- 15:08
Vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə təşkil olunan icbari təlimlər uğurla davam edir.
E-huquq.az xəbər verir ki, sentyabrın 19-da “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi” mövzusunda hibrid qaydada keçirilən təlimdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Ələsgər Novruzov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin ümumi xarakteristikası, satış məqsədinin müəyyən edilməsi və sübut edilməsi, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materialların cinayət prosesində sübut kimi qiymətləndirilməsi və digər praktiki məsələlər barədə geniş çıxış edib.
Eyni zamanda sentyabrın 19-da “Vəkillərin etik davranış qaydaları: nəzəri və təcrübi məsələlər” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü Ələskər Hüseynli vəkilin davranış prinsipləri, etik normalar, hüquqi etik standartlar və digər müxtəlif məsələlər üzrə məruzələrlə çıxış edib.
Sentyabrın 26-da “İttiham və bəraət hökmlərinin əsasları, hökmlərin əsaslandırılması zamanı nəzərə alınmalı tələblər” mövzusunda hibrid qaydada keçirilən təlimin əvvəlində 27 Sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Teyyub Muxtarov ittiham və bəraət hökmlərinin xüsusiyyətlərindən irəli gələn məsələlər, mülki iddianın araşdırılması ilə bağlı hökmün xüsusiyyətləri, həmçinin cinayət işləri üzrə müdafiə hüququnun təmin edilməsi, vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsi xüsusiyyətləri barədə geniş çıxış edib.
Həmçinin günün ikinci təlimində Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri Elvin Səlimov “Vəkillərin etik davranış qaydaları: nəzəri və təcrübi məsələlər” mövzusu üzrə vəkilin peşə etikası, hüquqi davranış qaydaları, vəkillikdə şəxsi məsuliyyət, vəkilin vicdanlı fəaliyyəti və digər əlaqəli məsələlər barədə çıxış edib.
Oktyabrın 3-də “Vəkillərin prosessual sənədlərin tərtibi üzrə peşəkar bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda hibrid qaydada keçirilən təlimdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Raqib Qurbanov iddia ərizəsinin forma və məzmununa dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri, müvəqqəti xarakterli təmin tədbirləri barədə ərizələrin tərtib edilməsi xüsusiyyətləri, kassasiya şikayətlərinin forma və məzmununa dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri və onların tərtibində praktik məsələlər, prosessual sənədlərin tərtibinə dair praktiki tövsiyələr və məhkəmə təcrübəsində yol verilən xarakterik səhvlərin aradan qaldırılması kimi praktiki məsələlər barədə geniş çıxış edib.
Bundan başqa, oktyabrın 3-də “Vəkillərin etik davranış qaydaları: nəzəri və təcrübi məsələlər” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun müdiri Gülşən Salmanova hüquqi xidmətin keyfiyyəti, vəkilin vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşması, dürüstlük, vəkilin cəmiyyətdə rolu, nümunəvi davranış qaydaları və müxtəlif əlaqəli məsələlər barədə təqdimatla çıxış edib.
Oktyabrın 10-da “Kredit müqaviləsi və ondan irəli gələn mübahisələr” mövzusunda hibrid qaydada keçirilən təlimdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Vüsalə Baxışova kredit münasibətlərini tənzimləyən qanunvericilik, kredit müqaviləsinin forması, məzmunu və digər xüsusiyyətləri, kredit müqaviləsinin qanunla müəyyən edilmiş standart şərtləri, kredit müqaviləsinin növləri, istehlak krediti müqaviləsinin xüsusiyyətləri, əlaqəli kredit müqaviləsinin xüsusiyyətləri, kredit öhdəliyinin təminatı olaraq bağlanan müqavilələr, kredit müqaviləsi üzrə öhdəliyin pozulması və hüquqi nəticələri barədə geniş çıxış edib.
Eyni zamanda oktyabrın 10-da “Vəkillərin etik davranış qaydaları: nəzəri və təcrübi məsələlər” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun müdiri Ruslan Vəliyev vəkilin peşə fəaliyyətində riayət etməli olduğu davranış prinsipləri, peşə etikası qaydaları, mənəvi və hüquqi məsuliyyət meyarları, etik normalar və hüquqi etik standartlar, habelə vəkilin müstəqilliyi, dürüstlüyü, vicdanlılığı, məxfilik öhdəliyi və peşə nüfuzunun qorunması ilə bağlı tələblər üzrə məruzələrlə çıxış edib.