Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 1 milyon manat ayırdı


  • 31 İyul 2020 12:12

Prezident İlham Əliyev Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

E-huquq.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Oxşar xəbərlər