Seyşel adalarında nəhəng tısbağaların sayı 180 mini ötüb


  • 17:07

Seyşel adalarının Aldabra atollunda sərbəst yaşayan nəhəng tısbağaların sayı təxminən 180 minə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici növ üçün indiyədək qeydə alınan ən yüksək nəticə hesab olunur və uzunmüddətli mühafizə tədbirlərinin uğurunu nümayiş etdirir.

Seyşel Adaları Fondu və Ekseter Universitetinin rəhbərlik etdiyi tədqiqatın nəticələri Ecology and Evolution jurnalında dərc olunub. 2018–2022-ci illərdə aparılan müşahidələrə əsasən, populyasiya sabit qalıb. Əvvəlki qiymətləndirmələrdə, 1990-cı illərin sonlarında tısbağaların sayının təxminən 100 min olduğu bildirilirdi.

XIX əsrdə kütləvi ovlanma nəticəsində Aldabra tısbağalarının sayı kəskin azalmış, adada cəmi minə yaxın fərd qalmışdı. Sonrakı illərdə həyata keçirilən mühafizə tədbirləri sayəsində populyasiya bərpa olunub. Aldabra atollu 1982-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.

Bununla belə, tədqiqatçılar növün gələcəyinin təhlükəsiz olmadığını vurğulayırlar. İqlim dəyişikliyi, uzanan quraqlıqlar, dəniz səviyyəsinin yüksəlməsi və tısbağa yumurtaları ilə balalarını ovlayan invaziv növlər populyasiya üçün əsas təhlükələr olaraq qalır.

Alimlər hesab edirlər ki, yeni tədqiqat gələcək illərdə tısbağaların sayındakı dəyişiklikləri izləmək və onların qorunması üçün daha səmərəli tədbirlər görmək baxımından mühüm baza yaradacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər