Ramiz Rzayev: "Ali Məhkəmənin fəaliyyəti ilə bağlı aparılan islahatlar özünü doğruldur" - MÜSAHİBƏ


  • 26 Yanvar 2023 10:03

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayevin e-huquq.az-a müsahibəsi

- Ramiz müəllim, müsahibə üçün yaratdığınız şəraitə görə sizə təşəkkür edirik. Bu il Ali Məhkəmənin fəaliyyətinin 100 ili tamam olur. Tarixə nəzər salsaq, nələri qeyd etmək istərdiniz?

- İlk növbədə onu qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, işğaldan azad edilmiş regionlarımızda aparılan quruculuq işlərinin, eləcə də ölkəmizdə aparılan böyük islahatların geniş ictimaiyyətə çatdırılmasında siz media nümayəndələrinin önəmli rolu var. Bu baxımdan son illərdə ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə məlumatların işıqlandırılmasında sizin rəhbərlik etdiyiniz media da fəal işlər görür. Odur ki, həm indiyədək görüdüyünüz işlərdən dolayı, həm də vaxtınızı ayırıb bu gün təşrif buyurduğunuz üçün mən də öz növbəmdə sizə və sizinlə birgə Ali Məhkəməyə təşrif buyuran həmkarlarınıza təşəkkür edirəm.

Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il mayın 10-da xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycanda məhkəmə sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır.

Sualınızla bağlı ilk olaraq onu bildirmək istəyirəm ki, müasir Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti demokratik dövlət olaraq bir çox mütərəqqi işlər, o cümlədən məhkəmə sistemi quruculuğunda da mühüm işlər görmüşdür. Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin tərkibində məhkəmə sahəsinə dair qanunlara yenidən baxılması barədə xüsusi komissiya təşkil etmişdi. Bu komissiyaya Ali Məhkəmənin təsis edilməsi qrupu da daxil idi. Həmin komissiya 1920-ci ilin mart ayında Ali Məhkəmə fəaliyyətini həyata keçirəcək Azərbaycan Senatının Əsasnaməsinin layihəsini hazırlayıb qəbul edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə təqdim etmişdi. Lakin əfsuslar olsun ki, bolşevik ordusunun Azərbaycanı işğal etməsi buna imkan vermədi. Sonrakı illərdə isə Sovet İttifaqı dövründə Azərbaycanda tamamilə fərqli məhkəmə sistemi yaradıldı.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul edildi. Azərbaycan SSR MİK “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul etdi. Bu qərarda “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin 1923-cü il 1 fevraldan qüvvəyə minməsi müəyyən olundu və bununla da Ali Məhkəmə təsis olundu. Azərbaycan Ali Məhkəməsinin yaranması günü məhz bu tarixlə bağlıdır.

Yarandığı ilk dövrdə Azərbaycan SSR-nin Yuxarı Məhkəməsi adlandırılan məhkəmə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 29 dekabr dekreti ilə Azərbaycan SSR-in Ali Məhkəməsi adlandırıldı.

Bu il 100 yaşı tamam olan Ali Məhkəmənin tarixini iki dövrə bölmək olar: 1-ci dövr - 1923-cü ildən 1991-ci ilədək olan Sovet hakimiyyəti dövrü; 2-ci dövr - 1991-ci ildən müstəqilliyin bərpasından sonrakı dövr.

Sovetlər dönəmində Ali Məhkəmə müəyyən tarixi yol keçərək səlahiyyət dairəsində dəyişiklik olunmuşdur. 1927-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in ikinci Konstitusiyanın 51-ci maddəsində əsasən, Azərbaycan SSR-in Ali Məhkəməsi heç bir istisna olmadan Respublikanın bütün məhkəmələri üzərində məhkəmə nəzarəti orqanı idi və dairə xalq məhkəmələri tərəfindən həll edilən işlərə kassasiya qaydasında, habelə respublikanın bütün məhkəmələrinin qərarlarından şikayətlərə nəzarət qaydasında baxırdı. Həmçinin həmin dövrdə Ali Məhkəmə öz səlahiyyətləri daxilində mühüm dövlət əhəmiyyətli ağır cinayət işləri üzrə işlərə birinci instansiya məhkəməsi qismində baxırdı. Ali Məhkəmənin strukturu da sovetlər dönəmində mərhələli şəkildə inkişaf etmişdir. Məsələn, 1962-ci ilə qədər Ali Məhkəmənin Aparatı mövcud deyildi. Daxili idarəetmə funksiyalarını o dövrdə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyəti yerinə yetirirdi. Yalnız 1962-ci il də Ali Məhkəmənin Aparatı təşkil olundu və sonrakı illərdə dəyişikliyə uğrayaraq genişləndirilsə də, ümumilikdə Ali Məhkəmənin işinə önəmli dərəcədə hüquqi-təşkilati dəstək vermək baxımdan qənaətbəxş olmadı.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra isə öz fəaliyyətində qanunun aliliyinə, insan hüquqları və demokratiyanın müdafiəsinə xüsusi önəm verir. Müstəqilliyin bərpasından sonrakı dövrdə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu ölkənin Əsas Qanunu olan 1995-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.

1996-cı ildə Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Hüquq İslahat Komissiyası ölkə qanunvericiliyinin beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Sözügedən Komissiya tərəfindən hazırlanmış layihə əsasında 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilərək ölkəmizdə üçpilləli məhkəmə sistemi və sonradan məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurası yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsində ölkəmiz 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və bununla da ölkəmizdə məhkəmə-hüquq sistemi üçün yeni bir mərhələ başlamışdır. 2001-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına qoşulduğu andan ölkəmizdə Konvensiyaya və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına yeni yanaşmanın formalaşması üzrə fəal proses başlamışdır ki, bu da öz növbəsində nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxınlaşmaqda olan qanunvericiliyin inkişafına öz müsbət təsirini göstərmişdir.

2023-cü ildə fəaliyyətinin 100 illi tamam olan Ali Məhkəmənin yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu işə artıq start verilib. Noyabr ayından etibarən isə Ali Məhkəmədə həftədə bir gün açıq qapı günləri keçirilir. Eləcə də, Ali Məhkəmənin yaradılmasının 100 illiyi ilə bağlı xüsusi kitabın nəşri və beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

- Ramiz müəllim, cənab Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında göstərilən çağırışlara uyğun olaraq ötən müddət ərzində Ali Məhkəmə tərəfindən hansı addımlar atılıb?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə məhkəmələrin səlahiyyətləri genişləndirilmiş, maddi təminatları yaxşılaşdırılmış, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunmuşdur.

Məhkəmə-hüquq sistemində aparılan islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsi müsbət qiymətləndirilir.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanı ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən kompleks islahatların tərkib hissəsidir. Bu sənəd məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisidir. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir.

Həmçinin bu Fərman ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Son üç il ərzində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb.

İlk növbədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və Aparatın əməkdaşlarından, həmçinin Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və digər orqanların əməkdaşlarından ibarət xüsusi işçi qrupu yaradılaraq Fərmanda qoyulmuş tapşırıqlar üzrə təhlillər aparılmış, beynəlxalq təcrübə öyrənilmiş, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihəsi işlənib hazırlanmış və artıq əksəriyyəti Milli Məclis tərəfindən qəbul edilmişdir.

Sözügedən Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar, 2020-ci il 01 yanvar tarixindən inzibati-iqtisadi məhkəmələr sistemi ləğv edilmiş, bu sahədə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Şəki və Naxçıvan şəhərlərində ixtisaslaşmış məhkəmələr - inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılmışdır.

Nəticə etibarilə, inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmağa başlamışlar. Bununla da, həm ixtisaslaşmanın artırılmasına şərait yaradılmış, məhkəmə quruluşu optimallaşdırılmış, həm də məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edilmişdir. O da xüsusi olaraq vurğulanmalıdır ki, işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydalarının tətbiqi üzrə hüquqi müəyyənliyin təmin edilməsi məqsədi ilə qısa müddətdə Ali Məhkəmənin müvafiq Plenum qərarı qəbul edilmişdir.

Fərmanla ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilmiş, bu prosesdə çeviklik artırılmışdır.

Mülki prosessual qanunvericiliyə məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsinə, süründürməçilik, o cümlədən mümkün sui-istifadə hallarının qarşısının alınmasına, işlərə daha səmərəli baxılmasına, habelə müasir informasiya texnologiyalarının daha geniş tətbiqinə yönələn, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 350-dək dəyişikliklər edilib.

2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən həmin dəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb, prosessual müddətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin elektron idarəedilməsi təsbit olunub. Xüsusən qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsində mülki, kommersiya və inzibati işlər üzrə icraatın tam şəkildə yazılı icraata keçməsi, ölkənin müxtəlif regionlarından olan vətəndaşların paytaxtda yerləşən Ali Məhkəməyə gəlməsi zərurətini aradan qaldırılmaqla, onları bir sıra xərclərdən azad etməklə ədalət mühakiməsini daha əlçatan etmişdir.

Mülki və cinayət-prosessual qanunvericiliyə növbəti yenilik proses iştirakçılarına məhkəməyə gəlmədən videokonfrans əlaqə sistemindən istifadə edilməklə mülki işlər və cinayət işləri üzrə icraatlarda iştirak etmək imkanını nəzərdə tutmuşdur. Həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişlənməsinin növbəti mərhələsi onun istifadəçiləri üçün sənədlərin daha sürətli və rahat mübadiləsini və digər üstünlükləri təmin etmişdir.

Bundan başqa, inzibati prosessual qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə insan hüquqlarının səmərəli və keyfiyyətli qorunması baxımından vətəndaşların məhkəmələrə daha rahat çatımlığını təmin etmişdir. Belə ki, ərazi aidiyyəti ilə bağlı qəbul edilmiş yeni norma artıq vətəndaşlara imkan verir ki, onlar məcburetmə və öhdəliyin icrası haqqında iddialarla bağlı olaraq da özlərinin yaşayış və ya olduqları yerin məhkəməsində iddia qaldıra bilsinlər. Bu yeni tənzimləmə insan hüquqlarının səmərəli və keyfiyyətli qorunması baxımından vətəndaşların məhkəmələrə daha rahat çatımlığını təmin etmişdir. Eyni zamanda, digər dəyişiklik inzibati işlər üzrə iddia ərizələri verilərkən dövlət rüsumlarının ödənilməsi ilə bağlıdır. Qanunvericiliyə edilmiş dəyişikliklərlə İnzibati Prosessual Məcəllədə və “Dövlət rüsumu haqqında” Qanunda mövcud olun uyğunsuzluqlar aradan qaldırılmışdır. Artıq müəyyən olunmuşdur ki, inzibati işlər üzrə iddia ərizələri, eləcə də apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə bağlı dövlət rüsumları ödənilməcəyəkdir. Bu yanaşmanın qəbul edilməsi inzibati işlərin xüsusiyyətləri nəzərə alınmaqla vətəndaşların hüquqlarının inzibati məhkəmələrdə müdafiəsi üçün daha əlverişli və səmərəli mexanizm yaratmaqla bağlıdır. İnzibati işlərin bir qayda olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirən dövlət orqanlarına qarşı qaldırılmış işlər olduğu nəzərə alındığında, vətəndaşlar həm inzibati icraatın özündə, həm də inzibati məhkəmə icraatında daha çox müdafiəyə ehtiyacı olan tərəflər kimi qəbul edilirlər.

Həmçinin, mülki və kommersiya mübahisələri üzrə məhkəmələrdə işin baxılmağa hazırlanması mərhələsi yenidən işlənmiş, dəyişikliklər işlərə məhkəmə iclasında daha səmərəli şəkildə baxılmasının təmin edilməsinə yönəlmişdir. Tərəflərin tələblərinin və sübutların qabaqcadan bəlli olan müddətlərdə bir-birinə və məhkəməyə verməsi, öz arqumentlərini daha əsaslı surətdə hazırlayaraq təqdim etməsi məhkəməyə tərəflərin mövqeyini daha dəqiq öyrənməyə imkan yaratmışdır ki, bu da son nəticədə məhkəmə icraatının keyfiyyətinin artırılmasına səbəb olmuşdur.

- Məlum olduğu kimi, 2022-ci ilin əvvəlində Ali Məhkəmədə struktur islahatları aparılıb. Bu islahatların aparılması hansı zərurətdən yarandı və ötən bir ildə Ali Məhkəmənin işinə hansı töhfələri verdi?

- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, mülki prosessual qanunvericiliyə Ali Məhkəmədə işlərə baxılma qaydası ilə bağlı edilmiş dəyişiklikləri nəzərə alaraq və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə tutulmuş məqsədləri rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyətinin daha səmərəli şəkildə təşkil etmək üçün Ali Məhkəmənin Aparatının strukturunu yenidən müəyyən etsin.

Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə uyğun olaraq bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyətinin hüquqi, təşkilati və informasiya təminatını daha səmərəli şəkildə təşkil edilməsi və dövlət qulluğu sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə Ali Məhkəmənin Aparatının strukturu və ştat cədvəli yenidən müəyyən edilmişdir.

Bildiyiniz kimi 2021-ci ilin oktyabr ayından etibarən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla yazılı icraat qaydasında baxmağa başlamışdır. Bu yeni qaydanın tətbiqi ilə şifahi məhkəmə iclaslarının keçirilməsinə ehtiyac aradan qalxmış və Ali Məhkəmə işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə etmişdir. Ali Məhkəmənin Aparatı yenidən təşkil edilərkən “Məhkəmə işlərinin idarə edilməsi şöbəsi” təsis edilmiş və onun tərkibində hər məhkəmə kollegiyası üçün ixtisaslaşdırılmış struktur bölmələr və Ali Məhkəmə Plenumun işinin təmin edilməsi struktur bölməsi yaradılmışdır. Bu yeni şöbə Ali Məhkəməyə daxil olmuş işlərin öyrənilməsinə və ilkin qərar layihəsinin hazırlanmasına, hakimlərə təqdim edilməsinə, işlərin daha çevik, obyektiv, hərtərəfli araşdırılmasına, qəbul edilən məhkəmə qərarlarının keyfiyyətinin yüksəldilməsinə, həmçinin məhkəmələrin ayrı-ayrı sahələr üzrə hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin və hüquqi mövqeyinin proqnozlaşdırılan olmasına və bununla da vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət etməkdədir.

Həmçinin keçirilmiş struktur islahatları ilə Ali Məhkəmənin Aparatında “Elektron məhkəmə və İnformasiya texnologiyaları şöbəsi” təsis edilərək, həmin şöbənin nəzdində isə “İnformasiyanın təhlili sektoru”, “Proqramlaşdırma sektoru” və “Sistem inzibatçılığı və texniki dəstək sektoru” yaradılmışdır. Bununla da şöbə Ali Məhkəmənin fəaliyyətinin təhlilini həyata keçirərək məhkəmədə qəbul edilmiş iş fəaliyyətinə əsasən iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılmasını, o cümlədən Elektron məhkəmə informasiya sisteminin inkişafı və avtomatlaşdırma dərəcəsinin yüksəldilməsi məqsədilə lazımı tədbirlər görülməsini, Ali Məhkəmənin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqinin həyata keçirilməsini, elektron sənəd dövriyyəsini və məhkəmə işlərinin elektron işlənməsinin təşkil edilməsini təmin edir.

Düşünürəm ki, aparılan struktur islahatları özünü doğruldur. Yeniliklər Ali Məhkəmədə işin təşkilində səmərəliliyi artırmaqla yanaşı işlərə daha keyfiyyətli baxılmasına ciddi töhfə verməkdədir. Ancaq biz bununla kifayətlənmirik. Müasir dünya sürətlə inkişaf edir və biz də bu inkişafla ayaqlaşmaq məcburiyyətindəyik. Ali Məhkəmədə işin daha keyfiyyətli və səmərəli təşkili üçün fəaliyyətimizi daim təhlil edirik, xarici ölkələrin təcrübəsini öyrənirik və buna görə də zərurət olduqda həm müasir texnologiyanın imkanlarından, həm də kadr potensialımızdan yararlanaraq məhkəmə fəaliyətinin daha yaxşı təşkili istiqamətində işlərimizi davam etdiririk.

- Qanunvericilik təşəbbüsü ilə çıxış etmək Ali Məhkəmənin səlahiyyətinə daxil olan məsələdir. Elə ötən il Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi ilə çıxış edildi. Bəs, hazırda hansı qanunvericilik layihələri üzərində işləyirsiniz?

- Ali Məhkəmə qanunvericilik təşəbbüsü qaydasında müxtəlif illərdə digər dövlət orqanları ilə birlikdə hazırlanmış və qəbul olunmuş qanun layihələri ilə çıxış etmişdir.

2022-ci ilin əvvəlində Ali Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə çox sayda, o cümlədən konseptual xarakterli əlavə və dəyişiklikləri nəzərdə tutan işlərə kassasiya instansiyasında yazılı icraat qaydasında baxılması, kassasiya şikayətlərinin vəkillər vasitəsi ilə verilməsi və bu hüquqa malik olan şəxslərin kassasiya, əlavə kassasiya qaydasında icraatlarda vəkil vasitəsi isə təmsil olunması, müəyyən kateqoriyalı cinayətlərə dair işlər üzrə təqsirləndirilən şəxslər irəli sürülmüş ittihamla razı olduqda, belə işlərə sadələşdirilmiş icraat qaydasında baxılması, kassasiya müraciətlərinin və onlara qarşı etirazların xüsusi forması, habelə digər məsələlər barədə qanun layihəsi hazırlanaraq, müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Eyni zamanda bu layihə ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bir sıra normalarının təkmilləşdirilməsini, müəyyən cinayətlərə görə cəzaların humanistləşdirilməsini nəzərdə tutan dəyişikliklər layihəsi də hazırlanaraq baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur.

Lakin qeyd edim ki, Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə qanun layihələrini təqdim etməsi intensiv xarakter daşımır. Ali Məhkəmə qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin təcrübədə daha çox rastlaşdığı, xüsusən, mülki, inzibati, mülki prosessual, cinayət, cinayət-prosessual, əmək, ailə, torpaq, sosial təminat və sair sahələrdə boşluqların tamlanması, köhnəlmiş normaların müasir dövrün tələblərinə uyğunlaşdırılması və əlbəttə ki, qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ifadəsini tapmış müddəalara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olunması ilə bağlı qanun layihələrinin hazırlanmasında təşəbbüskarlıq göstərir. Bu cür layihələrin hazırlanması isə əsasən qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmələrdə baxılan işlərin ümumiləşdirilməsi, qarşıya çıxmış problemlərin hakimlərin iştirakı ilə müzakirəsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə nail olunması üçün yolların axtarılması nəticəsində aşkar olunur. Hakimlər hüquqtətbiqetmə sahəsində fəaliyyətlərini həyata keçirərkən qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etməsi üçün yollar axtarır və bu prosesdə yaranmış mütərəqqi ideyaların qanunvericiliyə daxil edilməsi üçün təşəbbüslə Ali Məhkəməyə müraciət edir, onların təklifləri öyrənilməklə zəruri hallarda qanunvericilik təşəbbüsü hüququndan istifadə olunur.

Birinci və apellyasiya instansiyası məhkəmələrinin qanunvericilik təşəbbüsü hüququ, yəni həmin məhkəmələrin qanunvericilik təşəbbüsü ilə qanun layihələrini təqdim etməsi səlahiyyəti olmadığından onlar öz təklifləri ilə Ali Məhkəməyə müraciət edirlər. Bu isə ilk növbədə Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü qaydasında hazırlanmış qanun layihələrində insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulmasını, həmçinin qanunvericiliyin insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi məqsədilə qanunvericilik təşəbbüsündən istifadə edilməsini tələb edir.

- Mülki və inzibati işlərə yazılı icraat qaydasında baxılması bəzən müəyyən narazılıqlar doğurur. Belə ki, tərəflərin məhkəmədə iştirakı olmadan, çıxışlar dinlənilmədən çıxarılan qərarların ədalətli olmadığı haqqında fikirlər səsləndirilir. Bu fikirlərə münasibətinizi bilmək istərdik...

- Bu fikirlərə münasibət bildirmək üçün ilk növbədə, kassasiya instansiyası məhkəməsi necə məhkəmədir, hansı səlahiyyətləri var, məhkəmə aktlarını ləğv edərkən, dəyişdirərkən və ya qüvvədə saxlayarkən hansı meyarlar üzrə yoxlama aparır kimi sualları cavablandırmaq lazımdır.

İlk olaraq bilməliyik ki, kassasiya instansiyası məhkəməsi hüquq məhkəməsidir. İşin hallarını müəyyən etmir. Yoxladığı məhkəmə aktları üzrə işin hallarını müəyyən olunmuş kimi qəbul edir. İşin hallarını müəyyən olunmuş kimi qəbul edəndə sübut və faktlara yenidən qiymət verirmi?

Ali Məhkəmə sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu da hüquqi mövqeyini bu cür formalaşdırmışdır.

Bu səbəbdən, Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi olaraq, apellyasiya instansiyası məhkəməsinin aktlarının maddi və prosessual hüquq normalarına uyğunluğunu yoxlayır və bu yoxlama mülki işlər üzrə kassasiya şikayətinin dəlilləri həddində aparılır. Belə olan halda şifahi dinləmələrin aparılmasına da zərurət yoxdur.

Artıq Ali Məhkəmə müəyyən istisnalarla işə bir qayda olaraq yazılı icraat qaydasında baxır. İstisna isə ondan ibarətdir ki, Ali Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə işə şifahi məhkəmə dinləmələri qaydasında baxa biləcəkdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, kassasiya məhkəməsində işlərə yazılı icraat qaydasında baxılması bu gün bir çox inkişaf etmiş ölkələrdə qəbul edilmiş mütərəqqi təcrübədir. Yazılı icraata keçid ölkəmizdə kassasiya məhkəməsində artıq əksər hallarda formallığa çevrilmiş məhkəmə iclaslarının keçirilməsinin qarşısını almışdır. Bu qaydanın tətbiqi ilə Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə etmişdir. Bununla bağlı olaraq işdə iştirak edən tərəflərin və onların vəkillərinin məsuliyyəti, xüsusən kassasiya şikayətləri və ona qarşı etirazlara dair tələblər artır. Ona görə də, şifahi icraatdan fərqli olaraq artıq yazılı icraat qaydasında işə baxılacağı nəzərə alınmaqla Ali Məhkəməyə verilən kassasiya şikayətləri və ona qarşı etirazlar vəkillər tərəfindən məzmun etibarilə dolğun tərtib edilməli, orada tərəflərin bütün dəlilləri, xüsusən də maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığına dair mövqe aydın və əsaslandırılmış qaydada təqdim olunmalıdır.

- Məhkəmələrin praktikasına aid məsələlər üzrə izahlar vermək Ali Məhkəmənin səlahiyyətinə daxil olan digər məsələdir. Bu, həm də vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir. Ali Məhkəmə bu istiqamətdə hansı işlər görür?

- Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin konstitusion statusunu müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin birinci hissəsində həmçinin təsbit edilmişdir ki, Ali Məhkəmə məhkəmələrin praktikasına aid məsələlər üzrə izahlar verir. Bu normada Ali Məhkəmənin ümumən vahid məhkəmə təcrübəsi formalaşdırmaq funksiyası və bununla bağlı müvafiq səlahiyyətə malik olduğu təsbit edilmişdir.

Məhkəmə praktikasının vahidliyinin və ardıcıllığının təmin edilməsinin hər bir ölkənin hüquq sistemi üçün böyük əhəmiyyəti vardır. Bununla ilk növbədə, hüquq tətbiqetmə təcrübəsində qanunvericilik normalarının vahid qaydada anlaşılması və tətbiq edilməsi təmin edilmiş olur. Məhkəmə praktikası həmçinin hüquq normalarının effektivliyinin yoxlanılmasına, qanunvericilikdə olan boşluqların və kolliziyaların aşkar edilməsinə, onların aradan qaldırılması və təkmilləşdirilməsi üçün uyğun tədbirlərin nələrdən ibarət olacağının müəyyənləşdirilməsinə imkan verir. Bu mənada, vahid məhkəmə praktikası həm də qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsinə, eləcə də dövlət orqanlarının praktikalarının dəyişməsinə və inkişafına gətirib çıxarır.

Azərbaycan Respublikasının məhkəmə sistemində vahid məhkəmə praktikasının formalaşması Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının imzalanması ilə daha da aktuallaşmışdır. Həmin Fərmanla Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmişdir ki, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Məlum olduğu kimi Fərmanın qəbul olunduğu tarixədək ölkəmizdə vahid məhkəmə təcrübəsini formalaşdırmağa imkan verən mexanizmlər kifayət qədər təkmil deyildi. Belə ki, Ali Məhkəmənin Plenumu tərəfindən verilən izahlar tövsiyə xarakteri daşıdığından və onun nəzərə alınmamasının heç bir hüquqi nəticəsi olmadığından vahid məhkəmə təcrübəsinin yaradılmasında həmişə nəzərdə tutulan nəticəyə nail olmaq mümkün olmurdu. Bundan başqa, işə baxan Ali Məhkəmənin məhkəmə tərkibləri arasında hüququn tətbiqində yaranan fikir ayrılıqlarının hansı qaydada həll edilməli olduğunu nizama salan təkmil mexanizm də mövcud deyildi. Ona görə də, bəzi hallarda, məhkəmə tərkibləri tərəfindən oxşar faktiki halları olan mübahisələr üzrə fərqli qərarların qəbul edilməsinə rast gəlmək mümkün olurdu.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının 3.2 və 6-cı bəndlərində göstərilmiş tapşırıqların icrası ilə əlaqədar bir neçə qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanunu ilə yeni 79-1-ci maddə əlavə edilmişdir.

Həmin maddənin tələbinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli Qanunla həmin Məcəllənin 10.4-cü maddəsi ləğv edilmişdir. Ləğv edilən həmin maddənin tələbinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyırdı.

Qeyd olunan müddəanın Cinayət-Prosessual Məcəlləsindən çıxarılması ilə eyni vaxtda həmin Məcəlləyə 416.1.22, 416.2, 419-1, 421.1.4-cü maddələr əlavə edilmiş, beləliklə də hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsində kassasiya instansiyası məhkəməsinin rolunu əhəmiyyətli dərəcədə artıran hüquqi mexanizm yaradılmışdır.

Eyni xarakterli mexanizmlərin yaradılmasını ehtiva edən 418-1-ci maddə Mülki-Prosessul Məcəlləyə, 98-1-ci maddə isə İnzibati-Prosessual Məcəlləyə əlavə edilmişdir.

Qanunvericiliyə yuxarıda edilən dəyişikliklərdən sonra Ali Məhkəməsinin Mülki, İnzibati və Kommersiya kollegiyaları tərəfindən məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə 10 mübahisəli məsələ üzrə prosessual qanunvericilikdə yeni təsbit edilmiş mexanizmə müraciət edilmişdir. Vergi, sosial təminat, adi və ya zəruri cəlbetmə üzrə üçüncü şəxsin işə cəlb edilməsi, məhkəmə qərarlarının icrası, lizinq, əmlakın qiymətləndirilməsində likvid dəyər və s. məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərarlar qəbul edilmişdir.

Bütün hallarda mübahisəli hüquqi məsələlərə hüquq ictimaiyyətinin diqqətini çəkmək məqsədi ilə Ali Məhkəmənin internet səhifəsi və sosial şəbəkələr vasitəsilə verilmiş məlumat nəticəsində maraqlı şəxslər, o cümlədən hüquqşünaslar və ayrı-ayrı təşkilatlar tərəfindən çoxsaylı yazılı formada əsaslandırılmış rəylər təqdim edilmiş, nəticədə Ali Məhkəmənin şəffaflığı və ictimaiyyətə açıqlığı təmin olunmuşdur.

Əlavə olaraq, keçən il biz yeni məhkəmə qərarlarının axtarış sistemini ictimaiyyətə təqdim etdik. Bu axtarış sistemi istifadəçilərə Ali Məhkəmənin Plenumunda və kollegiyalarında baxılan işlər üzrə konkret mübahisə predmetinə aid Ali Məhkəmənin hüquqi mövqeyini asanlıqla öyrənmək imkanı yaradır. Bununla da aşağı instansiya məhkəmələri və geniş ictimaiyyət müxtəlif hüquqi məsələlərə dair Ali Məhkəmənin qərarlarındakı hüquqi yanaşmalara asan çıxış imkanı əldə edirlər. Bunun isə, son nəticədə, vahid məhkəmə təcrübəsinin formalaşmasına önəmli dərəcədə təsiri və ədalət mühakiməsinin proqnozlaşdırıla bilən olmasına mühüm töhfəsi var. Biz artıq bunun ilkin müsbət təsirlərini görürük.

Həmçinin, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu sahədə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunması ilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etməyə imkan verən yeni bir hüquqi mexanizm işə salınmışdır.

Bununla bağlı Ali Məhkəmə tərəfindən “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 noyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) və “İşlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarlarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqi həyata keçirilmişdir.

Eləcə də “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2009-cu il 3 noyabr tarixli (30 aprel 2021-ci il tarixdə edilmiş dəyişikliklərlə) və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 19 noyabr tarixli Qərarlarının tətbiqi ilə bağlı 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixədək məhkəmələrin fəaliyyətinin monitorinqinin planları təsdiqlənmiş və hazırda həmin qərarlarla bağlı məhkəmələrin fəaliyyətinin monitorinqi davam edir.

Xüsusilə qeyd etməliyəm ki, məhkəmələr tərəfindən məhkəmə hökmü ilə bağlı məsələləri tənzimləyən cinayət-prosessual normaların eyni cür tətbiqini və bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə 2021-ci il 24 dekabr tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “Məhkəmə hökmü haqqında” mühüm qərar qəbul edilmişdir. Həmin qərarın hazırlanması zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yenidən təhlil edilmiş, qərarlardakı hüquqi mövqelərə geniş istinad edilmişdir.

Qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı konkret sahələr üzrə mühüm qərardadlar, o cümlədən Plenum qərarları qəbul edimişdir. Bunlarla bağlı Ali Məhkəmənin hakimləri tərəfindən aşağı instansiya məhkəmələrinin hakimlərinə, vəkillərə, hakimliyə namizədlərə, məhkəmə aparatı işçilərinə təlimlər və seminarlar keçirilmiş, qanunvericiliyə edilmiş dəyişikliklərin mahiyyəti, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının zərurəti və məqsədləri izah edilmişdir.

O da qeyd edilməlidir ki, ölkəmiz inkişaf etdikcə cəmiyyətdə yeni növ münasibətlər yaranır ki, bununla da bağlı həm hüquqi düşüncə tərzi, həm qanunvericilik bazası daima dəyişilir və təkmilləşir. Bu səbəbdən zaman keçdikcə vahid məhkəmə təcrübəsinin də dəyişdirilməsi istisna deyildir.

- Ramiz müəllim, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmələrində tətbiqi hansı səviyyədədir? Avropa Məhkəməsinə şikayətlərin artdığı və buna səbəb kimi bəzən Azərbaycan məhkəmələrində obyektiv araşdırma aparılmadığı haqqında iddia da irəli sürülür.

- Azərbaycan Respublikası Avropa Şurası ilə bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlıq edir. Azərbaycanda hələ Avropa Şurasına üzvlük çərçivəsində ölkə qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. 2001-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına qoşulduğu andan ölkəmizdə Konvensiyaya və Avropa Məhkəməsinin qərarlarına yeni yanaşmanın formalaşması üzrə fəal proses başlamışdır ki, bu da öz növbəsində nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxınlaşmaqda olan qanunvericiliyin inkişafına öz müsbət təsirini göstərmişdir.

Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Bu isə o deməkdir ki, ölkəmizdə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur.

İnsan hüquq və azadlıqlarının qorunması ölkə rəhbəri cənab İlham Əliyevin də daim diqqətindədir. Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair 2006-cı il 19 yanvar tarixli Fərmanında Azərbaycan Respublikası Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir.

“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

Keçən iyirmi ildən artıq müddətdə ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib. Bu, ölkəmizin əhalisinin sayına münasibətdə heç də böyük rəqəm deyil və bu məsələdə bədbinliyə qapılmaq lazım deyil. Avropa Məhkəməsinin qərarlarımızda pozuntu müəyyən etməsi ölkəmizdə məhkəmələrin obyektivliyinə kölgə salmır.

Avropa Məhkəməsi tərəfindən Avropa Şurasına üzv olan bütün ölkələrin məhkəmələrinin qərarlarında Avropa Konvensiyasının müddəalarının pozulması müəyyən edilir. Əlbəttə, dövlətə qarşı mümkün qədər az sayda qərarların çıxarılması arzu olunandı və biz çalışmalıyıq ki, pozuntular maksimum təhlil edilsin, onların gələcəkdə təkrar olunmasının qarşısı alınsın. Yəni Avropa Məhkəməsinin qərarlarını ölkəmizdə məhkəmə sisteminin daha da inkişaf etdirilməsi üçün bir fürsət kimi dəyərləndirməliyik. Avropa Məhkəməsinin presedent hüququ ölkəmizin məhkəmələrinin fəaliyyətinə müsbət təsir edir. Azərbaycan Dövləti də hər zaman Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir.

Bu kontekstdə qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla onlarla yeni qanunlar qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişikliklər edilib. Bunların sırasına həm maddi, həm də prosessual hüquqların təmin edilməsinə dair aktlar daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu prosesə öz töhfəsini verir.

Ali Məhkəməyə daxil olan vətəndaş müraciətləri cəmiyyətdə məhkəmə sisteminə münasibətdə müsbət dəyişikliklərin baş verməsinə dəlalət edir. Mən əminəm ki, ölkəmizin məhkəmə sistemi bundan sonra daha da inkişaf edəcək.

- Bəzən mediada və sosial şəbəkələrdə məhkəmələrin fəaliyyəti ilə bağlı tənqidi fikirlərə rast gəlinir. Sizcə, bunun səbəbləri nədən ibarətdir?

- Məhkəmə prosesləri tərəflərin çəkişmə prinsipinə əsaslanır və yalnız bir tərəfin xeyrinə qərar qəbul edilməsi ilə nəticələnir. Yəni istənilən məhkəmə çəkişməsində əleyhinə qərar qəbul edilən tərəf narazı qalır. Narazı qalan tərəflər bu barədə istər sosial şəbəkələrdə, istərsə də hər hansı digər platformalarda öz etirazlarını hər hansı formada ifadə etməkdən çəkinmirlər. Narazılıq əsaslı olmalı, məhkəmələrin gəldikləri nəticələr mübahisələndirilərkən qanuna istinad edilməlidir. Ədalətsiz, yalana əsaslanan narazılıq məhkəmələrə təsir formasıdır və hörmətsizlikdir. Hüquq müstəvisində mübahisələndirilməlidir. Yuxarı məhkəmələrə- appelyasiya, kassasiya şikayəti vermək hüququndan istifadə olunmalıdır. Sosial şəbəkə qərar qəbul etmir.

Hal-hazırda Ali Məhkəmənin fəaliyyətində həyata keçirilən islahatlar, müvafiq struktur dəyişikliyinin əsas məqsədlərindən biri də məhz elm və texnologiyaların inkişafı nəticəsində yaranan yeni-yeni tendensiyalara uyğunlaşmaqdır. Belə ki, Ali Məhkəmənin tərəflərin öz şikayət və etirazlarını daha asan şəkildə məhkəməyə çatdırmalarını təmin etmək məqsədilə həm “Facebook” həm də “Twitter” hesabları fəaliyyət göstərir. Bu hesablar mütəmadi olaraq Ali Məhkəmənin əməkdaşları tərəfindən izlənilir, Ali Məhkəməyə ünvanlanan suallara və şikayətlərə vaxtında və ətraflı cavablar təqdim edilir.

Eyni zamanda bu ilin əvvəlindən Ali Məhkəmənin qaynar xətti fəaliyyət göstərir. Vətəndaşlar çox asan formada öz şikayətlərini, etirazlarını və ya hər hansı məlumatı zəng edərək çatdıra və əldə edə bilərlər.

Həmçinin Ali Məhkəmə Aparatının müvafiq struktur bölməsi tərəfindən həftənin müvafiq günlərində vətəndaşların mütəmadi olaraq qəbul edilməsi, öz şikayət və narazılıqlarını canlı olaraq çatdırması və onların lazımi qaydada cavablandırılması həyata keçirilir.

- Azərbaycanda bəraət hökmlərinin sayının qənaətbəxş hesab etməyənlər də var. Bu iddiaları nə qədər əsaslı hesab edirsiniz?

- Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 2016-2021-ci illərdə 1020 şəxs barəsində bəraət hökmü və ya bəraətverici əsaslar üzrə xitam qərarları qəbul edilmişdir.

Bir sıra hallarda formalaşmış məhkəmə təcrübəsinin təhlili göstərir ki, məhkəmələr tərəfindən cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına, xüsusi ittiham qaydasında verilmiş ərizələrə, habelə hökmün icrası qaydasında məhkəmələrə daxil olmuş ərizələrə və təqdimatlara baxılmasında xeyli dəyişikliklər və irəliliyəşlər müəyyən edilir, məhkəmələr işlərə tam və hərtərəfli baxılması, məhkəmə iclasında proses iştirakçılarının hüquqlarının tam şəkildə təmin olunması üçün lazımi tədbirlər görür, bu hüquqların məhkəməyədək icraat zamanı təmin edilib-ediliməməsinə diqqət yetirir, cinayət mühakimə icraatının şərtlərinə və prinsiplərinə əməl olunmasına, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə səy göstərir.

Lakin təəssüflər olsun ki, həm müxtəlif məsələlər üzrə ümumiləşdirmələrin aparılması, həm də ayrı-ayrı işlərə kassasiya qaydasında baxılması təcrübəsi göstərir ki, bəzi hallarda istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrinin hakimləri işlərə baxarkən həqiqətin müəyyən edilməsinə, şəxsin ittiham olunduğu əməli törətməsinə dair ibtidai araşdırma zamanı toplanmış sübutların onun təqsirli bilinməsinə kifayət edib-etməməsinə, bəzən bu sübutların cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə əldə olunmasına diqqət yetirmir. Öyrənilmiş işlərin təhlili göstərir ki, məhz belə pozuntulara yol verildiyinə görə məhkəmələr tərəfindən bəraət hökmləri çıxarılır və ya bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında qərarlar qəbul edilir.

Ölkə üzrə bəraət hökmlərinin az olmasına baxmayaraq belə hökmlərin çıxarılmasında son illərdə artım dinamikası müşahidə edilməkdədir.

Belə ki, əgər 2017-ci ildə 152 şəxsə bəraət verilmişdirsə, 2021-ci ildə 222 şəxs barəsində bəraət hökmləri və ya bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərarlar qəbul edilmişdir.

Bu onu göstərir ki, Ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından sonra hakimlər öz işlərinə daha məsuliyyətlə yanaşmış, məhkəmə baxışında sübutların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmiş, məhkəməyədək icraatda sübutların qanun pozuntuları ilə əldə edilməsi, əsassız ittihamların irəli sürülməsi kimi hallar müəyyən edilərək, bəraət verilməklə şəxslərin əsassız olaraq məhkum edilmələrinin qarşısı alınmışdır.

- Aztəminatlı şəxslərin mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da dövlət hesabına hüquqi yardımla təmin olunması təklif olunur. Bu təkliflərə sizin münasibətiniz necədir?

- Təklif edilən dəyişikliyin qəbulunun həlli üçün bir sıra amillərə kompleks yanaşma və həll tələb olunur. İlk növbədə, maddi-texniki təminat həll edilməli, vəkillərin yerlərdə say həddi artırılmalı, cəmiyyətin hüquqi inkişaf səviyyəsi nəzərə alınmalı və sui-istifadə hallarının qarşısının alınması mexanizmi işlənib hazırlanmalıdır. Ona görə də, bu sahədə qərar qəbul etməzdən əvvəl beynəlxalq təcrübənin dərindən araşdırılması və təhlil edilməsinə zərurət olduğunu düşünürəm. Bu qeyd edilənlərlə yanaşı bildirmək istəyirəm ki, ümumən biz məhkəmə hakimiyyəti olaraq işlərdə vəkillərin iştirakında maraqlıyıq. Belə ki, birinci instansiya məhkəmələrində vəkillərin iştirak etməsi işlərə daha keyfiyyətli baxılmasına kömək edir. Vəkil prosessin iştirakçısıdır və ədalətli sübutların təqdim edilməsi, şikayətlərə dair tələblərlə bağlı sərtləşdirici dəyişikliklərin edilməsi vəkil xidmətlərini ödəmək üçün imkanı olmayan əhalinin aztəminatlı hissəsinin dövlət hesabına hüquqi yardımla təmin edilməsini məsələsini daha da aktuallaşdırmışdır.

- 2011-ci ildən ölkəmizdə inzibati məhkəmələr fəaliyyət göstərirlər. Bu məhkəmələrin fəaliyyətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanda inzibati məhkəmə icraatının tətbiqinə məhz inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı səmərəli hüquq müdafiə sisteminin yaradılması kimi baxılmalıdır. Ölkəmizdə inzibati məhkəmə icraatı yaradılarkən beynəlxalq ekspertlər cəlb edilməklə dünyada mövcud olan qabaqcıl təcrübələr dərindən təhlil edilmiş, ixtisaslaşmış inzibati məhkəmələrin yaradılması və inzibati mübahisələrə həmin məhkəmələr tərəfindən inzibati məhkəmə icraat qaydasında baxılmasını nəzərdə tutan model kimi qəbul edilmişdir. Beləliklə, ölkəmizdə inzibati məhkəmələrin fəaliyyətə başlaması ilə artıq dünya təcrübəsində uğurla sınaqdan keçmiş inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır. Bununla da, inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ bazanın formalaşdırılması prosesi yekunlaşdırılmış, inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit edilmişdir. Artıq mülki prosesdən fərqli olaraq inzibati məhkəmə icraatında məhkəmənin yardım etmək vzəfiəsi, işin hallarını xidməti vəzifəsinə görə araşdırmaq borcu və s. bu kimi yeni prosessual qaydalar və prinsiplər tətbiq edilməyə başlanılmışdır.

2011-ci ildən fəaliyyətə başlamış inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin təhlili göstərir ki, son iki ildə bir qədər azalmaqla ötən illər ərzində məhkəmələrdə baxılan işlərin təqribən 80 faizi iddiaçıların xeyrinə yekunlaşmışdır. Bu rəqəm bir tərəfdən inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər. Belə ki, inzibati mübahisələr bir qayda olaraq hakimiyyət orqanlarına qarşı qaldırılmış iddialar olurlar və inzibati orqanda müraciəti təmin edilməmiş şəxslər daha sonra məhkəmə qaydasında tələblərinin təmin olunmasına nail olduqda, mübahisə hüquqi yolla həllini tapmış olur, nəticədə isə insanların məhkəməyə və onun timsalında dövlətə inamı bərpa edilmiş olur. Digər tərəfdən isə həmin statistika həmçinin onu təsdiq edir ki, mübahisəyə çevrilmiş işlərin təqribən 80 faizində inzibati orqanlar qanun tələblərinə uyğun fəaliyyət göstərməmişlər. Bu mənada, sözügedən rəqəm olduqca yüksək rəqəmdir və ciddi təhlil olunmalıdır. Ötən illərin təcrübəsi ümumən onu deməyə əsas verir ki, daha tez-tez inzibati mübahisələrin iştirakçısı olan inzibati orqanlar bu istiqamətdə öz fəaliyyətlərində dönüş etməlidirlər.

Etibar Məmmədov

Oxşar xəbərlər