- 11:28
Vəkil Nurəngiz Qarayevanın e-huquq.az-a müsahibəsi:
- Dekabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirildi. Konfransda Kollegiyaya sədr seçkiləri keçirildi, həmçinin Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının tərkibi yenidən formalaşdırıldı. Bu konfrans və seçkilər barədə fikirlərinizi öyrənmək istərdik...
- İlk növbədə onu deyim ki, konfrans çox möhtəşəm təşkil olunmuşdu. Seçkilərə gəlincə isə, vəkillik təcrübəmdə ilk dəfə idi ki, səsvermədə iştirak edirdim. Əminliklə deyə bilərəm ki, seçki çox şəffaf və demokratik şəkildə keçirildi. Bütün vəkillər yekdillikdə hörmətli Anar Bağırova səs verdi və o, yenidən Vəkillər Kollegiyasının sədri seçildi. Təbii ki, bu son 5 ildə aparılan islahatların, görülən işlərin nəticəsi idi ki, Anar müəllimə yenidən etimad göstərildi. Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının yeni formalaşan tərkibi də biz vəkillərin ürəyincədir. Çünki həqiqətən də çox doğru və uğurlu seçimlər olub.
- Nurəngiz xanım, siz vəkil kimi son illərdə bu sahədə aparılan islahatları necə qiymətləndirirsiniz?
- Mən 2018-ci ildən vəkillik fəaliyyətinə başlamışam. Bundan öncəki fəaliyyətim isə məhkəmə aparatında olub. Yəni, hüquq sahəsində olmuşam, vəkilliklə bağlı dəyişiklikləri, yenilikləri izləmişəm. Deyə bilərəm ki, bu sahədə irəliləyişlər, mühüm islahatlar 2017-ci ildən başladı. Bu gün Azərbaycan vəkilliyi bir çox nailiyyətlərə imza atıb. Bunlardan ilk növbədə vəkillərin peşə bayramı günü “Vəkil günü”nün təsis edilməsini göstərə bilərəm. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Bu, biz vəkillər üçün çox böyük qürurdur. Şadıq ki, biz də artıq hər il öz peşə günümüzü qeyd edirik. Son illərdə görülən işlərdən danışarkən müasir standartlara cavab verən vəkil qurumlarının yaradılmasını da xüsusi vurğulamaq istərdim. Xatırlayıram ki, illər öncə vəkil qurumları, şəraitsiz, təmirsiz vəziyyətdə idi və bu da istər-istəməz vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsinə mane olurdu. Lakin indi vəziyyət tamam dəyişib. Paytaxt Bakıda və regionlarda vəkil qurumlarının bir çoxu tam yeni və ya əsaslı təmir edilib, maddi-texniki və digər avadanlıqla təmin olunub. Təbii ki, bu da vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığına xidmət edir. Son illərdə əldə olunan ən önəmli nəticələrdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə hər iş saatına görə ödənilən vəsaitin 3 dəfə artırılaraq 2 manatdan 6 manata qaldırılması oldu. Çünki əvvəllər həqiqətən də bu məbləğ çox az idi və vəkilin çəkdiyi əziyyəti qarşılamırdı.
- Sizcə hazırkı məbləğ yetərlidirmi?
- Xeyr. Hesab edirəm ki, bu məbləğin artırılmasına ehtiyac var. Çünki vəkillər dövlət hesabına hüquqi yardımı, doğrudan da, çox məsuliyyətli və peşəkar şəkildə həyata keçirirlər. Yəni, icraatlarında olan digər işlərdən ayırmırlar və heç də onlardan az diqqət göstərmirlər. Mən özüm də dəfələrlə şahidi olmuşam ki, vəkil həmkarlarım dövlət hesabına çıxdıqları işdə çox peşəkarcasına müdafiəni həyata keçirib və hətta bəraət hökmünün çıxarılmasına da nail olublar. Təbii ki, vəkil bütün bu işlərə vaxt, enerji sərf edir. Düşünürəm ki, bütün bu əziyyətin qarşılığında 6 manat məbləğ, doğrudan da, çox azdır.

- Bu il Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı yaradılıb. Siz də bu alyansın üzvlərindən birisiniz. Bilmək istərdik, alyansın yaradılmasında məqsəd nədir və fəaliyyəti nədən ibarət olacaq?
- Bu alyans qadınlar və uşaqlara dair insan hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiəsinin gücləndirilməsi, qadınlar və uşaqlar arasında hüquqi maarifləndirmə işinin aparılması, cəmiyyətin ictimai, sosial, mədəni və hüquqi sferasında qadın vəkillərin rolunun artırılması və fəal iştirakının təmin edilməsi, hüquqşünas qadınlar arasında vəkil peşəsinin təbliği və qadın vəkillərin sayının artırılması məqsədilə yaradılıb. Yeni yaradılmasına baxmayaraq, artıq çox böyük işlər görülüb. Oktyabr ayında Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı Gəncə şəhərində regional görüş keçirdi. Tədbirdə Qadın Vəkillər Alyansının sədri, təsisçiləri, Gəncə, Şəmkir, Mingəçevir və digər rayonlarda vəkillik fəaliyyəti ilə məşğul olan qadın vəkillər, “Təmas Regional İnkişaf" İctimai Birliyinin rəhbəri, eyni zamanda Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru Südabə Məmmədova və digər şəxslər iştirak etdilər. Tədbirdə regionlarda fəaliyyət göstərən qadın vəkillərin problemləri dinlənildi, mövzü ətrafında müzakirələr aparıldı. Səfər çərçivəsində Alyansın fəaliyyət istiqamətini genişləndirmək məqsədilə Gəncə şəhərində bir sıra görüşlər keçirildi. Ötən ay isə Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda tədbirdə iştirak etdik. Burada qadın məhkumlara ödənişsiz hüquqi yardım etdik. Yəni, bu kimi bir sıra fəaliyyətlərimiz olub və qarşıda da çox mühüm layihələrimiz var ki, onların icrası istiqamətində çalışırıq. Hesab edirəm ki, Qadın Vəkillər Alyansı özünü doğrulacaq və qarşıya qoyulan hədəflərə nail olacaq.
- Bu gün gənc hüquqşünaslar arasında vəkilliyə böyük maraq var. Sizcə, gənclərin vəkilliyə cəlb olunması üçün daha hansı işlər görülməlidir?
- Hesab edirəm ki, Vəkillər Kollegiyasının bu sahədəki fəaliyyəti həqiqətən də təqdirəlayiqdir. Bilirsiz ki, Kollegiya hüquq təhsili verən bir çox ali məktəblə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər gənc hüquqşünaslar arasında vəkillik peşəsinin populyarlaşmasına çox böyük təsir edir. Gənclərin vəkillik peşəsinə marağının artmasında xüsusi rol oynayan tədbirlərdən biri də cari ildə tələbələr üçün həyata keçirilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin təşkili oldu. Yay məktəbində xeyli sayda tələbə iştirak edirdi ki, bu da peşəmizə olan marağın göstəricisidir. Amma düşünürəm ki, universitetlərdə vəkillik hüququnun tədris olunması çox yaxşı olardı. Çünki vəkillik elə bir sahədir ki, oxumaq kifayət etmir, təcrübə mütləqdir. Bilirisiniz ki, indi vəkilliyə qəbul üçün tələb olunan 3 illik iş stajının 1 ilədək azaldılması təklif olunur. Ona görə də qeyd etdiyim fənnin tədrisi gənc hüquqşünasların gələcəkdə vəkil kimi çalışarkən daha təcrübəli olmasına töhfə verər.
- Nurəngiz xanım, necə düşünürsüz, bu gün cəmiyyətdə vəkillərə yetərincə inam varmı?
- Bəli. Düşünürəm ki, son illərdə vəkilliyin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Cəmiyyətdə vəkillərə inam güclənib. Əvvəllər münasibət fərqli idi. Amma indi hüquqi yardım üçün müraciət edən şəxs vəkilə etibar edir. Düşünürəm ki, bu inamın artması üçün biz vəkillər də çalışmalıyıq. Bilirsiz, bəzən vəkil hüquqi yardım göstərdiyi şəxsə işin nəticəsi barədə vəd verir. Sonda isə nəticə vədlə üst-üstə düşməyəndə təbii ki, vətəndaşda inamsızlıq yaranır. Ona görə də ilk növbədə bu məsələlərdə diqqətli olmalıyıq. Hətta nəticəsinə 100% əmin olduğumuz iş barədə belə əminliklə vəd verməyimiz doğru deyil. Biz vəkil olaraq yalnız işin perpektivi barədə danışa bilər, mümkün ehtimalları deyə bilərik. Çünki məhkəmənin gedişatında hə an yeni situasiya ortaya çıxa bilər.
- Bəs, vətəndaşlarımızın hüquqi bilik səviyyəsindən bir vəkil kimi razısınızmı?
- Bu sahədə boşluqlar mövcuddur. Maarifləndirmənin aparılmasına, vətəndaşların hüquqi biliklərinin artırılmasına ehtiyac var. Çünki görürəm ki, bizdə bəzən hər hansı hüquqi məsələ ilə bağlı peşəkar hüquqşünasın, vəkilin sözündən çox qonşunun, qohumun sözünə inanırlar. Hər hansı bir hadisə baş verir, deyir ki, qohumda, yaxud filankəsdə belə olmuşdu, o da bu cür etdi və s. Halbuki vəkilə müraciət etməsə belə, internetdə adi bir araşdırma aparmaqla ilkin məlumatları əldə edə bilər.
Xəyalə Bünyatova