Qətnamə və ya hökmləri daha çox ləğv olunan hakimlərlə bağlı hansı tədbirlər görülməlidir? - SORĞU


  • 27 İyul 2021 12:55

Azərbaycanda elə hakimlər var ki, onların çıxardığı qərar, qətnamə və hökmlərin əksəriyyəti yuxarı instansiya məhkmləri tərəfindən ləğv olunur. Hətta bir müddət öncə Ali Məhkəmə qərarları daha çox ləğv olunan hakimlərin adlarını da açıqlamışdı. Bəs, qərarları daha çox ləğv olunan hakimlər barədə hansı addımlar atılır. Ümumiyyətlə, cəmiyyətin də narazılığına səbəb olan bu kimi halların qarşısını almaq üçün görülən tədbirlər qənaətbəxşdirmi?

E-huquq.az mövzu ilə bağlı vəkillərin fikirləırini öyrənib.

Vəkil Cavad Cavadov: “Ümumiyyətlə, yuxarı instansiya məhkəmələrinin yaranmasının səbəbi məhz aşağı instansiya məhkəmələrinin səhvlərinin düzəldilməsi ilə bağlı olub. Bir hakimin qərarlarının ləğvi sistematik xarakter daşıyırsa, buna artıq diqqət yetirilməlidir və müəyyən tədbir görülməlidir. Əgər həmin qərarın qəbul edilməsində kobud pozuntular varsa, artıq yuxarı instansiya məhkəmələrin də səlahiyyəti vardır ki, həmin hakim barəsində xüsusi qərar, xüsusi qərardad çıxarıb baxılması üçün Məhkəmə-Hüquq Şurasına göndərsin. Amma hər ləğv olunan məhkəmə qərarına görə hakimin cəzalandırılmasını da düzgün hesab etmirəm. Burada individual yanaşma olmalıdır. Ola bilər hüququn tətbiqində hakimin bir fikri var, yuxarı instansiya məhkəməsinin bir fikri. Çünki bizdə vahid məhkəmə praktikası hələ yeni-yeni formalaşır. Burada bir məsələ də var, Ali Məhkəmə məhkəmə sistemində ən yuxarı orqandır. Amma onun da qərarları Konstitusiya Məhkəməsində ləğv olunur. Təbii ki, faiz nisbəti çox azdır. Hesab edirəm ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu kifayət qədər məhduddur. Yəni, burada vətəndaşların şikayətləri əsasında hakim barəsində intizam icraatının başlanılmasının əsasları məhdudlaşdırılıb. Qanuna diqqət yetirsək, görərik ki, yalnız korrupsiya halları ilə vətəndaşın müraciəti əsasında Məhkəmə-Hüquq Şurası tədbir görə bilər. Tutaq ki, hakim açıq-aşkar ədalətsiz qərar çıxarıb, yuxarı instansiya məhkəməsi də bu qərarı ləğv edib. Bu zaman yuxarı instansiya məhkəməsinin qərarını əlavə edərək Məhkəmə-Hüquq Şurasına müraciət etdikdə, cavab gəlir ki, siz bununla bağlı müraciət edə bilməzsiniz. Qanuna əsasən, bununla bağlı yalnız yuxarı instansiya məhkəməsi müraciət edə bilər. Düşünürəm ki, bu məsələ ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməlidir. Bu, vətəndaşların da ədalətsiz qərarlara qarşı mübarizəsinə böyük töhfə olardı”.

Vəkil Sevinc Əliyeva: “Əslində bizim qanunvericiliyə görə, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qanun pozuntusu, konvensiyanın pozuntusu sayılmış qərarlar müvafiq intizam icraatının başlanması üçün əsasdır. Amma təəssüflər olsun ki, Avropa Məhkəməsinin qərarlarında pozuntu aşkar edilən hakimlərə qarşı indiyədək intizam icraatı başlandığını görməmişəm. Əgər bir hakimin qərarları mütəmadi olaraq, ləğv olunursa, bu o deməkdir ki, problem var. Hesab edirəm ki, bu halda intizam icraatı başlanılmalıdır. Bəzi hallarda cəza kimi, hansısa hakimin Bakı şəhərindən rayon məhkəmələrinə göndərilməsi düzgün deyil. Belə çıxır ki, rayon sakinləri paytaxt sakinlərindən daha aşağı səviyyədədir, yaxud onların hüquqları daha az qorunur? Amma qərarları dəfələrlə ləğv olunan hakim yuxarı instansiya məhkəməsindədirsə və qərarları ali məhkəmədə dəfələrlə ləğv olunursa, o daha aşağı instansiya məhkəməsinə keçirilməlidir. Çünki ən azından hələ onun qətnaməsinə, qərarına, hökmünə apelyasiya instansiyasında baxılmaq imkanı var. Yaxud bir hakimin qərarlarının ləğvi sistematik xarakter alıbsa, onun hakimlik səlahiyyətinə son qoyulması məsələsi qaldırılmalıdır”.

Vəkil Fariz Namazlı: “Hakimlərin ləv olunan qərarları araşdırılmalı və nəyə görə ləğv olunduğuna baxılmalıdır. Elə hakimlər var ki, obyektiv qərar çıxarır, amma həmin qərarlar müəyyən məsələlərə görə apelyasiya məhkəməsi tərəfindən ləğv olunur. Amma bu Məhkəmə-Hüquq Şurası tərəfindən nəzərə alınmır. Çünki bir hakimin dəfələrlə hökmləri ləğv olunursa, bu onların növbəti beşillikdə təyinatında nəzərə alınır. Daha çox qərarı ləğv olunan hakimlər səlahiyyət müddəti bitdikdən sonra növbəti dəfə hakimliyə təyin olunmur, Məhkəmə-Hüquq Şurası onların namizədliyini irəli sürmür. Ona görə də qərarın hansı səbəbdən ləğv olunduğuna baxmaq lazımdır. Məsələn, hakim bəraət hökmü çıxarır və hökm əsassız olaraq, yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunur. Tutaq ki, dövlət ittihamçısı yuxarı cəza istəyir, hakim müəyyən yüngülləşdirici halları nəzərə alaraq, daha aşağı cəza verir. Dövlət ittihamçısı protest verir, apleyasiya hakimin qərarını ləğv edir və yenidən cəzanı qaldırır. Bu da Məhkəmə-Hüquq Şurası tərəfindən mənfi hal kimi qiymətləndirilir. Əslində biz həmin qərarları təhlil etsək, görərik ki, hakim heç də əsassız qərar çıxarmayıb. Obyektiv qərar çıxarıb. Ona görə də təkcə hakimin neçə qərarının ləğv olunub, neçəsinin qüvvədə qalması yox, eyni zamanda ləğv olunmanının səbəbləri də araşdırılmalıdır”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər