Mediasiya prosesində konfidensiallıq nədir?


  • 18 İyul 2023 10:50

Mediasiya prosesində konfindensiallıq proses zamanı gizliliyin və məxfiliyin qorunmasıdır. Gizlilik və məxfilik mediasiyada iştirak edən tərəflərin mediatora verdiyi şəxsi və ya paylaşılması arzuolunmayan məlumatlara aid edilir. Ümumiyyətlə, mediasiya prosesləri tərəflərin əlavə şərti və ya istəyi olmazsa qapalı şəkildə keçirilir. Bununla yanaşı mediasiya prosesində tərəflər, həmçinin mediasiya posesində iştirak edən tərəflər də yuxarıda nəzərdə tutulan məlumatların konfidensiallığını qorumalıdır. Bütün bunlar mediasiya prosesinin konfidensiallığının qorunmasına xidmət edir.

Konfidensial məlumatların alınması mediatorun sonrakı fəaliyyətinə necə təsir edir?

Mediasiya prosesində iştirak edən tərəf öz verdiyi məlumatın konfidensiallığını qabaqcadan mediatora bildirərsə, bu zaman mediator həmin məlumatı heç bir halda qarşı tərəfə bildirə bilməz, həmçinin məhkəmədə, arbitraj proseslərində, başqa mediasiya zamanı və digər hallarda paylaşa bilməz.

Sual oluna bilər ki, şəxs özü bilmədən öz şəxsi və ya paylaşılması arzu olunmayan məlumatları mediatorla paylaşdığı zaman bu hansı nəticələrlə yekunlaşır?

Mediatorda tələb olunan əsas tələblərdən biri aktiv dinləmə qabiliyyətinin olmasıdır ki, bu da tərəflərlə görüş zamanı məlumatların daha dəqiq alınmasına köməklik edir. Belə ki, mediator tərəfləri qeydlər aparmaqla, onlara suallar verməklə, yekunda tərəflərin danışdıqlarını ümumiləşdirməklə onlarda özünə qarşı inam formalaşdırır. Bunun nəticəsi olaraq tərəf əgər özü də bilmədən öz şəxsi və paylaşılması arzuolunmayan məlumatları mediatorla paylaşarsa mediator ona bu məlumatın konfidensial olub olmaması ilə bağlı suallar ünvanlayır. Həmçinin tərəflə keçirilən prosesin sonunda ümumiləşdirmə apararaq hansı məlumatların digər otağa aparılmasının mümkün olduğunu - yəni digər tərəfə açıqlanmasının mümkün olduğunu dəqiqləşdirmiş olur.

Mediator qeyd olunmuş konfidensial məlumatları nə mediasiya prosesi zamanı, nə mediasiya prosesindən sonra fəaliyyəti dövründə, nə də mediasiya fəaliyyətini başa çatdırdıqdan sonra istifadə edə bilər.

QEYD: Yuxarıda qeyd edilənlər mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi, habelə cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hallarına şamil olunmur.

İlhamə Həsənova

Mediasiya Şurası Etika Komitəsinin sədri

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya üzrə milli təlimçi

Ünvan: Bakı şəhəri, Xan Şuşinski 158, Ev 72 F(Şam restoranının yanı)

VÖEN: 1505725041

E-mail adresi: mediasiya02@gmail.com

Əlaqə telefonları: 994124496208; +994124499111; +994705114990; +994506114990

Oxşar xəbərlər