“Güvən” Fondunun rəhbəri: “Təhsilə və gənclərin inkişafına dəstək gələcəyə yatırılan sərmayədir” - MÜSAHİBƏ


  • 15:33

Bakıda gənclərin şəxsi inkişafına, ünsiyyət bacarıqlarının təkmilləşdirilməsinə və özünəinamının artırılmasına həsr olunmuş “Uğurun Dili” adlı tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, “Atelier 61” restoranında keçirilən tədbir “Yaban GROUP” və “Vumart Gross”un təşkilati dəstəyi ilə “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu və Karnegi Şəxsi İnkişaf Akademiyasının birgə layihəsi çərçivəsində təşkil edilib.

Tədbirdə effektiv ünsiyyət, natiqlik, özünü təqdimetmə, özünəinam və uğurlu kommunikasiya bacarıqlarının inkişafı kimi mövzulara toxunulub.

Tədbir çərçivəsində “Güvən” Təhsilin İnkişafına Dəstək Fondunun təsisçisi və rəhbəri Daşqın Şikarov e-huquq.az-ın suallarını cavablandırıb.

O, müsahibədə fondun yaranma məqsədi, həyata keçirdiyi sosial və təhsil layihələri, tələbələrə göstərilən dəstək və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

- Daşqın müəllim, ilk növbədə, rəhbərlik etdiyiniz fond haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirik.

- “Güvən” Təhsilin İnkişafına Dəstək Fondunun əsas məqsədi təhsilin inkişafına töhfə vermək, sosial baxımdan həssas ailələrdən olan tələbələrə dəstək göstərmək və gənclərin öz potensiallarını reallaşdırmaları üçün imkanlar yaratmaqdır. İnanırıq ki, hər bir gənc keyfiyyətli təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə faydalı şəxs kimi yetişmək imkanına malik olmalıdır. Bizim vəzifəmiz bu yolda onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına öz töhfəmizi verməkdir.

- Fondun yaradılması hansı zərurətdən irəli gəldi və əsas ideyanız nə idi?

- Fond 2023-cü ildə təhsilə dəstəyin gücləndirilməsi və maddi imkanları məhdud olan istedadlı gənclərin təhsil həyatında qarşılaşdıqları çətinliklərin azaldılması məqsədilə yaradılıb. Bəzən gənclərin uğur qazanmasına mane olan əsas amil onların bacarıqsızlığı deyil, maddi imkanlarının məhdudluğudur. Biz belə gənclərə dəstək olmaq, onların təhsillərini davam etdirmələrinə və gələcək hədəflərinə doğru inamla irəliləmələrinə kömək etmək istədik.

- Hazırda fond neçə tələbəyə dəstək göstərir və bu dəstək hansı formada həyata keçirilir?

- Hazırda fondun dəstək proqramı çərçivəsində 26 tələbə himayəmizdədir. Onlardan 3-ü xarici ölkələrdə təhsil alır. Bu, bizim üçün həm sevindirici, həm də böyük məsuliyyət yaradan göstəricidir. Tələbələr təqaüd dəstəyi göstəririk, kirayə ödənişlərini, kurs ödənişlərini qarşılayırıq. Bununla onların gündəlik ehtiyaclarının müəyyən hissəsinin qarşılanmasına və təhsillərinə daha rahat davam etmələrinə kömək etməyə çalışırıq. Bizim üçün əsas məsələ yalnız maddi yardım göstərmək deyil, tələbələrin inkişafına uzunmüddətli töhfə verməkdir.

- Bugünkü “Uğurun Dili” tədbiri də gənclərin inkişafına həsr olunub. Belə layihələrin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Biz bu kimi maarifləndirici və inkişafyönümlü layihələri mütəmadi olaraq həyata keçiririk. Bundan əvvəl tələbələr üçün “Özünü İnkişaf Formulu” adlı layihəmiz baş tutub. Layihə çərçivəsində özünəinamın və özünə güvənin formalaşdırılması, CV və motivasiya məktublarının düzgün hazırlanması, eləcə də iş müsahibələrinə effektiv hazırlaşmaq kimi mövzular əhatə olunub. Bundan əlavə, Qala Sığorta ilə birgə sığortanın mahiyyətinin izahı və gənclər arasında maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihə həyata keçirmişik. Təchizat zənciri və dövlət satınalmaları mövzusunda SOCAR nümayəndəsinin iştirakı ilə maraqlı təlimimiz, həmçinin süni intellektə həsr olunmuş genişmiqyaslı təlimimiz də olub. Bütün bu təşəbbüslərin əsas məqsədi gənclərin bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına daha hazırlıqlı daxil olmalarına və öz potensiallarını reallaşdırmalarına dəstək verməkdir. Bu gün isə “Uğurun Dili” adlı növbəti layihəmizi həyata keçirdik. Təlimi aparan “Karnegi” Şəxsi İnkişaf Akademiyasının rəhbəri Nəcaf müəllimə xüsusi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Dəyərli biliklərini və təcrübəsini gənclərlə bölüşdüyünə, onların inkişafına töhfə verdiyinə görə ona çox minnətdarıq.

- Fondun fəaliyyəti yalnız təqaüd proqramı ilə məhdudlaşır?

- Xeyr. Əlbətdə təqaüd proqramı fəaliyyətimizin mühüm istiqamətidir, lakin biz gənclərin inkişafına daha geniş yanaşırıq. Onların şəxsi inkişafı, peşəkar bacarıqları, maarifləndirilməsi və sosial fəallığının artırılması da diqqət mərkəzimizdədir. Biz gənclərin ehtiyaclarına uyğun təlim və inkişaf imkanlarının yaradılmasını, onların müvafiq kurslara və proqramlara yönləndirilməsini, həmçinin müxtəlif tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsini vacib hesab edirik. Məqsədimiz tələbələrin yalnız bu günün çətinliklərini aşmasına deyil, gələcəkdə müstəqil, savadlı və məsuliyyətli şəxslər kimi formalaşmasına dəstək olmaqdır.

- Fondun gələcək fəaliyyət planlarında hansı layihələr nəzərdə tutulur?

- Əsas hədəflərimizdən biri daha çox tələbəyə dəstək göstərmək, təqaüd proqramının davamlılığını təmin etmək və fəaliyyət istiqamətlərimizi genişləndirməkdir. Bununla yanaşı, gənclərin liderlik, kommunikasiya, karyera planlaşdırılması və digər praktiki bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərə önəm veririk. Təhsil müəssisələri, özəl sektor nümayəndələri, ictimai təşkilatlar və xeyriyyəçilərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi də prioritetlərimizdəndir. İnanırıq ki, birgə fəaliyyət və sosial məsuliyyət prinsiplərinə əsaslanan əməkdaşlıq daha çox gəncin həyatında müsbət dəyişiklik yarada bilər.

- Hazırda Fondun fəaliyyətinə dəstək göstərən tərəfdaşlarınız varmı?

- Hazırda fondumuzun fəaliyyətinə müxtəlif istiqamətlərdə dəstək göstərən tərəfdaşlarımız var. Əsas dəstəkçilərimiz arasında “Safron” şirkətlər qrupuna daxil olan “Atelier 61”, “Yaban Group”, “Vumes” MMC və “Vumart Gross” xüsusi yer tutur. Bundan əlavə, “Mirzayev and Partners Legal Firm MMC” hüquq şirkəti də fondumuzun fəaliyyətinə dəstək göstərir. Media tərəfdaşlığımız da bizim üçün olduqca önəmlidir. Bu istiqamətdə “E-huquq”, “Unikal.az”, “Baku Post” və “Redaktor.az” saytları fəaliyyətimizə informasiya və media dəstəyi göstərirlər.

- Son olaraq, gənclərə və fondun fəaliyyətinə dəstək olmaq istəyən şəxslərə müraciətiniz nə olardı?

- Gənclərə demək istəyirəm ki, çətinliklər qarşısında ruhdan düşməsinlər, öyrənməkdən və inkişaf etməkdən vaz keçməsinlər. İnsanın potensialını müəyyən edən yalnız bugünkü imkanları deyil, məqsədləri, əzmi və öz üzərində işləmək istəyidir. İş adamlarını, şirkətləri, xeyriyyəçiləri və cəmiyyətimizin bütün fəal üzvlərini təhsilə dəstək təşəbbüslərində iştirak etməyə dəvət edirik. Hər bir dəstək bir gəncin həyatında yeni imkanların yaranmasına səbəb ola bilər. Çünki təhsilə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Bu gün dəstək olduğumuz gənclər sabah cəmiyyətimizin inkişafına töhfə verən mütəxəssislər, rəhbərlər və təşəbbüskar şəxslər olacaqlar.

- Daşqın müəllim, səmimi müsahibəyə və fondun fəaliyyəti haqqında ətraflı məlumat verdiyinizə görə təşəkkür edirik. “Güvən” Təhsilin İnkişafına Dəstək Fondunun gələcək fəaliyyətinə uğurlar arzulayırıq.

Mən də öz növbəmdə E-huquq saytının kollektivinə təşəkkürümü bildirirəm. İnanıram ki, təhsil və gənclərin inkişafı istiqamətində görülən işlərin ictimaiyyətə çatdırılması bu sahəyə marağın artmasına, yeni tərəfdaşlıqların yaranmasına və daha çox insanın xeyriyyəçilik təşəbbüslərinə qoşulmasına töhfə verəcək. Biz “Güvən” olaraq gənclərin gələcəyinə inanırıq və onların uğur yolunda dəstəyimizi davam etdirmək əzmindəyik. Çünki hər bir gəncə yaradılan imkan, əslində, cəmiyyətimizin gələcəyinə verilən dəyərdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər