Ermənistan bu təxribatçı addımlarına dərhal son qoymalıdır - DEPUTAT


  • 3 May 2021 15:54

"Mənfur ermənilərin sərhəd istiqamətində Azərbaycana qarşı addımını Qubadlı hadisəsindən sonra yeni bir təxribat kimi qiymətləndirilə bilər".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bir neçə gün öncə sosial şəbəkələrdə yayılan Azərbaycan - Ermənistan sərhədçiləri arasında yaranmış konfliktin videogörüntülərini şərh edərkən deyib.

O bildirib ki, düşmən öz torpağını göz bəbəyi kimi qorumaq üçün canını belə verməyə hazır olan Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə qarşı bütün cəhdlərini istifadə edərək təxribata əl atmağa çalışırdı: “Hadisə qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının Ermənistana peşkəş verilmiş Qərbi Zəngəzur tərəfi ilə Şərqi Zəngəzur tərəfində baş verib. Mən böyük fəxr və qürur hissi ilə qeyd edə bilərəm ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz dövlətinə, millətinə, Ali Baş Komandanının adına yaraşacaq şəkildə professionallıqla güc, ağıl və məntiqini ortaya qoyaraq nümunəvi bir addım sərgilədi. Cənab Prezident artıq keçən dəfə Zəngilan və Cəbrayıl səfərində vurğulamlşdı ki, Şərqi Zəngəzur tərəfi bizdədir, Zəngilan da onun bir parçasıdır. Qərbi Zəngəzur ermənilərə 1921-ci ildə 101 il əvvəl peşkəş verilib. Biz bundan sonra qədim Azərbaycan torpağı Zəngəzuru dönə-dönə vurğulamalıyıq. Çünki onlar bizim tarixi torpaqlarımızdır və yeni nəsil bunu görməli, dərk etməlidir”.

Deputat videogörüntülərin Ermənistan tərəfindən çəkilib yayıldığını qeyd edib: “Azərbaycan əsgəri də görüntülərin qeydiyyatını aparmaq üçün lentə alırdı. Amma biz heç bir yerdə yaymamışıq. Çünki Azərbaycan dövlətdir, cılız və ya oyuncaq bir ölkə deyil. Ermənistan-Azərbaycan və onun əsgərləri arasındakı fərq orada açıq görünür. Erməni əsgərinin əyninə geyindiyi nimdaş geyimi ilə Azərbaycan əsgərinin məğrur duruşuna baxsaq açıq şəkildə görərik ki, arada necə böyük fərq var. Şübhəsiz ki, bu, onları qıcıqlandırır. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin Ali Baş Komandanın başçılığı altında dəmir yumruq olaraq onların başını əzdiyi üçün bilmirlər ki, hansı formada Azərbaycanı yenidən müəyyən iğtişaşlara təhrik etsinlər. Onların bu cəhdləri də təbii ki nəticəsiz qalır. Çünki güclü dövlət və qüdrətli ordu heç bir zaman belə cılız işlərlə məşğul olmur. Lazım olanda düşmənin başını sonuna qədər əzir və atır qırağa, lazım olanda da öz ağlı və məntiqi ilə sərhədçilərimizin atmış olduğu professional addımlar atır”.

R.Həsən vurğulayıb ki, Ermənistan bu təxribatlarına son qoymalıdır: “Çünki Cənab Prezident artıq keçən dəfə xəbərdarlığını etdi. O bu xəbərdarlığı dəfələrlə etmişdi ki, ya torpaqlarımızdan rədd olun gedin, ya da biz öz gücümüzlə onu azad edəcəyik. Deyəndə inanmırdılar, lakin Vətən müharibəsində darmadağın oldular. İndi də nağıllar aləmində yaşamaq stəyirlərsə buyurub yaşasınlar. Amma aqibətləri heç də yaxşı olmayacaq. Beynəlxalq hüquq normalarında yer alan sərhədlərin müəyyənləşdirilməsi prinsipi ilə Azərbaycan əsgəri özünə aid olan torpağı qoruyur. Torpağımıza göz dikən düşmən öz layiqli cavabını alacaq, Azərbaycan əsgəri buna qadirdir”.

Oxşar xəbərlər