“Law and climate” adlı beynəlxalq konfrans iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcək - RƏYLƏR


  • 10 Sentyabr 12:25

Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqının və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (“Law and climate”) mövzusunda beynəlxalq konfrans keçirilib. Rəsmi şəxslərin, iqlim dəyişikliyinin hüquqi tənzimlənməsi sahəsində tanınmış beynəlxalq ekspertlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə müxtəlif ölkələrdə və Azərbaycanda fəaliyyət göstərən hakimlərin, vəkillərin, alimlərin və digər hüquqşünasların iştirakı ilə keçirilən konfransın məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarət olub.

Tədbirdə iştirak edən vəkil Polad Mehdi e-huquq.az-a açıqlamasında konfransın iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə biləcəyini söyləyib.

O bildirib ki, iqlim dəyişiklikləri bu gün dünyada ən aktual problemlərdən birinə çevrilib: "İqlim dəyişikliklərinin ekoloji, iqtisadi, sosial təsirləri böyükdür. İnsanların həyat tərzinə və ümumi rifahına çox böyük təsir edir. Eyni zamanda iqlim dəyişiklikləri hüquqi məsələdir. Bilavasitə insan hüquqlarına təsir edir. Nəzərə alsaq ki, dünyamızda baş verən iqlim dəyişiklikləri əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir, bu səbəbdən iqlim dəyişiklikləri ilə həm mübarizə məsələsində, həm də onun qarşısının alınması məsələsində hüquq çox mühüm rol oynayır. Təbiətin, ətraf mühitin qorunması, qayğısına qalınmasında əsas tənzimləyici vasitə hüquqdur. Bu baxımdan Bakıda keçirilmiş “Law and climate” adlı beynəlxalq konfransı əhəmiyyətlidir".

P.Mehdi deyib ki, bu gün dünyada iqlim dəyişikliyi məsələsi məsələsi artıq milli məsələ olmaqdan çıxıb beynəlxalq məsələyə çevrilib: "Azərbaycan da iqlim dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır. Azərbaycan Respublikası bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub".

Vəkil Pərvanə Qasımova isə hesab edir ki, konfransda diqqət çəkən məqamlardan biri də ekoloji qanunla bağlı yeni norma və standartların hüquq sistemimizə inteqrasiyası ilə bağlı müzakirələr olub: "Beynəlxalq ekspertlər hər kəs üçün yeni və maarifləndirici olan ən yaxşı təcrübələri bölüşdülər. Hüquqşünasların bugünkü rəqəmsal dünyada müstəqil şəkildə bu məlumatı tapa bilməsi doğru olsa da, mən bu məlumatları təhlil etmiş mütəxəssislərdən birbaşa öyrənməyi daha səmərəli hesab edirəm".

P.Qasımova qeyd edib ki, konfransda təkcə nəzəri məsələlər müzakirə edilməyib, həm də praktiki nümunələr paylaşılıb: "Məsələn, Qırğızıstan təmsilçisi öz ölkələrində uğurlu layihə haqqında ətraflı məlumat verib. Təəssüf ki, bizim yurisdiksiyamızda hələ də oxşar hüquqi hərəkətlərə başlamamağımız bizi məyus edir. Buna baxmayaraq, mən hesab edirəm ki, hər bir ölkənin özünəməxsus kontekstini - iqtisadiyyatını, coğrafi mövqeyini və mədəni mentalitetini nəzərə almadan beynəlxalq təcrübə həmişə milli qanunvericiliyə birbaşa inteqrasiya edilməməlidir. Bu gün dünya planetimizi xilas etmək üçün müxtəlif yanaşmaları araşdırır, onların arasında yaşıl maliyyə alətləri və Ekoloji, Sosial və İdarəetmə (ESG) standartları böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, ESG standartlarının tətbiqi, yaşıl maliyyə alətlərinin istifadəsi və güclü nəzarət mexanizmlərinin yaradılması ekoloji problemlərimizin həllinə əhəmiyyətli dərəcədə töhfə verə bilər.

Xanım vəkilin fikrincə, ölkəmizdə mütəmadi olaraq hüquqi mövzularda konfranslar keçirilməlidir: "Hüququn konkret sahələrinə həsr olunmuş bu tədbirlərin hər biri yeni perspektivlər təqdim edə və kritik hüquqi məsələlər haqqında anlayışımızı zənginləşdirə bilər. Bu cür konfransların əsas nailiyyəti hakimlərin, vəkillərin və prokurorların bir araya gəlməsi və hüquqi məsələləri müxtəlif nöqteyi-nəzərdən araşdırması imkanıdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər