Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçiliyinin hüquqi və tarixi sütunları


  • 12:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunmuşdur.

Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir.

Bildiyiniz kimi, "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" feilindən əmələ gəlmişdir. Konstitusiyanın hazırda bütün dünyada istifadə olunan forması isə ilk dəfə 1787-ci ildə ABŞ-də qəbul olunmuşdur. Düzdür buna qədər müxtəlif vaxtlar ayrı-ayrı dövlətlərdə qanunlar toplusu olsa da, lakin, tarixi aspektdən 1787-ci il ilk konstitusiyanın qəbul edildiyi tarix hesab edilir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla, hüquqi dövlətin təməlini formalaşdırır, vətəndaşların hüquq və azadlıqlarını təmin edir. Suverenlik isə xalqın öz taleyini sərbəst şəkildə müəyyən etmək hüququnu, dövlətin öz ərazisində ali hakimiyyətə malik olmasını və beynəlxalq aləmdə müstəqil subyekt kimi çıxışını ifadə edir.

Suverenlik siyasi və hüquqi termin kimi böyük fransız filosofu, yazıçı, ictimai və elm xadimi Jan-Jak Russo tərəfindən istifadə edilməyə başlanılmış və siyasi praktikaya daxil edilmişdir. Russo öz əsərlərində xalq suverenliyi nəzəriyyəsini inkişaf etdirmiş, onun və siyasi həmfikirlərinin səyləri nəticəsində Fransa konstitusiyasında xalqın suverenliyi prinsipi elan edilmişdir.

Bəzi hallarda suverenlik barədə fikir bildirəndə çaşqınlıq yaranır və bu hal nəinki sadə insanlarda, hətta mütəxəssislər arasında da baş verir.

Hüquqi termin kimi suverenlik, suverenitet (fr. souveraineté - ali hakimiyyət) ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.

Lakin, çox vaxt suverenlik və müstəqillik sinonim kimi istifadə edilir və əksər hallarda fərqləndirilmir. Misal üçün Azərbaycan dilində “suverenlik və müstəqillik”, rus dilində «суверенитет и независимость», ingilis dilində “sovereignty and independence” kimi səslənən sözlər mənaca çox yaxın olsalar da, mahiyyətləri ayrıdır. Suverenlik nədir və əsas meyarları hansı hesab olunur, müstəqillikdən fərqi nədir?! Əksər dövlətlər əvvəl de-yure müstəqillik əldə edirlər, sonra isə suverenlik. Çox nadir dövlətlər var ki, əvvəl suverenlik əldə ediblər (misal uçün Laos, Kambodja), sonra isə öz müstəqilliklərini elan edə biliblər. Hətta bu gündə dünyada bəzi dövlətlər var ki, müstəqil olsalar da, suveren deyillər. Suverenlik qanuni hüquq kimi ötürülə bilər, müstəqillik isə keçə bilməz. Müstəqillik suverenliyin xarici aspektinin müəyyən hissəsidir. Demək olar ki, müstəqil dövlət xarici muxtariyyətin formal atributlarına (bayraq, gerb, BMT-yə üzvlük) malik ola bilər, eyni zamanda suverenliyin tam həyata keçirilməsi daxili hakimiyyətin səmərəli şəkildə həyata keçirilməsini də nəzərdə tutur. Suverenlik beynəlxalq hüququn təməl prinsipi və eyni zamanda istənilən dövlətçiliyin təməl daşıdır. Dövləti suveren adlandırmaq üçün təkcə formal xarici atributlar (digər ölkələr tərəfindən tanınma, beynəlxalq təşkilatlara üzvlük) deyil, həm də onun ərazisində hakimiyyəti həyata keçirmək üçün real imkan lazımdır.

Bu prizmadan Azərbayan tarixinə nəzər yetirdikdə biz müəyyən halları görə bilərik.

Azərbaycan xalqı tarix boyu azadlığı və suverenliyi uğrunda mübarizə aparmışdır. Təəsüflə qeyd etmək lazımdır ki, obyektiv və subyektiv səbəblərdən uzun müddət bizim müstəqilliyimiz və suverenliyimiz olmamışdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrinin və müstəqil düşüncəsinin bariz nümunəsi olmuşdur. Lakin, Cümhuriyyətin ömrü qısa - cəmi 23 ay çəkmiş, bundan sonra Azərbaycan uzun illər SSRİ-nin tərkibində qalmışdır.

SSRİ-nin tərkibində olan zaman bir-neçə dəfə Konstitusiyalarmız qəbul olunmuş, lakin, bizim heç vaxt suverenliyimiz olmamışdır.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə xalqımız yenidən öz müstəqilliyini bərpa etmişdir. Lakin, həmin vaxtlar Ermənistanın hərbi təcavüzü, daxili siyasi qarşıdurma və iqtisadi tənəzzül dövlətçiliyimiz üçün ciddi təhlükə yaratmışdır. Belə bir vəziyyətdə xalqın təkidi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan xilas etmiş, sabitlik və inkişafın təməlini qoymuşdur.

Tam əminliklə demək olar ki,1990-ci illərin əvvəllərində biz müstəqilliyimizi elan etsək də, xarici qüvvəllərin təsiri altından çıxa bilməmişdik və yalnız xalqın çağırışı ilə Ulu Öndər hakimiyyətə gəldikdən sonra apardığı müdrik siyasəti nəticəsində suverenliyimiz əldə olunmuşdur. Suverenlik hər bir xalq üçün ən böyük dəyər, ən ali nemətdir. Bu dəyərləri qazanmaq və qorumaq xalqın tarixi yaddaşı, milli birliyi və dövlətçilik iradəsi ilə bağlıdır.

Bundan sonra, Ulu Öndərin rəhbərliyi ilə hüquqi dövlət quruculuğunun ən mühüm mərhələsi - müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması prosesi başlandı. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə yeni Konstitusiya layihəsini hazırlamaq üçün komissiya yaradıldı və bu komissiyaya Ümummilli Lider Heydər Əliyev sədrlik etdi.

Ümumilli Lider Konstitusiyanın gələcək nəsillər üçün sabit, demokratik və müasir dövlətin hüquqi təminatçısı olmalı olduğunu xüsusi vurğulayaraq deyirdi: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun olsun.”

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində xalqımız 94,5 faiz səs çoxluğu ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasını qəbul etdi. Bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən etdi, qanunun aliliyini, insan hüquq və azadlıqlarını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını və demokratik idarəetmənin prinsiplərini təsbit etdi.

Artıq bizim istər hüquqi, istərsə də faktiki həm müstəqiliyyimiz, həm də suverenliyimiz təsdiq olunmuş, dövlətimizin öz Konstitusiyası qəbul olunmuşdur.

Konstitusiya suverenliyi dövlətin əsas dayağı kimi müəyyənləşdirmiş, Azərbaycan Respublikasının daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul etmək hüququnu birmənalı şəkildə təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, bütün normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmalıdır. Bu prinsip hüquqi sabitliyin, qanunçuluğun və dövlət idarəçiliyində məsuliyyətin əsas təminatıdır. Konstitusiya yalnız normativ sənəd deyil, həm də dövlətin legitimliyinin, hüquqi iyerarxiyanın və sosial ədalətin təminatçısıdır.

Müəyyən müddət keçdikdən sonra yeni ictimai münasibətlərin hüquqi tənzimlənməsi zərurəti yaranmış, bu da Konstitusiyaya dəyişikliklərin edilməsini şərtləndirmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə Əsas Qanuna əlavə və dəyişikliklər edilmiş, bu dəyişikliklər insan hüquqlarının müdafiəsini gücləndirmiş, dövlət idarəçiliyini təkmilləşdirmiş, hüquqi və demokratik islahatların dərinləşməsinə xidmət etmişdir.

Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları da hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Azərbaycan Respublikasında məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmə fəaliyyətinə müdaxilənin yolverilməzliyi, qərarların ədalət və qanunçuluq prinsipləri əsasında qəbul edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Konstitusiyanın tələblərinə uyğun olaraq məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi praktik müstəviyə daşınmış, hakimlərin seçim və təyinat mexanizmi təkmilləşdirilmiş, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti şəffaf və hesabatlı idarəetmə modelinə əsaslanmışdır. Bu tədbirlər nəticəsində məhkəmə sisteminə ictimai etimad xeyli artmış, hüquqi ədalət prinsipi real məzmun kəsb etmişdir.

Qeyd etmək istərdim ki, digər həmkarlarım kimi şəffaf və obyektiv tətbiq olunan qaydalar əsasında hakimlər sırasına daxil olmağım mənim uşaqlıq arzumun həyata keçirilməsi ilə bərabər dövlətimiz üçün öz sahəmdə xidmət etməyimə imkan verir və bu hal, məndə böyük fərəh hissi yaratmışdır.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyətidir. 1990-cı illərin əvvəllərində Ermənistan BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi xalqımızın suverenlik uğrunda apardığı mübarizənin zirvəsi olmuş və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad etmiş, dövlətimizin ərazi bütövlüyü və Konstitusiya quruluşu bərpa edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən, hər il sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi qeyd olunur. Bu qərar Azərbaycanın müstəqilliyinin və suverenliyinin əbədiliyini təsdiqləyən mühüm tarixi hadisədir.

“Konstitusiya və Suverenlik İli” həm də gənc nəslin milli dəyərlərə, dövlətçilik ideyalarına və hüquqi mədəniyyətə bağlılığının gücləndirilməsi üçün mühüm fürsətdir. Bu il ərzində həyata keçirilmiş tədbirlər gənclər arasında konstitusiya biliklərinin artırılmasına, dövlətçilik şüurunun formalaşmasına və Azərbaycan vətəndaşı olmaq qürurunun dərinləşməsinə xidmət etmişdir.

Biz daima Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərini rəhbər tutmalıyıq: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq”.

Nərmin Abiyeva

Xaçmaz Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər