- 12:31
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində anasına xəsarət yetirməkdə təqsirləndirilən Zaur Rəhimovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisə Z.Rəhimovun anası S.Rəhimova ilə yaşadığı evdə baş verib. Ana oğluna yemək vermədiyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı 21 yaşlı Z.Rəhimov anasının başına və qoluna bir neçə dəfə zərbə endirib. Nəticədə S.Rəhimovanın sol gözünün ətrafında və sol bazu nahiyəsində qançırlar yaranıb.
Məhkəmədə ifadə verən Z.Rəhimov özünü təqsirli bilməyib. O bildirib ki, hadisə zamanı anası ilə mübahisə edib və divanın nalçasını ona tərəf atıb. Lakin anasına əli ilə zərbə vurmadığını deyib.
Lakin məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi də elan edilib. Həmin ifadəsində Z.Rəhimov özünü təqsirli bildiyini və mübahisə zamanı anasının baş nahiyəsinə bir neçə dəfə zərbə endirdiyini söyləyib. İbtidai istintaq zamanı Z.Rəhimov bildirib ki, anası ilə əvvəllər də mübahisələri olub. Mübahisələrin əsas səbəbinin anasının rəfiqələrinin evə gəlməsi və bu zaman özünü narahat hiss etməsi olduğunu deyib.
Hadisə günü saat 23 radələrində evə gəldiyini və anasından yemək istədiyini bildirən Z.Rəhimov anasının onunla əsəbi danışdığını, bundan sonra aralarında mübahisə yarandığını qeyd edib. O, anasının yüksək səslə qışqırdığını, onu sakitləşdirməyə çalışdığını, lakin mübahisənin daha da şiddətləndiyini və nəticədə anasının başına bir neçə dəfə vurduğunu etiraf edib.
Məhkəmədə zərərçəkmiş S.Rəhimova isə oğlunun çılğın xarakterli olduğunu və evdə tez-tez mübahisə yaratdığını bildirib. O, hadisə günü aralarında mübahisə baş verdiyini, oğlunun onu əli ilə itələdiyini və bunun nəticəsində xəsarət aldığını deyib. S.Rəhimova hazırda oğlu ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib.
Bununla yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi də məhkəmədə elan olunub. Həmin ifadəsində S.Rəhimova hadisə zamanı oğlunun onun baş nahiyəsinə əli ilə bir neçə dəfə vurduğunu bildirib.
Məhkəmə iş üzrə toplanmış digər sübutları da qiymətləndirərək yekun qərar qəbul edib.
Məhkəmənin hökmünə əsasən, Z.Rəhimov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə