"Azərbaycanda bəzi hakimlər sanki notarius vəzifəsini yerinə yetirir"


  • 25 Sentyabr 2021 13:05

"Əgər məhkəmə müdafiəçi tərəfindən qaldırılıran vəsatəti təmin etmirsə, bunu əsaslandırmalıdır. Bununla bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovun fikirlərinə qatılıram. Anar müəllim hələ çox diplomatik və yumşaq formada yazıb. Əslində məlumatlı insan çox gözəl başa düşür ki, o yazının içərisində nə qədər böyük bir ürək döyüntüsü, nə qədər böyük bir narahatlıq var. O müraciətdə problemləri daha qabarıq şəkildə göstərmək cəhdi var".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmələr tərəfindən vəkillərin qaldırdığı vəsatətlərin heç bir əsaslandırma olmadan rədd edilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.

Onun fikrincə, Azərbaycanda bəzi məhkəmələr sanki notarius vəzifəsini yerinə yetirir: "Azərbaycanda hüquq pozuntuları ilə bağlı ən çox danışan şəxslərdən biri kimi açıq şəkildə demək istəyirəm ki, Azərbaycanda məhkəmələrin bir çoxunda, o cümlədən elə Ali Məhkəmənin hakimləri arasında notarius rolunu yerinə yetirənlər var. Onlar üçün məhkəmə qərarını vermək notarius kimi sənəd təsdiq etməkdir. Halbuki, məhkəmənin işi həqiqəti üzə çıxarmaq, haqqı tanıtmaqdır. Məhkəmənin işi ədalətli mühakimə aparıb ədaləti üzə çıxarmaqdır. Amma bizdə məhkəmələr heç ciddi araşdırma da aparmır. Sadəcə olaraq tez-tələsik yekunlaşdırmaq istəyirlər ki, notarius kimi möhürünü vursunlar.

Nə qədər ki, məhkəmələr özünü notarius kimi aparır, sənəd təsdiqləməklə, göstəriş yerinə yetirməklə məşğuldur, haqsızlığa haqq qazandırmaq üçün çalışır, heç bir ədalətdən söhbət gedə bilməz. Mən bunu hər zaman açıq demişəm, bu gün də deyirəm".

Deputat dəfələrlə əsassız vəsatət verən vəkil və tərəflərin cərimələnməsi barədə qanuna dəyişikliyi də tənqid edib: "Hələ qərar da qəbul olunub ki, əsassız vəsatət qaldıranlar 500 manat cərimə olunsun. Bu 500 manatı kim verməlidir? Onu vəkil öz cibindən ödəyən deyil. İddiaçının boynuna qalır, onun da 500 manatı yoxdursa, vəsatət verməkdən ehtiyyat edir. Belə çıxır ki, məhkəmə deyir mən istədiyim qərarı verəcəm, sizin vəsatət vermək hüququnuz yoxdur. Mən həmin qanun layihəsinin əleyhinə səs vermişdim. Elə çıxır ki, biz hakimlərin, məhkəmələrin hüquqlarını qorumaqla məşğuluq. Hakimlər üçün daha effektiv şərait yaradırıq. Amma nəticə ona gəldi ki, biz onlara ədalət mühakiməsini tam olaraq yerinə yetirməmək üçün daha əlverişli şərait yaradırıq. Ona görə də hesab edirəm ki, bizdə daha çox ədalət mühakiməsinin düzgün formada yerinə yetirilməsinə töhfə verən qanun dəyişikliklərinə ehtiyac var".

R. Nurullayev deyib ki, məhkəmədəki sözügedən problemlə bağlı ciddi müzakirələr aparılmalıdır.

"Zahid Orucun fikirləri ilə də razıyam. Biz bir neçə gün əvvəl Milli Məclisin İnsan hüquqları komitəsində bu məsələni müzakirə etmişik. Mən də bu barədə danışmışam, təkliflər vermişəm. Komitə sədri hər zaman bizim təkliflərimizə həssaslıqla yanaşır. Hesab edirəm ki, bu məsələ ilə əlaqədar bütün məhkəmələr, prokurorluq orqanları, insan hüquqları ilə məşğul olan bütün dövlət qurumları ilə mütəmadi görüşlərin keçirilməsi vacibdir.

Bizim müəyyən suallarımız var, suallarımızı verək. Onlar da bu qərarları nəyə görə verdiklərini əsaslandırsınlar. Nəyə görə bəzi orqanlar notarius rolunu oynamaqla məşğuldur? Niyə onlar həqiqəti üzər çıxarmaq istəmir? Nəyə görə onlar presedent hüququ yaratmaqdan qorxurlar? Dünyanın bir çox başqa ölkələrində Avropa Məhkəməsi tərəfindən presedent hüququ yaranıb. Bax, o presedent hüququ ola-ola niyə buna əməl etmək istəmirlər, niyə özləri bir presedent hüququ yaratmaq istəmirlər? Bu sualları onlara vermək istəyirik", - deyə millət vəkili qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər