- 5 Mart 23:34
Azərbaycan ombudsmanı İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumu ilə bağlı bəyanat yayıb.
E-huquq.az xəbər verir ki, bəyanatda mülki obyektləri hədəfləyən və mülki şəxslərin xəsarət alması ilə nəticələnən məqsədli hücumun şiddətlə qınandığı bildirilib.
Ombudsman dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırıb.
Qeyd olunub ki, mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur. Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat və sağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamental öhdəliklərdəndir. Baş vermiş hadisənin tez bir zamanda beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması, məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılması və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir", - bəyanatda bildirilib.
"Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali və obyektlərin qorunması BMT Nizamnaməsinə əsasən, hər bir üzv ölkənin əsas vəzifələrindən birirdir", - ombudsman vurğulayıb.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib.
Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.