Ekran qarşısında çox vaxt keçirmək uşaqların öyrənmə bacarıqlarını zəiflədir


  • 17:10

64 ölkədə 2,8 milyondan çox uşağın məlumatlarını əhatə edən qlobal araşdırma uşaqların ekran qarşısında keçirdiyi vaxtın akademik göstəricilər və psixi sağlamlıqla əlaqəli ola biləcəyini ortaya qoyub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, JAMA Pediatrics jurnalında dərc olunan araşdırmaya görə, ekran istifadəsinin yüksək olması daha aşağı akademik nəticələr, dil inkişafının zəifləməsi, emosional və həmyaşıdlarla bağlı problemlər, həmçinin depressiya, narahatlıq, aqressivlik və diqqət çatışmazlığı/hiperaktivlik pozğunluğu simptomları ilə əlaqələndirilib. Tədqiqatçılar bildirirlər ki, ekran qarşısında keçirilən vaxtın təsiri bəzi hallarda sosial-iqtisadi vəziyyət, valideyn davranışı və vaxtından əvvəl doğuş kimi uşaqların inkişafına təsir edən digər amillərlə müqayisə edilə bilər.

Araşdırmada müxtəlif cihaz və fəaliyyətlər, o cümlədən smartfon, televizor, sosial media, videooyunlar və videozənglər nəzərdən keçirilib. Bununla belə, alimlər ekran istifadəsinin konkret növlərinin təsiri barədə məlumatların məhdud olduğunu vurğulayıblar.

Mütəxəssislər nəticələrin ekran istifadəsi ilə mənfi göstəricilər arasında əlaqə göstərdiyini, lakin bunun səbəb-nəticə əlaqəsini sübut etmədiyini qeyd edirlər.

Onların fikrincə, ekranların yeniyetmələrdə emosional problemlərin əsas səbəbi kimi təqdim edilməsi üçün araşdırmanın nəticələri kifayət deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər