- 12:30
Bu gün Zəfər Günüdür. Bu gün Azərbaycan xalqının tarixində ən qürurlu səhifələrdən biridir. Bu gün o gündür ki, xalqımız 44 gün davam edən Vətən müharibəsində sarsılmaz iradəsini, birliyini və əzmini bütün dünyaya nümayiş etdirdi. Bu gün torpaqlarımızın azadlığı, xalqımızın ləyaqəti, dövlətimizin qüdrəti günüdür.
Zəfər Günü həm də şəhidlərimizin, qazilərimizin, ön cəbhədə və arxada çalışan hər bir vətən sevdalısının günüdür. Bu qələbənin təməlində onların fədakarlığı, cəsarəti və Vətən sevgisi dayanır. Əgər bu igid oğullar olmasaydı, bu gün biz qələbədən, azadlıqdan, Vətən torpağının yenidən dirçəlişindən danışa bilməzdik.
Vətən müharibəsində döyüşən qəhrəman oğullarımızdan biri də Zakir İmanovdur. O, təkcə bir əsgər deyil, Vətən sevgisinin canlı rəmzidir. Zakir deyir ki, hər bir azərbaycanlı kimi onun da ən böyük arzusu doğma Qarabağın işğaldan azad edilməsini görmək olub. Bu arzusunu reallaşdırmaq üçün o, müharibə başladığı gün heç kimə bir söz demədən, düşünmədən, tərəddüdsüz könüllü şəkildə cəbhəyə yollanır. Bu addım bir gəncin sadəcə döyüşə getməsi deyil, bir xalqın taleyinə, torpağın azadlığına yazılan mərdlik dastanının bir səhifəsidir. Zakir İmanov müharibənin ilk anından sonuna qədər döyüş meydanında olub. Yaralandıqdan sonra tibb məntəqəsinə göndərilsə də, o, mübarizəni davam etdirmək üçün qətiyyətlə döyüşə geri dönüb. Zəngilan, Füzuli, Ağdərə, Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətlərində baş verən döyüşlərdə fəal iştirak edib. O, silahdaşları ilə birgə düşmənin tankını ələ keçirərək mühüm bir qələbəyə imza atıb. Qəhrəman müsahibimiz "Zəngilanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Zakir İmanov kimi igidlərin sayəsində bu gün biz Zəfər Gününü qürurla qeyd edir, azad torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırırıq.
Bu düşüncələrlə söhbətə başladığımız Zakir İmanov e-huquq.az-a müsahibəsində bizə həm döyüş yolundan, həm də o günlərin unudulmaz xatirələrindən danışıb.

- Oxucularımıza özünüz haqqında qısa məlumat verərdinizmi?
- 1987-ci ildə Bakı şəhərində anadan olmuşam, əslən Zəngilan rayonundanam. Orta təhsilimi Binəqədi rayonunda almışam. 2004-cü ildə məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandım və Goranboy rayonunun Goran qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmət etdim. 2007-ci ildə Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmətə başladım, həmin dövrdə Lənkəranda yerləşən N saylı hərbi hissədə gizir vəzifəsində çalışırdım. Bir müddət sonra mülki həyata qayıdaraq Binəqədi rayonunda “Azərsu” ASC-nin idarəsində əmək fəaliyyətimi davam etdirdim.
- Müharibənin başlandığı xəbəri sizə necə təsir etdi? O an nə hiss etdiniz?
- Müharibədə iştirak etmək mənim illərlə daşıdığım bir arzu, bir amal idi. 2013-cü ildə təhsil almaq üçün Ukraynanın Kiyev şəhərində idim. Bir gün Maydan meydanında gəzərkən ermənilərlə qarşılaşdıq. Təsadüfən onlardan biri ilə çiyin-çiyinə dəydik və o, mənə qarşı təhqiramiz ifadələr işlətdi. Mən 6 il peşəkar boksla, 4 il isə qaydasız döyüşlə məşğul olmuşam; 6 dəfə respublika, 2 dəfə isə beynəlxalq çempion adını qazanmışam. Hadisə anında özümü saxlaya bilmədim və həmin erməniyə yumruq zərbəsi endirdim, nəticədə onun çənəsi qırıldı. Polis hadisəyə müdaxilə etdi və məni saxlayıb bölməyə apardı. Orada Azərbaycanlı olduğumu və etdiyimə görə peşman olmadığımı, əksinə, bununla fəxr etdiyimi açıq şəkildə dedim. Polis şöbəsində mənə qarşı zor tətbiq olundu, daha sonra isə deportasiya edildim. Vətənə qayıdanda valideynlərim mənimlə fəxr etdiklərini söylədilər.
Zaman keçdi, 2016-cı ilin aprel döyüşləri baş verdi, ardınca Tovuz hadisələrində general Polad Həşimov şəhid oldu. Artıq hamı anlayırdı ki, müharibə qaçılmazdır. Mənim üçün bu, çoxdan gözlədiyim bir çağırış idi.

- Döyüşə yollanmaq qərarını necə verdiniz? Bu qərar verəndə hansı hisslər - qorxu, həyəcan, qürur - üstünlük təşkil edirdi?
- Qorxu və həyəcan yox idi. Daxilimdə daha çox sevinc və əminlik hiss edirdim. Torpaqlarımız 30 ilə yaxın düşmənin tapdağı altında idi və mən, hər bir vətəndaş kimi, onu azad etməyə hazır idim. Ali Baş Komandanımıza və arxa dayağımız olan hərbçilərimizə inam vardı. Sentyabrın 24-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi Rayon İdarəsinə gedib könüllü olaraq adımı yazdırdım və orada bir gecə qaldım. İlk müraciətimdə məni müharibəyə aparmadılar. Yenidən qeydiyyata düşdükdən sonra evə qayıdıb işə getdim. Bir müddət sonra atam zəng edib dedi ki, səni idarəyə çağırırlar. Həmin gün güclü yağış yağırdı. Cibimdə pul yox idi. İş yoldaşımdan borc istəyib ondan son 5 manatını aldım. O, məndən hara getdiyimi soruşdu, “Müharibəyə” dedim. O da ağlayıb haqqını halal etdi. Paltarımı dəyişib taksi çağırdım, amma gəlmirdi. Buna baxmayaraq, sevincli halda piyada, qaça-qaça 20-ci sahə adlanan ərazidən Kukla Teatrına qədər gəldim. Yolda iki polis dayanmışdı. Onlara durumumu izah edib kömək istədim. Polislər taksi saxladılar və taksi ilə yoluma davam etdim. Müharibəyə getdiyimi eşidən taksi sürücüsü məndən pul almadı, əksinə, mənə 10 manat da uzadıb xeyir-dua verdi. Nəhayət, 27 sentyabr səhər yola düşdük. Bu hadisələrin hamısı mənim üçün həm vətənpərvərlik, həm də daxili bir çağırış idi. Qorxu yox, məsuliyyət və qürur üstünlük təşkil edirdi.
- Ailənizlə vidalaşarkən nə hiss etdiniz, onlara nə demişdiniz?
- Ailəmlə üz-üzə vidalaşa bilmədim. Onlar müharibəyə getməyimdən xəbərsiz idi. Ailəm televiziya kanallarının birində yayımlanan süjetdə məni görmüşdü. Dərhal zəng ediblər, telefonuma zəng çatmayanda isə anlayıblar ki, mən döyüşə yollanmışam. Bizi Bərdədəki “Günəş” şadlıq sarayına gətirdilər. Ora axşam saat 18:00-da çatdıq. Orada qruplara bölündük və daha sonra Mingəçevirdə yerləşən N saylı hərbi hissəyə göndərildik. Döyüşlərə kəşfiyyatçı kimi qoşuldum. Ailəmlə şəxsən vidalaşmaq şansı olmadığından, onların məndən narahat olmasını hiss etdim, amma eyni zamanda vətən qarşısındakı borcumu yerinə yetirmək üçün qərarlı idim.
- Ən çətin və ya yaddaqalan döyüş anınızı bizimlə bölüşə bilərsinizmi?
- Müharibədə ən yaddaqalan və ağır anlardan biri döyüş yoldaşlarımızdan birinin şəhid olması oldu. Onun üzü və bədəni tamamilə yanmışdı. Ərazidən cəsədini çıxararkən öz geyimimi onun üstünə sərdim. Həmin geyimin cibində adım yazılan kağız var idi. Çünki biz adımızı yazıb qoyurduq ki, əgər nəsə olsa, kimliyimiz müəyyənləşsin. Təəssüf ki, həmin şəhidin üzərindəki paltardan mənim adım çıxıb və ailəmə şəhid olduğum xəbəri verilib. Ailəm mənim yas məclisim üçün həyətdə çadır qurub. Həmin vaxt Suqovuşan istiqamətində ağır döyüşlər davam edirdi. Mən yalnız beş gün sonra ailəmlə əlaqə saxlaya bildim. Anama zəng edib sağ olduğumu dedim. O inana bilmirdi. Bu, nənim üçün çox çətin an idi.

- Döyüş meydanında Azərbaycan əsgərinin ruh halını necə təsvir edərdiniz?
- Bizim əsgərlərin ruh yüksəkliyi əla idi. Tabor komandirimiz çox peşəkar və diqqətli idi. Heç bir əsgərə və ya zabitə zərər gəlməsinə imkan verməzdi. Bəzən 10 dəqiqəlik yolu 1,5 saata gedirdik, amma onun taktiki manevrləri bizi düz düşmənin üstünə çıxarırdı. Biz haqq uğrunda, müqəddəs bir amal üçün döyüşürdük. Bu məqsəd və əminlik bütün əsgərlərin ruh yüksəkliyini yüksək saxlayırdı. Hamımızda bir azadlıq, qürur və vətənpərvərlik hissi hökm sürürdü.
- Heç elə bir an oldumu ki, "Bura mənim son nəfəsim ola bilər" deyə düşündünüz?
- Azərbaycanlıların qanında vətənpərvərlik hissi var, çünki bu, bizə babalarımızdan miras qalmış bir duyğudur. Hər birimiz torpaqlarımızı düşmən tapdağından azad etmək istəyirdik və Vətən müharibəsi bizə bu məqsədi reallaşdırmaq üçün bir fürsət oldu. Mən öz fiziki məhdudiyyətli qızımı evdə qoyub döyüşə yollanmışdım. Ona görə ölüm haqqında qətiyyən düşünmürdüm. Bəli, sağ qalacağıma əmin deyildim, çünki müharibə heç vaxt öncədən proqnozlaşdırıla bilməz. Nə baş verəcəyini heç kim bilmir, bu həm də bir növ qismət, Allahın işidir. Amma tale elə gətirdi ki, sağ qaldım və evimə, ailəmə qovuşdum.
- Döyüş yoldaşlarınızla aranızdakı bağ necə idi? Əlaqəniz varmı onlarla? İndi onları xatırlayanda ağlınıza ilk kim gəlir?
- Döyüş yoldaşlarımla minlərlə dərin xatirələrimiz var. Suqovuşan döyüşləri zamanı həyatın ən sərt, ən çətin məqamlarını birlikdə keçirdik. Bəzən yemək yox idi, bəzən çarəsizliyə görə ermənilərin saxladığı qidaları götürüb yemək məcburiyyətində qalırdıq. Həm sağ qalmaq uğrunda mübarizə apardıq, həm də itkilərin acısını bölüşdük. Yoldaşlarımızdan bəziləri sağ qaldı, bəziləri isə şəhid oldu. Ağdərə istiqamətində gedən qızğın əməliyyatlardan birində komandirin tapşırığı ilə dörd nəfərlik qrup şəklində hərəkət edirdik. Əsgərlərə tapşırmışdım ki, mənsiz hərəkət etməyin. Ermənilərin mövqeyinə yaxınlaşdıq. Onların maşınları, texnikaları hamısı bizdə idi. “Hundai” markalı maşında gümüş sep tapdım. Sepi əsgərlərə göstərəndə atəş açıldı. Hamıya aşağı yatmaq barədə tapşırıq verdim. O vaxt 3 əsgərimiz yaralandı. Dəbilqələrinə vurdum ki, şokdan ayılsınlar. Bu məqamda həmin əsgərlərdən birinin yıxıldığını gördüm. Dedi ki, su istəyirəm. Həmin vaxt su da yox idi. Ərazidən çıxa bilmirdik. 20 metr qabaqda yaralıları aparmaq üçün tibbi maşın var idi. Mənə dedilər ki, o qalsın, biz gəlib onu götürərik, sən özün gəl. Həmin əsgərin yanında isə donuz var idi. Elə bil Allahdan mənə güc gəldi. Donuzu götürüb kənara tulladım. Gördüm əsgər sağdır. Sürünə-sürünə birtəhər onu götürüb maşına qoyduq. Soruşdu ki, komandir, öləcəm mən? Dedim sən niyə ölürsən. Yetim uşaq idi, heç kimi yox idi. Sürücüyə tapşırdım ki, elə sürün ki, toz torpaq yaransın, sizi vura bilməsinlər, qəti şəkildə dayanmayın. Maşında 18 nəfər var idi. Maşın Suqovuşandan Talışa qalxmalı idi, ermənilər isə dağdan hücum edirdi. Təəssüf ki, ermənilər o maşını vurdu. 18 nəfər maşında yanaraq öldü. (red: kövrəlir). Sağ qalanların əksəri ilə indi də əlaqələrimiz var, tez-tez görüşürük. Onları heç vaxt unutmuram, unutmaram da.
- Qələbə xəbərini harada və necə eşitdiniz? Həmin an nələr hiss etdiniz?
Noyabrın 5-də minamyot zərbəsindən qəlpə yarası almışdım. Tibb məntəqəsində ayağımdakı qəlpəni çıxardılar, lakin onurğa sütunumdakı qəlpə hələ də qalır. Bir gün xəstəxanada qaldıqdan sonra yenidən cəbhəyə yollandım. Elə əsgərlər var idi ki, mənim vəziyyətimdən daha ağır idi, amma mən könüllü olaraq cəbhəyə getmişdim. Düşündüm ki, cəbhəyə geri qayıtmalıyam. Noyabrın 8-də qələbə xəbərini eşidəndə Suqovuşandan Ağdərəyə girməyə hazırlaşırdıq. Qərargah rəisimiz bizə Zəfər xəbərini verdi. Bütün əsgərlər sevindi, amma döyüşlər hələ də davam edirdi.

- Evə qayıdanda ilk dəfə ananızı, atanızı, ailənizi görəndə nə hiss etdiniz?
- Qələbədən sonra biz hələ də hərbi hissədə qalırdıq. Laçın, Kəlbəcər bölgələrinin mühafizəsinə qalxdıq, strateji mövqelərdə ən çox Talış və Suqovuşan bölgələrində olduq. Döyüşlər çox çətin və yorucu idi. Yanvar ayında, çox çətin bir dövrün ardından evə qayıtdım. Evə çatanda ailəm çox sevindi, atam və anam sevincdən ağladılar. Mənim bacım da könüllü olaraq tibb işçisi kimi döyüşlərdə iştirak etmişdi və humanitar yardımların çatdırılmasında aktiv rol oynamışdı. Suqovuşana mənim yanıma gəlmişdi, amma onların maşınına atəş açıldı. Xoşbəxtlikdən, dərhal müdaxilə olundu və bədbəxt hadisə baş vermədi. Gəlməzdən əvvəl ailəmlə əlaqə saxlamışdım. Dedim ki, gələcəm, amma xüsusi təmtərağa ehtiyac yoxdur. Anamgil etiraz etsələr də, mən razı olmadım. Müharibə sonrasında isə mən hər zaman döyüş yoldaşlarımı, şəhidlərimizi düşünürdüm. Çünki mən sağ qayıtdım, amma çox sayda insan şəhid olmuşdu, onların anaları gözüyaşlı qalmışdı. O anı heç vaxt unuda bilmədim.
- Hazırda fəaliyyətiniz nədən ibarətdir?
- Hazırda əsas məqsədim ailəmə daha çox vaxt ayırmaqdır. İmkan daxilində şəhidlərimizin məzarlarını ziyarət edir, onların ailələri ilə görüşürəm və onlara dəstək olmağa çalışıram. Müharibədən sonra müəyyən müddət müalicə aldım. Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Səbail rayon Su İdarəsində çalışıram. İş kollektivim mənə böyük dəstək göstərib. Agentliyin sədri Zaur Mikayılov, onun köməkçisi və idarə rəisi tez-tez mənimlə əlaqə saxlayır, problemlərimi dinləyir və həllinə çalışırlar.
- Cəmiyyətin sizə və digər qazilərə münasibətini necə qiymətləndirirsiniz?
- Həm dövlətimizin, həm də xalqımızın qazilərə münasibətini yüksək qiymətləndirirəm. Deyə bilərəm ki, qazilərə xüsusi diqqət və qayğı göstərilir. Biz var-dövlət yox, yaddaşlarda qalmaq istəyirik Dövlət xəstəxanalarında qazilər üçün xüsusi şöbələr var ki, bu da bizim ehtiyaclarımızı nəzərə alır. Lakin təəssüf ki, bəzi müharibə iştirakçıları hələ də diqqətdən kənarda qalıb. Fürsətdən istifadə edərək media nümayəndələrinə də təşəkkür edirəm. Tez-tez onların problemlərini işıqlandırır və cəmiyyətə çatdırırsınız. Biz döyüş meydanında savaşırdıq, onlar isə informasiya cəbhəsində bizə dəstək oldular. Bu, çox önəmlidir. Dünya artıq Azərbaycanın Vətən müharibəsindəki qüdrətini və haqlı mövqeyini gördü.

- Müharibədən sonra psixoloji və ya fiziki adaptasiya prosesi sizin üçün necə keçdi?
- Müharibədən qayıdandan sonra təqribən bir ay yarım müddətində yemək yeyə bilmədim. Bütün o yaşadıqlarım gözümün önündən kino lenti kimi keçir, hər an bir-birinin ardınca gəlirdi. Döyüşdə olanda, bu gün çörək kəsdiyimiz döyüş yoldaşımız sabah şəhid olurdu. Bu mənə çox təsir edirdi. Hətta bəzən su belə içmək istəmirdim, çünki o anlar yadımda canlanırdı. Qayıtdıqdan sonra müalicə aldım və ailəm mənim ən böyük dəstəkçim oldu. Onların yanımda olması, mənə göstərdikləri sevgi və anlayış, o ağır anları aşmağımda çox kömək etdi. Adaptasiya prosesi heç də asan olmadı, amma zamanla özümü toparladım. Bu, həm fiziki, həm də psixoloji olaraq uzun bir yol idi.
- Müharibədən sonra işğaldan azad olunan ərazilərə getmisinizmi? Orada olarkən hansı hissləri keçirdiniz?
- Müharibədən sonra Xankəndidə, Şuşada və Laçında olmuşam. Əslən Zəngilandan olsam da, hələlik oraya getmək mənə qismət olmayıb, amma arzularımdan biri Zəngilanda olmaqdır. İnşallah, bir gün ora da gedəcəm. O torpaqlarda olduğumda böyük bir qürur hissi keçirdim. Çünki şəhidlərimizin ruhu o yerlərdədir. Biz onlara güvənirik və onların verdiyi şəhidlik mübarizəsini daim yaşadırıq. Bu gün Qarabağda böyük quruculuq işləri aparılır. Məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Qarabağda həyat yenidən dirçəlir. Ali Baş Komandanın da dediyi kimi, torpaqlar bizi görüb canlanır. O yerlərdə hər bir addımımızda keçmişin ağrıları, bu günün qələbəsi hiss olunur.
- Bu gün gənclərə, xüsusən də vətənpərvərlik ruhunda böyüyən uşaqlara nə demək istərdiniz?
- Təəssüf ki, bu gün gənclərimizin aktivlik səviyyəsi gözləntiləri tam qarşılamır. Bizim dövrümüzdə tərbiyəni artıq uşaq bağçasından, məktəbdən alırdıq. Məktəbdə müəllimlərimiz qarşısında həyəcanlanırdıq, çünki onlar bizə Vətən sevgisini, milli dəyərləri, torpaqlarımızın işğal altında olduğunu aşılaya bilirdilər. Biz həmin müəllimlərin yetişdirdiyi uşaqlar olaraq bu torpaqları azad etdik. Amma indiki gənclər texnologiyaya o qədər aludə olub ki, bəzi vacib prinsipləri unudurlar. Mən onlara tövsiyə edərdim ki, valideyn və müəllim sözünü diqqətlə dinləsinlər. Hər zaman unudulmamalıdır ki, gənclərimizin əsas vəzifəsi Vətənimizi qorumaqdır, çünki Vətən ana deməkdir.
Şəbnəm Mehdizadə