- 17:31
2024-cü ildə dünyada diaqnoz qoyulan xərçəng hallarının təxminən 12 faizi infeksiyalarla əlaqəli olub.
E-huquq.az xarici KİV_ə istinadən xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc olunan araşdırmaya görə, infeksiya ilə əlaqəli xərçənglərin əsas səbəbləri Helicobacter pylori (H. pylori), insan papilloma virusu (HPV), Hepatit B virusu (HBV), Epstein-Barr virusu (EBV) və Hepatit C virusudur (HCV).
Ən çox xərçəng halı H. pylori ilə əlaqələndirilib. Bakteriya 2024-cü ildə qeydə alınan bütün xərçəng hallarının 4 faizinin, yəni təxminən 760 min hadisənin səbəbi olub. HPV də təxminən 750 min yeni xərçəng halı ilə əlaqələndirilib.
İnfeksiya ilə bağlı xərçəng hallarının təxminən dörddə üçü aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb. Ən yüksək göstərici isə Şərqi Asiyada olub və qlobal halların 42 faizini təşkil edib.
Tədqiqatçılar vaksinasiya, skrininq, vaxtında diaqnostika və müalicənin infeksiya ilə əlaqəli xərçənglərin qarşısının alınmasında mühüm rol oynadığını bildirirlər. Xüsusilə HPV və HBV-yə qarşı peyvəndləmənin genişləndirilməsinin xərçəng göstəricilərinin azalmasına kömək edə biləcəyi qeyd olunur.
Mütəxəssislər həmçinin H. pylori və EBV-yə qarşı effektiv profilaktik vasitələrin hazırlanmasına daha çox investisiya qoyulmasının vacibliyini vurğulayırlar.
Şəbnəm Mehdizadə