Piyadanı maşınla vurub öldürməkdə təqsirləndirilən Minatəmizləmə Agentliyinin əməkdaşına hökm oxundu


  • 20 İyun 14:25

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Xəyal Məhərrəmova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, X.Məhərrəmov 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq edilməklə ona əsas cəza kimi təyin olunmuş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilib.

Qeyd edək ki, qəza rayonun Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində qeydə alınıb. Xəyal Məhərrəmov sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Lada Priora" markalı avtomobillə yolu keçmək istəyən Mehparə Qurbanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

1996-cı il təvəllüdlü Xəyal Məhərrəmov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Ağdam mobil bazasının 2 saylı təmizləmə dəstəsinin minaaxtaranı vəzifəsində işləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər