Dünyada təbii fəlakətlərlə bağlı ölümlərin yarıdan çoxuna zəlzələr səbəb olur


  • 13:42

Dünyada təbii fəlakətlərlə bağlı ölümlərin yarısından çoxuna zəlzələr səbəb olur.

E-huquq.az xəbər verir ki, 2000-2019-cu illər ərzində dünya üzrə bütün təbii fəlakətlərin yalnız 8%-ni təşkil edən zəlzələlər təbii fəlakətlə bağlı bütün ölümlərin 58%-nə səbəb olub.

Təbii fəlakətlər nəticəsində həyatını itirən cəmi 1,23 milyon insandan ən azı 700 mini yalnız zəlzələlərdən dünyasını dəyişib.

Dünyadakı zəlzələlərin təqribən 90%-i və böyük təkanların 80%-i Çilidən Yeni Zelandiyaya qədər uzanan Sakit Okean Od Halqasında baş verir.

İran, Qafqaz, İtaliya və Yunanıstan kimi intensiv tektonik aktivliyə malik ölkələrdə də seysmik risk səviyyəsi nisbətən yüksəkdir.

Bunun əksinə olaraq Qrenlandiya, Kanadanın daxili əraziləri, Afrikanın böyük hissəsi və Avstraliya kimi regionlar aşağı riskli görünür, lakin bu, bu ərazilərdə böyük zəlzələlərin baş verməyəcəyi anlamına gəlmir.

Zəlzələlərin dağıdıcı təsiri təkcə onların intensivliyi ilə deyil, həm də zəlzələnin müddəti, yeraltı təkanların yerdən uzaqlığı, zəlzələnin baş verdiyi bölgənin fiziki və insani şəraiti ilə müəyyən edilir. Qlobal miqyasda əsasən Rusiya, Myanma, Çin, Papua Yeni Qvineya, Çili, Yaponiya və İndoneziya da daxil olmaqla, Od Halqasına daxil olan bölgələrdə 7 baldan böyük ən azı 16 zəlzələ baş verib.

30 iyul 2025-ci ildə Rusiyanın şərqindəki Kamçatka bölgəsi yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələ USGS-in məlumatına görə, dünyada indiyə qədər qeydə alınan 6-cı ən böyük zəlzələ kimi qeydə alınıb. Ötən il ən şiddətli zəlzələlərin yaşandığı ərazilərdən biri olan Kamçatkada sentyabrın 13-də (7,4 bal) və 18-də (7,8 bal) iki zəlzələ baş verib.

Myanmada martın 28-də baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlər təxminən 3700 nəfərin ölümünə, 5000-dən çox insanın yaralanmasına səbəb olub.

Zəlzələlər qonşu Tailand və Çində də güclü hiss olunub və geniş dağıntılara səbəb olub.

Papua Yeni Qvineyada aprel ayında baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində 27 nəfər həlak olub, 200-ə yaxın ev tamamilə dağılıb, bölgədəki yollar və kommunikasiya xətləri ciddi zədələnib.

Çilidə iyul ayında baş verən 7,4 bal gücündə zəlzələ sahilyanı ərazilərə təsir edib və zəlzələ geniş ərazidə hiss edilsə də, xəbərdarlıq sistemləri sayəsində tələfat qeydə alınmayıb.
Yaponiyada oktyabr ayında baş vermiş 7,2 bal gücündə zəlzələ heç bir ölüm və ya ciddi dağıntı ilə nəticələnməyib.

İndoneziyada, dekabr ayında Flores dənizi sahillərində baş vermiş 7,1 bal gücündə zəlzələ də itkisiz ötüb.

Dünyanın bəzi yerlərində hətta daha aşağı bal gücündə zəlzələlər ölümlə nəticələnə bilər. 2025-ci il yanvarın 7-də Çinin Tibet Muxtar Bölgəsində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində azı 126 nəfər ölüb, 188 nəfər yaralanıb.

Sentyabrın 30-da Filippinin Palompon adasının qərb sahillərində baş verən 6,9 bal gücündə zəlzələ 79 nəfərin həyatına son qoyub.

Əfqanıstan da ötən il zəlzələlərdən ən çox zərər çəkən ölkələr sırasında olub. Sentyabrın əvvəlində Əfqanıstanın şərqindəki Kunar əyalətində baş vermiş 6,0 bal gücündə zəlzələ 2200-dən çox insanın ölümü və təxminən 3700-ə yaxın yaralanması ilə nəticələnib. 22 may 1960-cı ildə "dünyanın ən böyük zəlzələsi" olaraq qeydə alınan 9,5 bal gücündə zəlzələ Sakit Okean Atəş Halqasında yerləşən Çilidə baş verdi.

1000 kilometrlik ərazidə hiss edilən zəlzələ 1655 nəfərin ölümü, 3000 nəfərin yaralanması və 2 milyon insanın evsiz qalması ilə nəticələnib.

1976-cı ildə Çində qeydə alınan zəlzələ 250.000-dən çox insanın ölümünə səbəb olub.

Türkiyədə 6 fevral 2023-cü ildə Kahramanmaraş ilə yanaşı Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 53 min 535 nəfər həlak olub. Türkiyədə son 100 ilin ən ölümcül zəlzələləri olaraq qeydə alınan bu yeraltı təkanlar “əsrin fəlakəti” olaraq xarakterizə edilir.

Orta illik can itkisi baxımından ən riskli 5 ölkə Çin, Pakistan, Türkiyə, Hindistan və İrandır. Orta illik iqtisadi itki baxımından ən riskli ölkələr müvafiq olaraq Yaponiya, ABŞ, Çin, İtaliya və Türkiyədir.

Çin, Pakistan, Hindistan, Türkiyə və Yaponiya bina sahəsinin orta illik itkisi baxımından ən riskli ölkələr hesab edilir, ən yüksək orta illik evsiz əhalinin isə Pakistan, Hindistan, Çin, İndoneziya və Filippində olduğu təxmin edilir.

Orta illik bina itkisi baxımından ən riskli beş ölkəyə Hindistan, Pakistan, Filippin, Çin və İndoneziya kimi şəhər inkişafı sıx olan ölkələr daxildir, Türkiyə isə 10-cu yerdədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər