Fikrət Məmmədov: "Bəzi hakimlərin etik davranışı ilə bağlı problemlər var"


  • 30 Noyabr 2021 10:46

"Bəzi hakimlərin etik davranışı ilə bağlı müəyyən problemlərimiz var, buna görə onları inzibati məsuliyyətə cəlb edirik. Bu məsələyə vacib əhəmiyyət verərək hazırladığımız ilk normativ aktlardan biri Etik davranış kodeksidir və onun öyrənilməsi hökmən təhsil proqramına daxildir".

E-huquq.az-ın məlumatına görə, bunu haqqin.az saytına müsahibəsində ədliyyə naziri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, məhkəmələrin əlçatanlığının yaxşılaşdırılması, həmçinin iqtisadi dövriyyənin inkişafı mülki xarakterli işlərin sayının kəskin artmasına səbəb olub: "Son 5 ildə ayrı-ayrı illərdə məhkəmələr tərəfindən baxılan işlərin sayı hətta 500 000-i ötüb. Bəzi hakimlər gündə 30-a qədər işə baxmalı olublar. Əlbəttə bu cür yüklənmə keyfiyyətə təsir edir, burada çatışmazlıqlar və xətalar gözləniləndir.

Bu problemin həlli üçün məhkəmələrin yükünün azaldılması məqsədilə qanunverici və praktik addımlar atılıb. Buraya bəzi kateqoriyadan olan işlərlə bağlı sadə icraatın təsisi, nümayəndəlik institutunun təkmilləşdirilməsi, bəzi az əhəmiyyətli məhkəmə səlahiyyətlərinin digər orqanlara ötürülməsi, rüsumların differensiasiyası və s. aiddir. Habelə Prezidentin məlum Fərmanı ilə ölkədəki hakimlərin sayı üçdə bir qədər, yəni 200 vahid artırılıb. Analoji addımlar əvvəllər də atılırdı, o cümlədən hər bir hakimə köməkçi ştatı ayrılıb ki, bu da baxılan işlərin keyfiyyətində və tezliyində özünü göstərir".

Nazir qeyd edib ki, bu gün ən vacib məsələlərdən biri hakim vakansiyalarının doldurulmasıdır və bu proses keyfiyyətə ziyan vurmamaqla gedir.

Oxşar xəbərlər