- 09:52
Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
"Bu gün "Abşeron" yatağının II mərhələsinin işlənməsi üzrə müqavilə imzalanacaq ki, bu da 3-4 ildən sonra Azərbaycanda qaz hasilatını daha 5 milyard kubmetr artıracaq. "Exxon" şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə daha bir müqavilə imzalanacaq", - dövlət başçısı deyib.
Prezident İlham Əliyevin sözlərinə görə, beləliklə, neft-qaz sektoru əvvəlki kimi ən cəlbedici seqmentlərdən biri və investisiya həcmləri baxımından ən böyük seqment olacaq: "Bu, uzunmüddətli perspektivdir".
Azərbaycan Prezidenti vurğulayıb ki, hazırda qalıq yanacağına münasibətdə əsas avroatlantik trend ABŞ Prezidenti Donald Trampın sayəsində dəyişib.