Bakıda sevgilisini küçədə döydü: "Mesajları gördüm, xəyanətdən şübhələndim"


  • 12:31

Sabunçu Rayon Məhkəməsində qadına xəsarət yetirməkdə təqsirləndirilən Ceyhun Ağayevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisə axşam saatlarında zərərçəkmiş Leyla Babayevanın (şərti ad-soyad) yaşadığı ünvanın yaxınlığında baş verib. Belə ki, tərəflər arasında münaqişə yaranıb. C.Ağayev L.Babayevanın ona xəyanət etdiyini iddia edib. Mübahisə zamanı o, L.Babayevanın boyun nahiyəsindən tutaraq sifət nahiyəsinə sillə vurub və onu yerə yıxıb. Nəticədə qadın xəsarət alıb.

Məhkəmədə C.Ağayev ittiham üzrə özünü təqsirli bilib. O, L. Babayeva ilə sevgi münasibətində olduğunu, ailə qurmağa hazırlaşdıqlarını və hadisə günü onun telefonuna gələn mesajlardan xəyanət etdiyini düşündüyünü bildirib. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və L.Babayeva ilə barışdığını deyib.

L.Babayeva da məhkəməyə təqdim etdiyi ərizədə C.Ağayevlə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə C.Ağayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli olduğuna qərar verib. Hökmə əsasən, C.Ağayev aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər