- 19:06
“Məhkəmə sistemində ədalətin təmin edilməsi təkcə hakimlərdən deyil, peşəkar hüquqşünas və vəkillərdən də asılıdır. Onların bu prosesdə əməyi vacibdir”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov APA-ya müsahibəsində bildirib.
İnam Kərimov vətəndaşın gözləntisi ilə məhkəmə qərarı arasında fərqin yaranmasına təsir edən əsas məsələlərdən birinin sübutların məhkəməyə düzgün və vaxtında təqdim edilməsi olduğunu vurğulayıb.
“Məsələn, borc verilmiş və ya podrat münasibətləri çərçivəsində ödəniş həqiqətən həyata keçirilmiş ola bilər. Ancaq bununla bağlı sübutlar məhkəməyə təqdim edilmirsə, bu, əlbəttə ki, qəbul ediləcək qərara təsir göstərə bilər”, – deyə sədr qeyd edib.
Məhkəmə proseslərinin müddətinə də toxunan İnam Kərimov sürətlə yanaşı, ədalətin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, qanunvericilik məhkəmə prosesində tərəflərə bərabər hüquqlar verir və əsas məqsəd hər iki tərəfin hüquqlarını təmin etməklə balansı qorumaqdır.
Sədr bəzi hallarda proseslərin uzanmasına hakimlərin iş yükünün də təsir etdiyini bildirib. Qeyd edib ki, hakimlərin sayının və peşəkarlığının artırılması məhkəmə proseslərinin sürətləndirilməsinə müsbət təsir göstərəcək.