- 15:03
Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt hərbi bazasında baş verən yanğın nəticəsində 4 hərbçi həlak olub, çox sayda hərbçi isə ağır yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə “CBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, Kanadanın müdafiə naziri Devid Makqintinin keçirdiyi mətbuat konfransında Ueynrayt hərbi bazasında yanğın baş verdiyini, hadisə nəticəsində ölən və yaralananların olduğunu bildirib.
Yanğının başvermə səbəbi barədə məlumat verməyən nazir vəziyyətin həssaslığını qoruduğunu qeyd edib və hadisənin diqqətlə izlənildiyini vurğulayıb.
Kanadanın Baş naziri Mark Karni də sosial şəbəkə hesabında açıqlama yayaraq hərbi bazada böyük yanğına səbəb olan ciddi hadisənin baş verdiyini bildirib. O, hadisədən zərər çəkən hərbçilərlə bağlı təəssüfünü ifadə edib.
Alberta əyalətinin baş naziri Danielle Smit isə yanğını “ciddi və faciəvi” hadisə kimi qiymətləndirərək çox sayda hərbçinin bundan təsirləndiyini qeyd edib.
Ueynrayt bələdiyyə dairəsinin rəhbərliyi yanğının hərbi bazanın ərazisindən kənara yayılaraq ətraf əraziləri əhatə etdiyini və güclü külək səbəbindən sürətlə irəlilədiyini bildirib.
Bir neçə qurumun yanğınsöndürmə və fövqəladə hallar qrupları hadisəyə müdaxilə edib. Ərazi sakinlərinə hadisə yerindən uzaq durmaq və təcili yardım avtomobillərinin hərəkətinə mane olmamaq barədə çağırış edilib.
Kanada Silahlı Qüvvələri və Kanada Kral Atlı Polisi hadisənin səbəblərini və təfərrüatlarını araşdırır.
Şəbnəm Mehdizadə