- 14:57
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 12 saylı Vəkil Bürosunun vəkili, “Dayanma Dostum” Qaçış Klubunun rəhbəri Ceyhun Məmmədov və klubun 9 nəfərdən ibarət komandası 192 kilometrlik Qəbələ–Xankəndi ultramarafonunu uğurla başa vurub.
E-huquq.az xəbər verir ki, Ceyhun Məmmədov və komanda üzvləri dörd gün ərzində Qəbələdən start götürərək Ağdaş, Bərdə və Ağdam istiqamətindən keçməklə Xankəndiyə qədər uzanan 192 kilometrlik məsafəni qət ediblər.
Ultramarafon iştirakçılar üçün ciddi fiziki və mənəvi sınaq olub. Uzun məsafə, yüksəklik fərqləri və yarış boyunca artan yorğunluğa baxmayaraq, iştirakçılar əzmkarlıq, iradə və komanda ruhu nümayiş etdirərək finiş xəttinə çatmağı bacarıblar. Davamlı məşqlər, məqsədə sadiqlik və qarşılıqlı dəstək bu uğurun əldə olunmasında mühüm rol oynayıb.
Vəkillik fəaliyyəti ilə yanaşı, idmana və sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verən Ceyhun Məmmədovun bu təşəbbüsdə iştirakı hüquq ictimaiyyəti üçün də nümunəvi addım kimi dəyərləndirilə bilər.
“Dayanma Dostum” komandası üçün bu nəticə aylarla davam edən hazırlığın, əzmkarlığın, möhkəmlənən dostluğun və birlikdə aşılmış çətinliklərin bəhrəsidir. Yarış müddətində komandaya həm birbaşa, həm də mənəvi dəstək göstərən hər kəs bu uğurun sevincinə şərik olub.
192 kilometrlik məsafə geridə qalıb, qarşıda isə yeni hədəflər və yeni uğurlar var. Sərhədləri aş!