Şəhid anası: "Oğlumun nəşi 9 ay sonra tapıldı"


  • 27 Sentyabr 2023 18:35

"Oğlum 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə yaralanıb və yaralı halda Kələbəcərə keçib. Şəhid olduqdan sonra oğlumun cəsədi 9 ay neytral zonada qalıb. Uzun müddət davam edən axtarışlardan sonra 2021-ci il iyulun 10-da nəşi tapılıb".

Bu sözləri e-huquq.az-a açıqlamasında şəhid Əkbər Pənahovun anası Mayqa Alməmmədova Anım Günü ilə əlaqədar II Şəhidlər Xiyabanını ziyarəti zamanı deyib.

"Mən də 9 ay Əkbərin yolunu gözlədim. 9 ay sonra oğlumun cənazəsi gətirildi. "Ana və poçtalyon" şeirində deyildiyi kimi: Dörd ay vardı, ananın gözləri yol çəkirdi, başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.... Həmişə deyirdim ki, sağdırsa sağ, şəhid olubsa, cənazəsi gəlsin. Onun igidliyi və qəhrəmanlığı haqda danışmaq çox çətindir. Əkbərin atası da Birinci Qarabağ Müharibəsi veteranıdır. 30 il əvvəl itirdiyimiz torpaqlar oğlumun 30 yaşında geri qayıtdı. Ondan bizə iki oğul övladı yadigar qalıb. Övladlarını vətənə əmanət qoyub gedib. Bizim övladlarımız torpaqlarımız uğrunda qəhrəmancasına döyüşüblər. Şəhid anası olaraq Anım Günündə çox həyəcanlı və qürurluyam. Amma ana ürəyidir, dözmür. Bu gün şəhid övladlarımızın məzarını ziyarət edən, onları unutmayan hər kəsə təşəkkür edirəm. Şəhidlər unudulmazdır. Allah hamısına rəhmət eləsin", - deyə şəhid anası bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər