- 16:44
Böyük Britaniyanın "Yorkshire Wildlife Park" zooparkında bir nəfərin ölümü ilə nəticələnən hücumda iştirak edən Amur pələnginin öldürülməyəcəyi açıqlanıb.
E-huquq.az xarici KİV-ə istinadənn xəbər verir ki, hadisədən sonra park rəhbərliyi heyvanın sağlam və təhlükəsiz vəziyyətdə olduğu ilə bağlı məlumat yayıb.
İlkin məlumatlara görə, ziyarətçi qoruyucu maneələri aşaraq pələngin saxlanıldığı əraziyə daxil olub. Heyvanın hücumu nəticəsində ağır xəsarət alan şəxs təcili yardımın müdaxiləsinə baxmayaraq, hadisə yerində həyatını itirib. Hadisədən sonra zoopark boşaldılıb.
Şahidlərin sözlərinə görə, kişi əraziyə daxil olmamışdan əvvəl qulaqlıqla gəzişib və rəqs edib. Bir qadının onu saxlamağa çalışdığı, lakin kişinin maneəni aşaraq içəri girdiyi bildirilir. Bəzi şahidlər onun pələngin qarşısında əyildiyini və qışqırdığını söyləyiblər.
Hadisədə iştirak edən Altay adlı erkək Amur pələngi 2025-ci ilin fevralında Norveçdəki zooparkdan “Yorkshire Wildlife Park”a gətirilib. Onun Avropa Nəsli Kəsilməkdə Olan Növlər Proqramı çərçivəsində çoxalma proqramına daxil edilməsi planlaşdırılırdı.
Park rəhbərliyi mərhumun ailəsinə başsağlığı verib və hadisədən sarsılan əməkdaşlara dəstək göstəriləcəyini açıqlayıb. Bildirilib ki, faciəyə baxmayaraq, Altayın həyatına son qoyulmayacaq.
Şənbəm Mehdizadə