- 12:45
"Bakı şəhərində olmaqdan böyük məmnunluq və qürur duyuruq. Bakının artıq konfranslarımızın keçirildiyi şəhərlər xəritəsində yer alması bizi çox sevindirir. Bu möhtəşəm konfransda iştirak etmək bizim üçün olduqca vacibdir. Bütün bu tədbirlərin hazırlanmasına və təşkilinə görə Azərbaycan Vəkillər Kollegiyasına minnətdarlığımızı bildiririk".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) vitse-prezidenti Federiko Kamurati deyib.
O bildirib ki, dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən vəkillər arasında əməkdaşlığın təşviqinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi hər zaman böyük əhəmiyyət daşıyır: "Bu cür tədbirlərin Bakıda keçirilməsi isə şəhərin həm geosiyasi, həm də tarixi baxımdan dünya üçün daşıdığı əhəmiyyətə görə xüsusi önəm kəsb edir".
F.Kamurati qeyd edib ki, buradakı əsas mesaj körpülər qurmağın zəruriliyidir: "Xüsusilə milli maraqların ön plana çıxdığı indiki tarixi məqamda bu cür tədbirlər və təşəbbüslər əməkdaşlığın, hüququn aliliyinin, beynəlxalq hüququn və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən hüquqşünaslar arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir".
Şəbnəm Mehdizadə