- 14:48
“Bu mənəm! Haqq danışan...”
Əşiya, 63:1
Hər şey şərəf, əxlaq və keçmişinə bağlılıqdan başlayır!
13 yanvar 1937-ci il tarixdə dövrünün ədliyyə naziri Şükrü Saracoğlu (1887-1953) “Avukatlık Kanunu”nun layihəsi haqqında çıxış edərkən “Vətəndaşın şərəf və mənfəətini müdafiə etmək vəzifəsini özünə peşə seçmiş şəxslərdən yüksək bir keyfiyyət, həqiqət və nəzakət axtarmaqdan daha təbii bir şey ola bilərmi...“ ifadəsini işlətməsi əbəs deyildir. Məhz bu ifadə öz təməlini milli, əxlaqi və mənəvi dəyərlər üzərində quran Cumhuriyyətin əsas məqsədlərindən biri olan vəkillik peşəsinin inkişafı timsalında işlədilmişdi. Çünki müəllif çıxışını bu istiqamətdə davam etdirərək demişdir: “Biz də layihəmizi Cumhuriyyətçi, millətçi, ləyaqətli, dövlətçi, realist rejimimizin, bir sözlə, Kamalizmin dərin izləri ilə möhkəmləndirməyə çalışmışıq... Dürüstlük və düzgünlük, bacarıq və xarakter hər bir peşədə vacib sayılan keyfiyyətlərdir. Lakin onların heç birində bu zərurət vəkillik peşəsində olduğu qədər açıq-aydın görünmür”.
Cumhuriyyətin vəkillik peşəsinin inkişafında xüsusi rola malik olmasını Türkiyə hüquq tarixində çox xüsusi bir yerə sahib olan böyük hüquqşünas, vəkil və mütəfəkkir Ali Haydar Özkent (1890-1961) müəllifi olduğu “Avukatın kitabı”nda (1940) xüsusi olaraq qeyd etmişdi: “...Cümhuriyyət, vəkillərin rifahını təmin etməklə yanaşı, həm də peşəsini bərqərar etdi, türk vəkillərinin şərəf və ləyaqətini xilas etdi, onu layiq olduğu vəzifəyə qaldırdı. Bunu etiraf etmək və təsdiqləmək peşənin, vicdanın və şərəfin borcudur.”
20 noyabr 1822-ci il tarixdə Fransa ədliyyə naziri Pierre-Charles de Serre (1776-1824) mövcud vəziyyəti nəzərə alaraq təcili hazırlanmış bir fərmanı – vəkillik peşəsinin “dövlət üçün zəruri bir institut” olmasını, vəkillərin müstəqilliyinə geniş yer verilməsini və vəkil etikasını özündə ehtiva edən “Ordonnance du Roi contenant règlement sur l’exercice de la profession d’avocat et la discipline du barreau”nu imzalamaq üçün dövlət başçısına (krala) təqdim etməyə tələsirdi, lakin fərmanın qəbulu üçün kralı razı salmaq olduqca zəruri idi və nazir sənədin üzərinə təsdiq üçün olduqca mühüm hesab edilən dolğun bir mətn hazırlayıb qoydu. Həmin dərkənarda vəkillik peşəsi barədə işlədilən cümlələr dövrü üçün mühüm naliyyət hesab oluna bilərdi və o cümlələrdən biri məhz belə idi: “...Vəkillik peşəsi o qədər nəcib, o qədər ucadır ki; onu şərəflə yerinə yetirmək istəyənlərin üzərinə elə vəzifələr, elə fədakarlıqlar qoyur ki; onun məhkəmə qərarlarını hazırlayan müzakirələr zamanı verdiyi bilik işığı dövlət üçün o qədər faydalıdır ki, Əlahəzrətin xoş nəzərini bu peşəyə cəlb etməyə etinasızlıq etsəm, ən mühüm vəzifələrimdən birində uğursuzluğa düçar olacağımdan qorxuram.”
Kral uzun müzakirə və düşüncədən sonra fərmanı imzaladı və 1822-ci ildə baş vermiş bu hadisə vəkillik peşəsinin müstəqilliyinə və prinsiplərinə hörməti bir daha nümayiş etdirmiş oldu. Lakin bu ilk belə rəsmi mövqe deyildi, buna qədər tarixdə oxşar mövqelər mövcud olmuşdu və bunların içərsində 1344-cü ildə yenə Fransada baş vermiş bir hadisə xüsusi əhəmiyyət kəsb edirdi. Nə idi bu hadisə? Dünyada ən müqəddəs hesab edilən vəzifələrdən biri – parlament önündə and içməkdir ki, bu adətən xüsusi şəxslərə aid edilir. Bəs vəkillər, onların Parlament önündə and içmələri mümkündürmü? 1344-cü ildə Fransa kralı Philippe VI de Valois (1293-1350) Paris Parlamentində (o dövrdə “parlament” – həm də ölkənin ali məhkəmə instansiyası funksiyasını həyata keçirirdi) vəkillərin fəaliyyətini tənzimləyən müvafiq fərmanı - “Ordonnance de 1344 sur les avocats”u - qəbul etdi. Məhz fərmana görə, vəkillərin hər il Parlament önündə and içmələri nəzərdə tutulurdu. Hər il hər bir vəkil düzgün, vicdanlı və sadiq olacağına, haqsız qazanc götürməyəcəyinə, məhkəməyə, kral qanunlarına və tərəflərə hörmətlə yanaşacağına, sui-istifadə etməyəcəyinə dair and içirdi. Sözügedən fərman 1789-cu ilə qədər qüvvədə olmuş və Avropada vəkillərin etik davranışına dair ilk sistematik model sayılmaqla tarixə öz möhürünü vurmuşdu.
Vəkillik tarixində daha mühüm bir hadisəni xatırlamaq üçün tarixin uzaq keçmişinə səyahət etməkdə fayda vardır.
Roma İmperiyasının sonlarına doğru mövcud vəziyyət nəzərə alınaraq müxtəlif sahələrdə baş verən əhəmiyyətli dəyişikliklər hüquq sahəsinə də çatmışdı. Tez-tez qəbul olunan qərarlar, İmperiyanın itirilmiş ərazilərinə münasibətdə dəyişir və cəmiyyətin qorunması üçün gözlənilən “qanun yumşalmaları” özünü daha qabarıq büruzə verməyə çalışırdı. Məhz bu illərdə, İmperator sarayından çıxan bir çapar Romaya sadiq siyasət yürütməsi ilə tanınan İllirya valisi Callicrates ((Kallikrat) I Yustinianın hakimiyyəti illərində (527–565) imperiyanın ən yüksək inzibati vəzifələrindən biri olan Pretorian Prefekti vəzifəsini icra etmişdir) üçün mühüm bir sənəd aparırdı. Bu sənəd – Bizans (Şərqi Roma) İmperiyasının hökmüdarı Justinian I (482-565) tərəfindən qəbul edilmiş Corpus Juris Civilis ilə bağlı edilmiş son əlavə idi. Həmin qanunda yazılırdı: “...İşlərdə şübhələri aradan qaldıran, həm cinayət, həm də mülki işlərdə pozulmuş hüquqları müdafiə gücü ilə qoruyan, itirilmiş hüquqları müdafiə edən vəkillərin əməyi döyüşərək, yaralanaraq atalarını, vətənini xilas etmək üçün göstərəcəkləri xidmətdən heç də az dəyərli deyil. Biz təqdir edirik ki, İmperiyamız (red: Roma İmperiyası nəzərdə tutulur) üçün müharibə aparanlar təkcə zireh geyinib qalxan daşıyanlarla məhdudlaşmır. Bu işlə vəkillər də məşğul olur. Çünki ümidi, həyatı, əzab çəkən həmvətənlərini müdafiə edən və onların şanlı səslərinin gücünə inanan kürsünün bu ustaları belə, eyni şeyi edirlər.”
Bütün bunlara qədər vəkillik peşəsi uzun bir yol keçmişdi, elə bir yol ki, o zaman hər şey fərqli idi, hətta insanlar da... O zamanlar; qayda və qanunların məcburi xarakterə malik olub nəzarətdə saxlanıldığı dövrdən öncə, əxlaqi borcun hakimiyyətdə olduğu vaxtlarda insanlar da, baxışlar da başqa idi, insanlar gələcəyə ümidlə baxmağa çalışırdılar, bunu bacarırdılar ya yox, bu tamam başqa müzakirə mövzusudur, əsas olan onların bəzi peşələrə, daha doğrusu peşə daşıyıcılarına inanılmaz dərəcədə yüksək baxışı idi. Məhz həmin zamanda göstərilən xidmətlərin böyük əksəriyyəti qazanc qarşılığında həyata keçirilirdi, lakin bəzi xidmətlər var idi ki, onlar üçün pul ödənilmirdi, bu insanların seçimi idi, xidmət gözləyən aldığı xidmətə götə hər hansı bir pulun verilməyəcəyini, xidmət göstərən isə göstərdiyi xidmətə görə hər hansı bir haqq almayacağını yaxşı bilirdi və ən əsası – xidmət göstərən xidmətinə görə haqq ala bilməzdi, təklif olunsa da bu mümkün deyildi, çünki ortada əcdadlarla bəslənən bir əxlaqi, mənəvi borc – imkansıza (ehtiyacı olana) kömək etmək – kimi niyyət dayanırdı, onu qorumaq, yaşatmaq lazım idi.
Təbii ki, təmənnasız xidmət göstərən peşə daşıyıcılarını qazancdan daha çox zəruri hesab olunan insani və əxlaqi münasibətlər maraqlandırırdı. Bu maraqlandırma nəticəsində təmənnasız xidmət göstərən insana qarşı (baxmayaraq ki, hər kəs belə insan olmağı bacarmırdı, yəni maddi ehtiyac təəssüf ki, çox hallarda insani dəyərləri üstələməyi bacarırdı) münasibət elə bir ali mərhələyə çatırdı ki, bu xidmət göstərən şəxsə maddi dəyərdən daha çox dəyər vermiş olurdu. İnsana isə onun əməllərinə verilən dəyərdən başqa heç nə lazımlı deyil, ola bilsin ki, bu zamanında dərk edilmir, lakin ədalətin gec də olsa öz yerini tapdığı kimi bu münasibətdə vaxtı yetişəndə insanın qarşısında dayanır, mərmər heykəl kimi, vəssalam!
Sonralar insanlar şəxsi inkişaflarını maddi ehtiyaclardan korlandığı qənaətinə gəldikləri dövrlər başladı ki, bu zaman istənilən xidmət sahəsi öz xidmətini nəinki haqq qarşılığında hətta özünün müəyyən etdiyi haqq qarşılığında göstərmək qərarına gəldi. Bax, o zaman insanlar arasında böyük bir uçurum yarandı, bu uçurum getdikcə böyüdü və nəticədə öz keçmiş köklərinə dayanıb bu uçurumun böyüməsinin qarşısını almağa çalışan insanların keçmişlə bağları tab gətirməyib qopmağa başladı. O zaman bu mübarizdə son imkan kimi son silahdan – qanunlardan istifadə edilməsi gündəmə gəldi, kimisi sərt, kimisi də bir qədər ehtiyatla bunu bəyan etdi. Qadağa var, o qadağa ki, istənilən zaman insanın öz insanlığından kənara çıxması halının qarşısını ala bilir, onu insanın arzuladığı deyil, hamı üçün lazımlı olan arzuolunan vəziyyətdə saxlayır.
Bu peşənin şərəfli olması o qədər diqqətdə olmuşdur ki, hətta zamanla vəkillik peşəsi haqqı ödənilməyən xidmət sahəsi sayılmışdır. Belə ki, Roma hüququnda vəkillik müqəddəs əxlaqi öhdəlik hesab olunaraq dostluq və himayədarlıq münasibətlərinin tərkib hissəsi kimi ictimai hörmətin başlıca göstəricisi sayılmışdı. Məhz buna görə Romada eramızdan əvvəl 204-cü ildə qəbul olunan “Lex Cincia de Donis et Muneribus” qanununa görə hüququ yardım göstərən şəxslərin pul və ya hədiyyə qəbul etməsi qadağan edilmişdir.
İllərlə davam edən bu münasibət insanların yaddaşına olduqca önəmli hesab olunan bir keçmişi həkk eləmişdir – hər şey pul qarşılığında edilə bilməz! Bəzi xidmətlər məhz insani, əxlaqi və əcdadların ruhuna hörmət prinsipləri üzərində edilməlidir. Bu münasibət anidən yaranmamışdı, hüquq üçün önəmli mənbəə hesab edilən adətlərə və əxlaqi dəyərlərə söykənərək meydana gəlmişdi. Odur ki, Roma hüququnda rəsmi qaydaya çevrilən bu münasibət zaman-zaman öz təsdiqini digər sahələrdə - dini, əxlaqi və hüquqi mənbələrdə tapmağı bacardı. Bunlardan, əgər keçən zamanı təhlil etsək o zaman əminliklə deyə bilərik ki, başlıcası din idi. Belə ki, dini mənbələrə qədər irəliləmiş təmənnasız müdafiə institutu öz mövcudluğunu geniş şəkildə təsdiq etsə də, bunun başlıca olaraq yalnız Tanrıya məxsusluğunu diqqətə çatdırmış oldu, yəni, zəiflərə, kimsəsizlərə, ümumiyyətlə ehtiyacı olanlara təmənnasız kömək etmək, yardım göstərmək, müdafiəsinə qalxmaq yalnız Tanrıya məxsus idi. Məhz Müqəddəs Kitabda (Tövrat, Zəbul, İncil) təmənnasız xidmət göstərmə öz əksini Tanrının xidməti kimi tapmışdır.
Tanrı yetimlərin atası, dul qadınların müdafiəçisi (“Zəbur”, 68:5), zalımın əlindən kasıbı qurtaran (“Əyyub”, 5:15), insanların müdafiəçisi (“Qanunun təkrarı”, 10:18; 32:4) hesab olunurdu və təbii ki, bu xidmət (müdafiə) təmənnasız həyata keçirilirdi. Hətta bunların təsdiqi kimi, İncildə “bizim günahlarımız üçün Tanrı yanında bir vəkilimiz var” (“Yəhya”, 2:1) deyə əvəzsiz bir ifadə də mövcuddur.
Dini baxışlar bununla məhdudlaşmırdı, genişləndikcə təmənnasız xidmət ilə bağlı münasibətlərdə genişlənirdi və bu genişlənmə İslam dinində özünü rahat şəkildə cəmiyyətin diqqətinə çatdırdı. Belə ki, İslam dininin müqəddəs kitabı olan Quranda Allahın “müdafiəçi” qismində rolu müxtəlif istiqamətlərdən vəli (hami, müdafiəçi), həfiz (qoruyan), nasir (müdafiə edən), vəkil (işləri üzərinə götürən) kimi nəzərdə tutulmuşdur: “Sizin Vəliniz yalnız Allah, Rəsulu və iman gətirənlərdir” (“Maidə” 5:5), “Allah onların üstündə həfizdir” (“Nisa” 4;1), “Allah bəndələrini ən yaxşı qoruyandır” (“Yusif” 12:64), “Allah sizə kifayətdir; O, necə də gözəl vəkildir və necə də gözəl yardımçıdır” (“Əhzab” 33:48), “Allahın özü kifayətdir vəkil olaraq” (“Nisa” 4:81), “Allah zülmə uğrayanları mütləq müdafiə edər” (“Həcc” 22:38).
Müxtəlif cəmiyyətlərdə vəkilliklə bağlı, xüsusilə Fransada “Ordre des avocats” (1274) və İngiltərədə “Inns of Court” (1300) institutları mövcud olsalar da vəkilliyin şərəfli peşə olması ilə bağlı müvafiq qeydlər XVIII əsrdən başlayaraq rəsmi sənədlərdə “vəkillik şərəfli peşədir” ifadəsi işlənməklə başlandı.
Daha sonra bu institut beynəlxalq səviyyədə müxtəlif qurumlar (Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və s.) tərəfindən nəzərə alınaraq qəbul olunan beynəlxalq sənədlərdə - “Basic Principles on the Role of Lawyers” (1990), “Code of Conduct” (1988–2006), “International Bar Association Standards” (1990, 2011) də öz təsdiqini tapmağı bacardı. Sözügedən mühüm əhəmiyyətli sənədlərdə ümumi anlamda vəkillik “cəmiyyətin ədalət sisteminin ayrılmaz və şərəfli hissəsi” kimi təqdim olunurdu.
Bu gün vəkillik fəaliyyətinə başlayan biri mütləq şəkildə vəkil andı içir və bu andın mətnində olan sözlərdən biri də “şərəf” sözüdür ki, vəkil vəzifələrini şərəflə yerinə yetirməyə söz verir. Odur ki, bir vəkil üçün peşədə şərəfli olmaq çox mühümdür.
Həmçinin, peşədə şərəfli olmaq başqalarının şərəfini düşünməklə, vəkil etikasına əməl etməklə, vəkil tərəfindən peşə fəaliyyəti həyata keçirilərkən insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməkdir.
Şərəfli vəkil olmaq həm də qanundan öz mənafeyi üçün istifadə etməmək, həqiqəti gizlətməmək, peşə statusundan sui-istifadə etməməkdir, çünki vəkil tək qanuna deyil, eyni zamanda həqiqətə xidmət edir. Məhz bunun üçündür “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun, eləcə də “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamənin mətnində (2.7, 4.3, 5.3-cü bəndlər) bir neçə dəfə “şərəf” sözü işlədilir. Unutmaq olmaz ki, vəkillik peşəsinin şərəfini qorumaq vəkilin öz şərəfini qorumağa bərabərdir!
Bu yolda maneənin olmasını da unutmaq olmaz, maneə hər zaman vəkilin qarşısına çıxa bilər, onunla mübarizə aparmağa, döyüşməyə vəkil hazır olmalı, imkan verməməlidir ki, maneə onu üstələsin. Bunun üçün cox güclü əqidə lazımdır.
İtaliyalı siyasi xadim Nikkolo Makiavelli (1469-1527) insanlara məsləhət görürdü ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün heç bir vasitədən (hətta riyakarlıq, aldatmaq, xəyanət və öldürməkdən) çəkinməsinlər. Məhz bu ideyanın əsasında məqsədə çatmaq üçün heç bir mübarizə vasitəsindən çəkinməyən siyasət – makiavellizm yaranmışdı. Vəkil üçün məqsədə çatmaq nədir? Cinayət törətməkdə günahlandırılan bir şəxsin azad olunması üçün qarşısına məqsəd qoyan və bu məqsəd üçün istənilən (hüquqazidd olsa belə) vasitədən istifadə etmək, baxmayaraq ki, iş yekunda uğurla nəticələnəcəkdir. Yaxud öz xidmətini peşəkarlıqla həyata keçirməyi qarşısına məqsəd qoyan və bunun üçün qanunun verdiyi imkanlardan yetərincə faydalanmaq, baxmayaraq ki, iş yekunda uğurla nəticələnməyə bilər. Axı, qanun vəkilə yalnız qanunda nəzərdə tutulan, imkan verilən hallardan istifadə etməklə öz məqsədinə çatmağı məsləhət görür. Odur ki, makiavellizm siyasətini bu şərəfli peşəyə gətirmək peşə prinsiplərinə xəyanət etmək deməkdir.
Bundan başqa, vəkil kimsənin onun pəncərəsinə daş atmasına şərait yaratmamalıdır. Atılan daş bir şüşənin qırılması deməkdir, bir şüşənin qırılması cəmiyyətin nəzərində şüşə sahibinin necə biri olduğunu çatdırmaqdadır. Odur ki, daşın atılmasına imkan vermək olmaz, əgər daş atılmışsa, şüşə sınmışsa, o zaman bundan yaxşı dərs çıxartmaq lazımdır, dərhal şüşəni bərpa etmək (“Sınıq pəncərə” nəzəriyyəsi) və bir daha daşın atılmasına şərait yaratmamaq. Çox təəssüf ki, bəzən kimsənin atdığı daşı, həmin daşın sındırdığı şüşəyə acizanə, yaxud etinasız yanaşan vəkillər də mövcud olur və onlar bu hadisədən nəinki müvafiq dərs alırlar, əksinə bununla heç maraq dairələrini belə dəyişmirlər. Nəticədə daş atanların sayı çoxalır, nəticədə qırılan şüşələrin sayı çoxalır və cəmiyyət növbəti dəfə şərəfli peşənin şərəfli davranmayan bir daşıyıcısının qürub etməsini sakit-sakit seyr edir.
Bəs bizim aləmimizdə vəkil şərəfi nədir; qanunun sözünə sadiqlik, yoxsa vicdanın tələbini yerinə yetirmək? Bəzən belə etik dilemma qarşısında qalmağın da bir çətinliyi mövcuddur, lakin həqiqət – qanunun sözünə sadiqlik öz sözünü deməkdədir. Axı həqiqət gizlədilə bilməz, o gec-tez öz yolunu tapacaq, özünü diqqətə çatdıracaq və o zaman həqiqət yolunda çalışanlar da, bu yolda həqiqəti gizlədənlər də aşkara çıxacaq. Bax, o anda ədalət adlı bir qonaq gəlib düz yolun üstündə dayanacaq və həqiqəti gizlətməyə çalışanlara qarşı öz acımasız simasını göstərəcək, məgər bundan yaxşı bir şey olarmı, olmaz!
Unutmaq olmaz ki, vəkillik peşəsi cəmiyyətin dayaqları arasında xüsusi dəyərə malik olan bir missiyadır. Bu peşənin mahiyyəti yalnız hüquqi biliklərdən ibarət deyil; burada insanın vicdanı, sözünün bütövlüyü, əqidəsi və mənəvi möhkəmliyi ilə sınağa çəkilən bir şərəf borcu dayanır. Şərəf borcunu lazımınca yerinə yetirmək isə seçilmiş insanlara xasdır. Odur ki, bu peşəyə gələrkən seçilmiş insanlardan olun, çünki vəkillik belə insanlara görə əsrlərdir ki, insan hüquqlarının ən möhkəm qalası, ədalətin ən vacib dayağı olaraq yaşayır.
Paşa Səfərov
Vəkillərin İntizam Komissiyasının üzvü,
Vəkillərin Deontologiya Komitəsinin sədri