Kommersiya mübahisələrində məhkəməyə müraciətdən öncə cavabdeh necə  məlumatlandırılmalıdır?


  • 13 Yanvar 2022 17:36

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə görə, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməzdən öncə iddiaçı cavabdehə elektron sistem üzərindən iddia ərizəsini və ona qoşulmuş sənədləri göndərməklə bu barədə məlumat verməlidir. Lakin hazırda “Elektron-məhkəmə” sistemində bununla bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Belə ki, cavabdehə həmin məlumatların göndərilməsi üçün sistemdə müvafiq bölmə yoxdur. Bu da iddiaçı tərəf üçün çətinlik yaradır.

Bakı Kommersiya Məhkəməsinin İnformasiya Texnologiyaları üzrə mütəxəssisi Mətləb Qəzənfərli e-huquq.az-a açıqlamasında məsələ ilə bağlı suallara aydınlıq gətirib.

Onun sözlərinə görə, cavabdeh hüquqi şəxs olduqda həmin məlumat Dövlət Vergi Xidmətinin rəsmi saytı üzərindən cavabdehə göndərilməlidir: “"Elektron məhkəmə" sistemində bununla bağlı hər hansı xüsusi bölmə yoxdur. Kommersiya mübahisələrində hər iki tərəf hüquqi şəxs olduqda Dövlət Vergi Xidmətinin rəsmi saytında həmin hüquqi şəxslərin şəxsi kabineti, VÖEN-ləri olur. İddia ərizəsi oradan göndərilməlidir və ərizəsinin çatdırılması haqqında ekran görüntüsü ("screenshoot") işin içinə əlavə edilməldir. Orda göndərilən məlumatları göstərən bir panel var. Yəni, bu üsulla həyata keçirilməlidir”.

Bu zaman belə bir sual ortaya çıxır: Bəs cavabdeh şəxsin Dövlət Vergi Xidmətinin rəsmi saytında şəxsi kabineti yoxdursa, nə etməli? Çünki Ali Məhkəmənin Plenum qərarına əsasən, cavabdeh şəxs təsisçi də ola bilər. Yəni, iddiaçı təsisçinin VÖEN-ni bilmədikdə iddia ərizəsini və ona qoşulmuş sənədləri necə göndərməlidir?

M.Qəzənfərli bu suala cavabında isə bildirib ki, bu halda “Elektron Məhkəmə” sistemində cavabdeh barədə məlumatları qeyd edərkən onun VÖEN-nin olmadığı yazılmalıdır: “Əgər cavabdeh təsisçidirsə və onun VÖEN-i yoxdursa, bu zaman cavabdehlər bölməsində şirkətin adını, şəxsin adını, ünvanını qeyd edib, aşağıda "VÖEN yoxdur” yazılmalıdır. Bu zaman hakim biləcək ki, cavabdehin VÖEN-i yoxdur və Dövlət Vergi Xidmətində də şəxsi kabineti mövcud deyil. Ona görə də artıq iddia ərizəsini geri qaytarmayacaq. Bu halda məlumat cavabdehə kağız daşıyıcıda poçt vasitəsilə göndərilməlidir”.

Hicrət Hüseynzadə

Oxşar xəbərlər