- 16:50
2025-ci il dövlətimiz və xalqımız üçün çox əlamətdar hadisələrlə zəngin olan bir tarixdir. Artıq Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi və Vətən müharibəsindəki qələbəmizin 5-ci il dönümü böyük təntənə və coşqu ilə qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilmişdir. Bu Sərəncamda digər vacib məsələlərlə yanaşı Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsini zəruri edən səbəblər də göstərilmişdir.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən zaman qarşıya qoyulan əsas vəzifələrdən biri də yeni Konstitusiyanın qəbul edilməsi olmuşdur. Bu ali məqsəd 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında öz əksini tapdı. Həmin sənəddə qeyd edilirdi ki, Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.
Amma 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində bu ümdə vəzifə yerinə yetirilmədi. Eyni zamanda cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, ölkədə özbaşınalıq, anarxiya baş verdi və dövlət idarəçiliyinin formalaşması mümkün olmadı. Ölkədəki vəziyyətin qeyri-sabitliyi və cəmiyyət daxilində gedən neqativ proseslər Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə və torpaqlarımızın 20 faizinin işğal altına düşməsinə münbit şərait yaratdı.
Ölkənin 1993-cü ilin may-iyun aylarında parçalanması və müstəqlliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmasını görən müdrik xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən ali hakimiyyətə qayıtdı və Ulu Öndərin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı qətiyyətlə alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət qurucluğu üçün etibarlı zəmin yarandı. Mövcud ictimai-siyasi vəziyyət müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasını diktə edirdi.
Qısa vaxt ərzində ölkədə ictimai-siyasi sabitliyi bərpa etməyə nail olan Heydər Əliyev konstitusiya islahatlarının həyata keçirilməsi, qanunun aliliyi prinspinin möhkəmləndirilməsi və digər ciddi tədbirlərin aparılması məqsədilə Hüquqi İslahatlar Komissiyasının yaradılması haqqında fərman imzaladı. Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı. Dəfələrlə Konstitusiya lahiyəsinin açıq və gərgin müzakirəsini keçirən Umummilli Lider onun müasir və demokartik dəyərləri özündə ehtiva edən formada hazırlanması üçün gərgin əmək sərf etdi. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanunun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü-ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, - deyə Heydər Əliyev müzakirələr zamanı bildirmişdir. Davamlı və gərgin müzakirələr nəticəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan mükəmməl Konstitusiya layihəsi 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və Azərbaycanda dövlət quruculuğu prosesinin uğurlu mərhələsi başlandı.
Ümummilli Liderin müzkirələr zamanı qeyd etdiyi proqram xarakterli tövsiyələrə uyğun olaraq Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri də dəqiq şəkildə öz ifadəsini tapmışdır. Hakimiyyətin üç qolu arasında səlahiyyətlərin bölünməsinin dəqiq şəkildə təsviri Azərbaycanda mükəmməl idarəetmə sisteminin yaradılmasına xidmət göstərir və bunun əhəmiyyətini bilmək üçün, Əsas Qanunda öz əksini tapmış müddəaların mahiyyətinə diqqət yetirmək kifayətdir. Belə ki, burada icra hakimiyyətinin Prezidentə, qanunverici hakimiyyətin Milli Məclisə, məhkəmə hakmiyyətinin isə məhkəmələrə aid olduğu göstərilir ki, bu da müasir dünyanın qəbul etdiyi normalara tamamilə uyğundur.
Əsas Qanunun qəbul edilməsi Respublikamızın müasir tarixinin çox əlamətdar siyasi hadisəsidir. Ona görə də noyabr ayının 12-si Azərbaycan Respublikasında Konstitusiya günü kimi qeyd edilir. Bununla da hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu, Azərbaycanın iqtisadi və sosial inkişafı üçün hüquqi əsaslar yaradıldı.
Azərbaycan Respublikasının Konstitusiyası möhtəşəm 30 il ərzində çox geniş inkişaf yolu keçmiş, qəbul edildiyi 1995-ci ildən bəri üç dəfə 2002-ci, 2009-cu və 2016-cı illərdə - Azərbaycan Respublikası Konstitusiyasının mətnində ümumxalq səsverməsi (refendum) yolu ilə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əsasən cəmiyyətin inkişafı və dövlət idarəçiliyinin təkminləşdiriməsi məqsədilə həyata keçirilmişdir. Belə ki, 24 avqust 2002-ci ildə keçirilən referendumda Konstitusiyanın 24 maddəsində 29 əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər insan hüquqlarının qorunması, seçki sisteminin təkmilləşdirilməsi və dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi kimi sahələri əhatə etmişdir. 18 mart 2009-cu il tarixində keçirilən ümumxalq səsverməsi (referendum) ilə Azərbaycan Respublikası Konstitusiyasının 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər arasında prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması kimi mühüm yeniliklər yer almışdır.
26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində (referendumda) Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkminləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə aparılmışdır. Qeyd edilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası vətəndaşlarının yekdil qərarı ilə idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Beləliklə, 3 müxtəlif dövrdə Azərbaycan Respublikasının Konstitusiyasına edilən müvafiq əlavə və dəyişikliklər Əsas Qanunun yeni dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət etmişdir. Məsələn, yeni dövrdə ölkəmizdə siyasi idarəetmənin təkmilləşdirilməsi, idarəetmə sisteminin optimallaşdırılması tədbirlərinin tərkib hissəsi kimi 2016-cı ildə Birinci vitse-prezident və vitse-prezidentlik institutunun yaradılması idarəetmədə çevikliyi və operativliyi artırmaq məqsədi daşıyırdı. Bu, xüsusilə fövqəladə hallarda və uzunmüddətli strateji məsələlərin həllində daha effektiv idarəetmə mexanizmi təmin etmək üçün nəzərdə tutulmuşdur. Konstitusiyada aparılan dəyişiklikdən sonra 2017-ci ilin fevralında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilən Mehriban xanım Əliyevanın bu vəzifədə dövlətimizə, xalqımıza, cəmiyyətimizə verdiyi tarixi töhfələr idarəetmədəki bu yeniliyin nə qədər mütərəqqi xarakter daşıdığını və vaxtında atılmış addım olduğunu bir daha göstərir.
Qürur hissi ilə qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi və Silahlı Qüvvələrin gücü ilə 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü il sentiyabr ayının 19-20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərpa olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentiyabr tarixli 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Noyabr ayının 8-də Bakının Azadlıq Meydanında qələbənin 5 illiyinə həsr edilmiş möhtəşəm hərbi parad bir sıra yeniliklərlə son illərdə də Silahlı Qüvvələrin sürətli inkişafının bariz nümunəsini əks etdirdi.
Əminliklə qeyd etmək olar ki, bundan sonra da Azərbaycan dövləti Konstitusiyamızın qəbulundan ötən növbəti onillikləri də yeni-yeni tarixi nailiyyətlərlə qarşılayacaqdır.
Leyla Əliyeva,
Gəncə İnzibati Məhkəməsinin hakimi