- 16:54
Avropa İttifaqının (Aİ) daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner biometrik sərhəd nəzarəti sistemi olan Giriş/Çıxış Sisteminin (EES) tətbiqi zamanı yaranan problemlərə görə üzv dövlətləri məsuliyyətli olmağa çağırıb.
E-huquq.az xəbər verir ki, "Politico"ya müsahibəsində Brunner bildirib ki, ölkələrin sistemə hazırlaşmaq üçün kifayət qədər vaxtı olub və onun tətbiqinə özləri razılıq veriblər. O, sistemin təhlükəsizlik baxımından vacib olduğunu vurğulayaraq, üzv dövlətlərin üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli olduqlarını qeyd edib.
Komissarın sözlərinə görə, Belçikanın Zaventem hava limanı da daxil olmaqla, bir sıra ölkələrdə texniki və təşkilati çətinliklər yaranıb. Aİ Komissiyası problemlərin aradan qaldırılması üçün Frontex vasitəsilə dəstək və maliyyə ayırıb. Brunner növbəti intensiv səyahət dövrünədək çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirib.
Brunnerin açıqlamasına görə, EES vasitəsilə təxminən 1500 sərhəd-keçid məntəqəsində 230 milyona yaxın giriş və çıxış əməliyyatı qeydə alınıb, 80 minə yaxın şəxsin Aİ-yə girişinə icazə verilməyib. Onlardan təxminən 2000-i mümkün təhlükəsizlik təhdidi kimi qiymətləndirilib.
Qeyd edək ki, Şengen zonasına daxil olan 29 ölkədə tətbiq edilən EES sistemi Aİ vətəndaşı olmayan səyahətçilərin barmaq izlərinin və üz təsvirlərinin rəqəmsal qeydiyyatını nəzərdə tutur. Əvvəllər pasportlara əl ilə möhür vurulmasını əvəz edən sistem sərhəd nəzarətinin rəqəmsallaşdırılmasına xidmət etsə də, biometrik məlumatların toplanması xüsusilə hava limanlarında gözləmə müddətlərini artırır.
Şəbnəm Mehdizadə