi barədə qərardad, mülki mübahisə üzrə apellyasiya məhkəməsinin özünün qəbul etdiyi qətnamədəki yanlışlığın düzəldilməsi barədə qərardad, əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardad və s.

Qeyri-müəyyənlik 2-ci növ qərardadlardan şikayət vermək hüququna münasibətdə mövcuddur. Belə ki, bu hüquq barədə MPM-də 2 fərqli göstəriş nəzərdə tutulub: 1-ci göstəriş, yəni 267.1-ci maddənin göstərişi 2-ci növ qərardadlardan şikayət vermək hüququ tanıyır, çünki həmin maddəyə görə, qərardadlardan MPM-də göstərilmiş bütün hallarda şikayət verilə bilər. MPM-də 2-ci növ qərardadlar şikayət vermək hüququ göstərilib. Məsələn, müvəqqəti təminat tədbiri barədə qərardaddan (maddə 163.1), iş üzrə icraatın dayandırılması barədə qərardaddan (maddə 258.2), qətnaməyə izah verilməsi barədə qərarddaddan (maddə 230.5), qətnamədəki yanlışlığın düzəldilməsi barədə qərardaddan (maddə 228.3), əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan (maddə 229.3) şikayət verilməsi MPM-də göstərilib.

2-ci göstəriş, yəni 402.2-ci maddənin göstərişi 2-ci növ qərardadlardan şikayət vermək hüququ tanımır. Həmin maddəyə görə apellyasiya məhkəmələrinin yalnız 6 qərardadından şikayət verilə bilər.

Qeyri-müəyyənliyin yaranma səbəbi:

Əvvəllər apellyasiya məhkəmələrinin şikayət verilməsi mümkün olan qərardadlarının dairəsi geniş idi. Sonradan MPM-ə əlavə və dəyişikliklər edildi, şikayət verilməsi mümkün olan qərardadların dairəsi məhdudlaşdırıldı. Məhdudlaşdırmaya əsas kimi ona istinad olundu ki, qərardadlar prosessual məsələlər üzrə qəbul olunur, məhkəmə səhvlərinin aradan qaldırılması və məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün aşağı məhkəmənin (birinci instansiyanın) qərardadının bir dəfə yuxarı məhkəmə (apellyasiya məhkəməsi) tərəfindən yoxlanılması kifayətdir. Lakin bu zaman apellyasiya məhkəmələrinin qərardadlarının yuxarıda göstərilən xüsusiyyəti, yəni onların 2 yerə bölündüyü nəzərə alınmadı, nəticədə isə qeyri-müəyyənlik yarandı.

Qeyri-müəyyənliyin aradan qaldırılması üsulu:

Hazırda məhkəmələr yalnız 2-ci göstərişi, yəni 402.2-ci maddənin göstərişini əsas götürür və hesab edirlər ki, həmin maddədə göstərilməyən qərardadlardan şikayət verilə bilməz. Lakin fərqli fikirdə olan hüquqşünaslar var. Onlar hesab edirlər ki, qeyri-müəyyənlik aşağıdakı üsulla aradan qaldırılmalıdır:

Birinci: normaların yerləşdiyi yer.

402.2-ci maddə "Məhkəmə aktlarına yenidən baxılması" adlı 3-cü bölmədə yerləşir. Odur ki, həmin maddənin göstərişi yalnız 1-ci növ qərardadlara, yoni aşağı məhkəmənin aktının yoxlanması nəticəsində çıxarılan qərardadlara şamil olunur.

267.1-ci maddə "Birinci instansiya məhkəməsində icraat" adlı 2-ci bölmənin "Məhkəmə qərardadları" adlı 21-ci faslində yerləşir. Odur ki, həmin maddənin göstərişi 2-ci növ qərardadlara, yəni aşağı məhkəmənin aktının yoxlanmasına aidiyyəti olmayan qərardadlara şamil olunur. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 365-ci maddəsinə görə, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Göründüyü kimi, "bu Məcəllənin" ifadəsi işlədilib. Odur ki, apellyasiya məhkəmələrinin ilk dəfə (yəni birinci instansiya məhkəməsində olduğu kimi) baxdığı prosessual məsələyəǝ MPM-in "Birinci instansiya məhkəməsində icraat" adlı 2-ci bölməsinin müddəalarının tətbiq edilməsi qanunidir.

İkinci: normalar arasında ziddiyyət.

"Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 10.4-cü maddəsinə görə, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. 402.2-ci maddədəki norma ümumidir, çünki apellyasiyanın yoxlama (yenidən baxma) funksiyasına əsaslanır. 267.1-ci maddədəki norma isə xüsusidir, çünki blanket ifadə üsulu ilə həmin məsələni bilavasitə tənzimləyən normanın müəyyən etdiyi qaydaya əsaslanır.

Üçüncü: hüquqi məntiq.

267.1-ci maddədə hüquqi məntiq ondan ibarətdir ki, qanunverici belə məsələlərin (müvəqqəti taminat tədbiri, icraatı dayandırma, qətnaməyə izah verilməsi, qətnamədəki yanlışlığın düzəldilməsi, əlavə qətnamə çıxarmaqdan imtina və s.) əhəmiyyətini və həmin məsələlərdə yol verilən məhkəmə səhvlərinin doğurduğu nəticələri nəzərə alaraq ən azı bir dəfə narazılıq bildirmək (şikayət vermək) imkanı yaradıb və buna müvafiq olaraq hakimin qərardadının on az bir dəfə yoxlanılmasının zəruri olduğunu müəyyən edib. Birinci instansiya məhkəməsinin belə məsələlər üzrə qərardadından bir dəfə narazılıq bildirmək və onu bir dəfə yoxlamaq üçün apellyasiya instansiyası mövcuddur. Müvafiq olaraq apellyasiya məhkəməsinin də belə məsələlər üzrə ilk dəfə qəbul etdiyi qərardaddan narazılıq bildirmək və onu yoxlamaq üçün instansiya olmalıdır. Nəzərə alınmalıdır ki, apellyasiya məhkəmələri tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxır (MPM, maddə 372.1), bu zaman meydana çıxan müxtəlif prosessual məsələlər üzrə birinci instansiya məhkəmələrində olduğu kimi ilk dəfə qərardadlar qəbul edir: əmlakın üzərinə həbs qoyur, qadağalar tətbiq edir, icraatı dayandırır, qətnaməyə izah verir, qətnamədəki yanlışlığı düzəldir, əlavə qətnamə çıxarmaqdan imtina edir və s. İlk dəfə qəbul edilən qərardadlarda məhkəmənin səhv etmə ehtimalı böyük olur, odur ki, həmin qərardadların bir dəfə yoxlanılması imkanı olmalıdır. Əks təqdirdə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə müdafəsinə verilmiş təminat pozulmuş sayılar, çünki bu təminat məhkəmə aktının Ən azı bir dəfə yuxarı məhkəmədə mübahisələndirmək imkanını da özündə ehtiva edir”.

Oxşar xəbərlər