- 11:28
Bir çox həmkarlarımız arasında belə bir fikir mövcuddur ki, məhkəmə ibtidai istintaq zamanı əldə edilmiş sübutlara istinad edə bilməz. Bu cür düşünən yoldaşlar buna arqument olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş "məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olmasına dair” müddəasıdır.
Əlbəttə sübutlar, onların toplanması, qiymətləndirilməsi çox dərin mövzudur və qısa şəkildə buna tam aydınlıq gətirmək və şərh etmək tam olaraq mümkün deyildir. Lakin deyilən məsələ ilə əlaqədar olaraq öz fikirlərimi bildirmək istəyirəm.
Hesab edirəm ki, “məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olmasına dair” müddəa şərh edilərkən nəzərə alınmalıdır ki, ilkin sübutlar cinayət işi üzrə ibtidai istintaq zamanı toplanır. Məhz ona görə də bu mərhələ ibtidai anlayışına sahibdir. Məhkəmə həmin sübutları məhkəmə baxışı zamanı tədqiq edərək müəyyən bir nəticəyə gəlir. Məhkəmənin sübutları tədqiq etmək anlayışı hər-hansı bir şahidin məhkəmədə verdiyi ifadənin mütləq doğruluğu və mötəbərliliyi anlamına gəlməməlidir. Əks təqdirdə ibtidai istintaqın aparılmasının və orada sübutların toplanmasının heç bir əhəmiyyəti olmazdı.
Məhkəmə tədqiqatı sübutların elanı, dəqiqləşdirmələrin aparılması, sualların verilməsi, çarpaz dindirmələrin aparılması, zərurət olduğu təqdirdə yeni sübutların tələb edilməsi və digər hərəkətlərdən ibarət olan bir prosesdir.
Nəzərə almaq lazımdır ki, bir sıra sübutlar çox halda məhkəmə baxışı zamanı yenidən toplanmır. O cümlədən, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması və sairə sübutlar əsasən ibtida istintaq hərəkətləri ilə toplananlardan ibarətdir. Əgər bu məntiqlə yanaşsaq, o zaman həmin sübutların da mötəbər və təkzibedilməliyi şübhəli olardı və məhkəmənin yekun nəticəyə gəlməsində heç bir əhəmiyyət kəsb etməzdi. Yəni hər bir halda zərurətin olub-olmamasından asılı olmayaraq, yuxarıda sadalanan hərəkətləri də, yəni, məsələn, cinayət işinin materiallarında ekspert rəyinin olub-olmamasından asılı olmayaraq, yenidən mütləq qaydada ekspertiza keçirməli, hadisə yerinə baxış keçirməli və sairə sübutları yenidən toplamalı olardı.
Təqsirləndirilən, zərərçəkmiş şəxs, şahid və ya hər-hansı bir digər şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadədən mahiyyəti üzrə əhəmiyyətli dərəcədə fərqlənən ifadə verərsə, bu, artıq yeni sübutdur və məhkəmə həmin şəxsin ifadəsini onun ibtidai istintaq, məhkəmə baxışı zamanı verdiyi ifadələrlə, iş materiallarında olan digər sübutlarla müqayisəli təhlilini aparmalı, işin faktik hallarına əsasən və iş materiallarında olan digər əlaqəli sübutları tədqiq edərək həmin ifadələrdən hansının daha mötəbər olması qənaətinə gəlməlidir. Sübutların bu cür qiymətləndirilməsinin özü də məhkəmə tədqiqatıdır və heç də hər bir halda məhkəmə istintaqı zamanı əldə edilən və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutdan daha mötəbər olması anlamına gəlmir və yaxud da əksinə, ibtidai istintaq zamanı əldə edilmiş sübutlar üstün və mütləq deyildir.
Ona görə də məhkəmənin öz hökmündə ibtidai istintaq zamanı əldə edilmiş sübutlara istinad etməsi normal haldır və məhkəmənini yekun qərarının mütləq qaydada əsassızlığı kimi qiymətləndirilə bilməz.
Vüqar Babayev
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil