Aşiq olduğu qadın süni intellekt obrazı çıxdı - 49 yaşlı kişinin başına gələnlər - FOTO


  • 15:03

Braziliyada yaşayan 49 yaşlı Edimar Roşa Martins internetdə tanış olduğu və həyatını birlikdə keçirəcəyinə inandığı qadınla görüşmək üçün təxminən 2 min kilometr yol qət edib. Lakin onu gözləyən acı həqiqət ortaya çıxıb: aşiq olduğu “Cessika” real insan deyil, süni intellekt vasitəsilə yaradılmış obraz olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, internetdə tanış olduğu qadına aşiq olduğunu düşünən braziliyalı Edimar Roşa Martins həyatında yeni səhifə açmağa ümid edib. Anasının ölümündən sonra özünü tənha hiss etdiyini deyən 49 yaşlı kişi sosial şəbəkələrdə qarşılaşdığı Cessika Oliveyra adlı obrazın paylaşımlarından təsirlənib.

“Cessika Fazendeira” adı ilə də tanınan hesabda kənd həyatı və ferma yaşamını əks etdirən videolar yayımlanıb. Martins bu paylaşımların ona yeni həyat vəd etdiyinə inanaraq qadının yaşadığı yerə getmək qərarına gəlib.

Braziliyanın İmperatriz şəhərindən yola çıxan kişi avtobusla təxminən 2 min kilometr məsafə qət edərək Belo-Orizonti şəhərinə çatıb.

Təxminən 36 saat davam edən səfərdən sonra şəhərə çatan Martins internetdə tanış olduğu qadını axtarmağa başlayıb. O, özü ilə gətirdiyi fotoşəkilləri yoldan keçənlərə göstərərək həmin şəxsi tanıyıb-tanımadıqlarını soruşub. Lakin heç kim fotoşəkillərdəki qadını tanımayıb. Axtarışları nəticə verməyən Martins sonda aşiq olduğunu düşündüyü şəxsin real insan olmadığını öyrənib.

Britaniya mətbuatının məlumatına görə, yaşadığı məyusluqdan sonra Martins aldadıldığını hiss etdiyini bildirib. Səfər üçün pulunun böyük hissəsini xərcləyən kişi geri qayıtmaq üçün vəsait tapmaqda da çətinlik çəkib.

Hadisədən sonra “Cessika” adlı sosial media hesabından da açıqlama yayımlanıb. Açıqlamada Martinslə şəxsi söhbət aparıldığı və onun Belo-Orizonti şəhərinə dəvət edildiyi barədə iddialar təkzib olunub. Bildirilib ki, hesab diqqət cəlb etmək və satışları artırmaq məqsədilə yaradılıb.

Hesabın idarəçiləri Martinslə birbaşa əlaqə saxlamadıqlarını vurğulayaraq, “Mən süni intellekt vasitəsilə yaradılmışam. Bu profildəki şəxslə heç vaxt danışmamışam. Məqsədimiz satışlar üçün qarşılıqlı əlaqəni artırmaq idi”, - deyə açıqlama veriblər.

Səfər üçün pulunun böyük hissəsini xərcləyən Martins Belo-Orizontidə çətin vəziyyətə düşüb. Məlumata görə, bələdiyyənin miqrantlara dəstək bölməsi ona ərzaq, duş qəbul etmək imkanı və səfərini davam etdirməsi üçün yardım göstərib.

Braziliyalı kişi axtardığı qadını tapa bilmədiyini desə də, gələcəkdə başqa biri ilə tanış olmaq və yeni həyat qurmaq istədiyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər