28 May - Tarixi yaddaşın və milli iradənin günü


  • 28 May 00:01

Tarixdə elə günlər var ki, o günlər təkcə xalqın taleyini dəyişmir, həm də bir millətin kimliyini, gələcəyini müəyyən edir.

E-huquq.az xəbər verir ki, Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik 28 May tarixi məhz belə günlərdəndir. 1918-ci ilin bu günü yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi tarixə düşdü. Uzun illər bu gün "Respublika Günü" kimi qeyd olunsa da, 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq Qanunla 28 May tarixi "Müstəqillik Günü" adlandırıldı. Bu qərar xalqımızın azadlıq ideallarına verdiyi dəyərin təzahürü olmaqla yanaşı, həm də tarixi məntiqin düzgün şəkildə ifadəsi idi. Çünki Azərbaycanın Müstəqillik Günü təkcə keçmişin təntənəsi deyil, bu günün reallığı və gələcəyin istiqamətidir.

Azərbaycan xalqı 20-ci əsrdə iki dəfə dövlət müstəqilliyini elan edərək, dünya tarixinə azadlıq və milli iradə nümunəsi kimi daxil oldu. İlk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə, 1991-ci ildə sovet imperiyasının süqutundan sonra yenidən. Hər iki mərhələdə müstəqilliyimiz böyük əzm və mübarizə ilə müşayiət olundu. Əlbəttə, tarixdə yalnız milli kimliyi yaşadanlar və dövlət qurmaq məharətinə malik olanlar bunu bacara bilərlər. Bu gün iftixar hissi ilə deyə bilərik ki, biz bunu ləyaqətlə bacaranlardan olduq.

1918-ci il mayın 28-də Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi ilə bu coğrafiyada Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Şərqdə ilk dəfə olaraq müsəlman bir xalq respublika idarəetməsi modelini seçdi. Parlament quruldu, ordu yaradıldı, üçrəngli bayraq dalğalandı, qadınlara seçki hüququ verildi, dövlət dili elan olundu. Qanun, hüquq, azadlıq - bunlar artıq bu torpağın öz sözləri idi. Bu həm də millətin ilk dəfə öz səsini dünyaya çatdırdığı gün idi.

Yeni qurulan bu dövlət demokratik əsaslarla fəaliyyət göstərsə də, təəssüf ki, bütün məqsəd və ideyaları həyata keçirə bilmədi. Çünki 1920-ci ilin aprelində kənar hərbi müdaxilələr qarşısında duruş gətirmək çətin idi. Bu Cümhuriyyət cəmi 23 ay yaşasa da, ali qanunverici orqan olan parlamenti də yaratmağın öhdəsindən gələ bildi. Ən əsası, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman dövləti kimi dünya tarixinə düşdü.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Cümhuriyyətin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Lakin sonralar Azərbaycan nominal muxtariyyətlə məhdudlaşdırılmış bir sovet respublikası kimi mövcud oldu. 70 il bu şəkildə idarə edilən xalqımız öz müstəqillik idealını heç vaxt unutmadı. Xalq Cümhuriyyətinin irsi, onun siyasi və hüquqi əsasları milli yaddaşda yaşadı və nəhayət, 1991-ci ildə SSRİ-nin dağılması ilə bu ideal yenidən reallaşdı. Lakin yenidən əldə olunan müstəqillik çox mürəkkəb və ziddiyyətli dövrə təsadüf edirdi.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunaraq, müasir müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi.

XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Sözsüz ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

1991-1993-cü illərdə dərin siyasi böhran içərisində olan ölkəmiz iqtisadi tənəzzül dövrünü yaşayırdı. Heydər Əliyevin qayıdışı dönüş nöqtəsi oldu. Dövlətçiliyin bərpası, qanunsuz silahlı dəstələrin ləğvi, hüquqi sistemin formalaşdırılması və xarici siyasətdə balansın bərpası məhz onun qətiyyətli addımları sayəsində mümkün oldu.

Əlbəttə ki, belə bir dövürdə Ulu Öndər Heydər Əliyev müstəqilliyi qorumağı və onu möhkəmləndirməyi özünün əsas vəzifəsi hesab edirdi. O, Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini müəyyənləşdirdi və Cümhuriyyət irsini müasir müstəqil yeni dövlətə ideoloji əsas kimi götürdü. Onun siyasi xətti Azərbaycanın sabitliyinin, inkişafının və milli həmrəyliyinin əsasını qoydu. Heydər Əliyevin ən mühüm tarixi xidmətlərindən biri də gələcək nəsillərə müstəqil dövlətçilik ənənəsini ötürmək oldu. Beləliklə, 1918-ci ildə qurulan Cümhuriyyətin ideyaları 1991-ci ildə yenidən bərpa olundu, 1993-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə möhkəmləndi və 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi.

2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutu idi. Bundan başqa, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis edilməsi də bu dəyərin daha bir təsdiqi idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanındı, regionda lider mövqe qazandı. Lakin bu dövrün əsas məqsədi təkcə inkişaf deyil, həm də ərazi bütövlüyünün bərpası idi.

Ötən illər dövlətimizin başçısının atdığı hər bir addım doğma Azərbaycanın inkişafına, torpaqların işğaldan azad olunmasına yönəlmişdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi: işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

Vətən müharibəsində dövlətimizin tarixi Zəfəri bu siyasi və tarixi xəttin məntiqi nəticəsi oldu.

30 il Ermənistan işğalında qalan Azərbaycanın 20 faiz torpaqları 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Bu zəfər Prezident İlham Əliyevin qətiyyətli siyasi və diplomatik fəaliyyəti, Azərbaycan Ordusunun gücü və xalqın birliyi nəticəsində mümkün oldu. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suverenliyinə qovuşdu. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası və Cümhuriyyət ideyalarının reallaşması idi.

2023-cü ilin sentyabrında aparılan lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın konstitusiya quruluşu və suverenliyi bütün ölkə ərazisində bərpa olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız hüquqi və siyasi deyil, həm də ideoloji məqam idi. Qürurverici haldır ki, artıq dövlətimiz bütün ərazilərinə tam nəzarət edir və heç bir hərbi-siyasi qeyri-müəyyənlik qalmayıb.

Bu gün Azərbaycan müstəqil, suveren, hüquqi və dünyəvi dövlətdir. Ölkə öz gələcəyini müstəqil şəkildə müəyyən edir, milli maraqlar əsasında siyasət yürüdür. 28 May - yalnız bir tarix deyil, həm də dövlətçilik fəlsəfəmizin və milli ideologiyamızın əsas dayağıdır.

Bu gün həm də bizə bir məsuliyyət hissi aşılayır. Bu tarixin dəyəri Vətəni qoruyan əsgərin andında, alimin elmində, müəllimin dərsində, həkimin əllərində, gənclərin zəhmət və iradəsində yaşamalıdır. Çünki müstəqillik, sadəcə, əldə edilən deyil, qorunan, yaşadılan bir dəyərdir.

Oxşar xəbərlər