Bəzi Qərb dairələri müharibə cinayətlərində ittiham olunan şəxsləri “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışır - DEPUTAT


  • 12:50

“Azərbaycan Respublikasının fundamental beynəlxalq-hüquqi öhdəliklərinə uyğun olaraq soyqırım, insanlıq əlehinə cinayətlər və müharibə cinayətlərinə görə ədalət mühakiməsinin həyata keçirilməsinə rəğmən, bəzi Qərb dairələri bu məsələyə selektiv yanaşma sərgiləyir, müharibə canilərini “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışırlar”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, beynəlxalq cinayətlərə görə cəzasızliğın aradan qaldırılması istiqamətində atılan ardıcıl addımlar birmənalı olaraq milli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsindədir.

“İlk növbədə vurğulamaq lazımdır ki, müharibə canilərinin təqib edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilən ərazi və vətəndaşlıq prinsiplərinə əsaslanır. Hazırda milli məhkəmə baxışının predmeti olan cinayət əməlləri Azərbaycanın ayrılmaz tərkib hissəsi - Qarabağda baş vermişdir və bu əməllərə münasibətdə ərazi yurisdikisyası tətbiq edilir. Digər tərəfdən insanlıq məvhumunu sarsıdan cinayətlərin qurbanları Azərbaycan vətəndaşlarıdırlar və bu faktor öz növbəsində milli cinayət yurisdiksiyasının tətbiqi üçün legitim hüquqi bağlantı yaradır”, - deyə deputat qeyd edib.

N.Səfərov vurğulayıb ki, ikinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan beynəlxalq humanitar hüququn bünövrəsini təşkil edən universal müqavilələrin iştirakçısıdır və öz öhdəliklərinə ciddi formada riayət edir: “12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyalarının hər birində müharibə cinayətləri törətmiş şəxslərin cinayət təqibi öhdəliyi açıq şəkildə təsbit olunmuşdur. Analoji hüquqi öhdəlik Azərbaycanın 31 may 1996-cı il tarixində qoşulduğu “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın 1-ci maddəsində əksini tapıb. Maraq doğuran digər məqam ondan ibarətdir ki, BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən hazirlanan və Baş Assambleya tərəfindən qəbul olunması nəzərdə tutulan “İnsanlıq əlehinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında” Konvensiya layihəsinin 3-cü maddəsində bu əməllərin beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət kimi tövsif olunması və hər bir dövlət tərəfindən cəzalandırması əksini tapmışdır. Beynəlxalq cinayətlərin təqibi məsələsində siyasi və hüquqi riyakarlığa yol verən Qərb dairələrinə xatırlatmaq istərdim ki, BMT-nin Beynəlxalq Məhkəməsi hələ 1970-ci ildə “Barselona Trekşn” işində bəyan etmişdir ki, soyqırım cinayətinin qadağan edilməsindən irəli gələn öhdəliklər öz mahiyyətinə görə bütün dövlətlər üçün mütləq xarakter daşıyır və bu cür cinayətlərin təqibində bütövlükdə beynəlxalq birliyin hüquqi marağı mövcuddur. Müharibə canilərini cəzalandıraraq Azərbaycan bütöv bəşəriyyəti təmsil edir və beynəlxalq miqyasda qanunun aliliyini təmin edilməsi üçün zəruri addımları atacaq”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər