- 12:50
“Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) Bakıda keçirilən payız konfransı həm yerli vəkillər, həm də xarici qonaqlar üçün faydalı olacaq”.
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Nurəngiz Qarayeva bildirib.
Onun sözlərinə görə, konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqlar və rəsmi şəxslər Bakıya səfər ediblər.
Vəkil qeyd edib ki, konfransın əsas mövzusu müasir dövrdə bütün dünyada aktuallıq kəsb edən süni intellekt və onun hüquq sahəsinə təsirləridir.
N.Qarayeva vurğulayıb ki, konfrans çərçivəsində bu məsələlərin müzakirəsi iştirakçılara mövzu ilə bağlı biliklərini artırmaq və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı yaradacaq.
“Bu mövzunun həm konfransda iştirak edən yerli vəkillər, həm də xarici qonaqlar üçün faydalı olacağını düşünürəm. Çünki süni intellektin hüquq sahəsində tətbiqi, yaratdığı imkanlar və meydana çıxardığı hüquqi məsələlər hazırda gənc hüquqşünasların, vəkillərin və hakimlərin xüsusi maraq göstərdiyi istiqamətlərdəndir”, - deyə o bildirib.
Vəkil qeyd edib ki, bu cür beynəlxalq tədbirlər hüquq sahəsində təcrübə mübadiləsi aparmaq, fərqli yanaşmalarla tanış olmaq və peşəkar əlaqələri genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, 8-11 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Gənc Vəkillər Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda EYBA-nın “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar” mövzusunda payız konfransı - “EYBA Autumn Conference 2026” keçirilir.
Şəbnəm Mehdizadə