Beynəlxalq axtarışda olan şəxs Bodrumda saxlanıldı


  • 09:32

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda Fransa tərəfindən qırmızı bülletenlə beynəlxalq axtarışa verilən Azed Eddine Trari polis əməliyyatı nəticəsində saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının birgə apardığı araşdırma zamanı Trarinin Bodrumda olduğu müəyyən edilib.

Məlumata görə, Fransa hüquq-mühafizə orqanları Azed Eddine Trari barəsində cinayətkar təşkilata üzvlük, narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ittihamları ilə qırmızı bülleten çıxarıb.

Araşdırma zamanı şübhəlinin Samsun Vilayət Miqrasiya İdarəsi tərəfindən Mərakeşin 1988-ci il aprelin 12-də anadan olmuş vətəndaşı Mouaad Boudhaine adına verilmiş saxta şəxsiyyət vəsiqəsi və pasportdan istifadə etdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları onun saxta sənədlərlə icarəyə götürdüyü avtomobillə Bodruma gəldiyini müəyyən edib. Sentyabrın 19-da avtomobil saxlanılıb. Əməliyyat zamanı avtomobildə olan Azed Eddine Trari saxlanılaraq polis şöbəsinə aparılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər