- 14:26
Bakıda 16 yaşlı oğlan parfumeriya mağazasından oğurluq edib.
E-huquq.az xəbər verir ki, hadisə gecə saat 03 radələrində “Memar Əcəmi” metrostansiyası yaxınlığında baş verib.
Məhkəmə materiallarına görə, 2010-cu il təvəllüdlü Rəşid İsmayılov (şərti ad-soyad) “Soel” parfumeriya mağazasının qarşısına gəlib. O, istintaqla növü müəyyən edilməyən alətin köməyi ilə mağazanın giriş qapısını açaraq içəri daxil olub.
İsmayılov mağazada saxlanc yeri kimi istifadə olunan şkafın siyirməsindən 237 manat pulu gizli şəkildə götürərək hadisə yerindən uzaqlaşıb.
Məhkəmədə ifadə verən yetkinlik yaşına çatmayan şəxs bildirib ki, tez-tez yaşadığı evdən qaçaraq Bakı şəhərində həmyaşıdları ilə birlikdə qalır. Onun sözlərinə görə, hadisə günü dostu Anarla birlikdə Xırdalanda evdən çıxaraq Bakı şəhərinə gəliblər.
İsmayılov bildirib ki, pulları olmadığı üçün oğurluq etmək qərarına gəliblər. Onlar 20 Yanvar metrosu istiqamətindən piyada hərəkət edərək “Şamaxinka” adlanan əraziyə, daha sonra isə 20 Yanvar küçəsinə gediblər. Burada “Soel” parfumeriya mağazasını görərək oranı soymaq qərarına gəliblər.
Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, dostu Anarın üzərində “atferka” olub və həmin aləti ona verib. R.İsmayılov mağazanın qapısının kilidini həmin alətlə qurdalayaraq açıb və içəri daxil olub. O, üzünün görünməməsi üçün başına kapüşon keçirib.
Mağazada ətirlərə toxunmayan R.İsmayılov satıcının oturduğu tərəfə keçərək şkafın siyirməsini açıb. Burada karton qutunun içərisində 5, 10 və 20 manatlıq əskinaslardan ibarət pul gördüyünü və həmin pulları götürdüyünü bildirib. O, mağazadan çıxarkən qapını bağlayıb, daha sonra pulların arasında olan qəbzləri və istifadə etdiyi aləti atıb.
R.İsmayılovun sözlərinə görə, dostu ilə birlikdə daha sonra 20 Yanvar metrosu yaxınlığındakı “Amin” internet klubuna gediblər. Oğurladığı pulları saydıqda təxminən 200 manat olduğunu görüb. Bir müddət internet klubunda qaldıqdan sonra taksi ilə Xırdalana gediblər. Orada “Marakan” oyun salonunda “PlayStation” oynayıb, yemək və içkilərə pul xərcləyiblər.
Təqsirləndirilən şəxs oğurladığı pulun demək olar ki, hamısını burada xərclədiyini bildirib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları R.İsmayılovu və onun dostunu Xırdalanda saxlayaraq polis şöbəsinə aparıblar.
Məhkəmə iclasında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışdığını bildirib. O, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə R.İsmayılov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə