- 16:26
İnzibati qanunvericiliyə əsasən inzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür.
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 9-cu bəndinə əsasən İnzibati orqanlar suverenlik daşıyıcıları olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirdikləri üçün əksər hallarda funksional vəzifələrinin icrası ilə bağlı konkret məsələni nizama salmaq məqsədilə müstəqil qaydada inzibati akt qəbul etmək və həmin aktları bir qayda olaraq qanunvericilikdə təsbit edilmiş məcburetmə vasitələri ilə özləri icra etmək imkanlarına malikdirlər. Belə inzibati aktlar iki kateqoriyaya aid edilirlər - pul tələblərinin ödənilməsinə dair və ya borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktlar.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin kontekstində yanaşdıqda “tələbin icraya yönəlməsi barədə qərar” inzibati akt hesab edilə bilərmi sualı həm nəzəri, məhkəmə təcrübəsi nəzərə alınmaqla təhlil edilməlidir.
Həmin Qanunun 82.2-ci maddəsində qeyd edilir ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir.
Məqalənin əsas məqsədi isə qeyd edilən kontekstdə (pul tələblərinin ödənilməsinə yönəlik) “tələbin icraya yönəlməsi barədə qərar”ın hüquqi təbiətini, müstəqil mübahisələndirilməsi mümkün olan inzibati akt kimi qəbul olunub-olunmamasının hüquqi nəticələrini və bu barədə hüquqi təcrübənin öyrənilməsindən ibarətdir.
Qeyd edildiyi ki, inzibati akt bir tərəfdən fiziki və hüquqi şəxslər üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.
İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.
Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir:
- inzibati orqan tərəfindən qəbul edilməli;
- ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı;
- ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı;
- hakimiyyət tədbiri olmalıdır.
Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir.
Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir.
Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir.
İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır.
Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır.
Göstərilənlərdən çıxış edərək qeyd edilməlidir ki, “Tələbin icraya yönəldilməsi haqqında qərar” müstəqil qaydada mübahisələndirilən inzibati akt keyfiyyətlərinə malik deyildir. Belə ki, yalnız həmin qərar şəxs barəsində hüquqi nəticə yaratmır. Qeyd edilən qərar yalnız əsas inzibati aktla yaranmış hüquqi nəticənin realizə edilməsini təmin etmək xarakteri daşıyan sənəddir. Başqa sözlə, tələbin icraya yönəldilməsi barədə qərar əsas inzibati akta bağlıdır və həmin qərardan irəli gəlir. Nəzərə almaq lazımdır ki, əsas inzibati akt ləğv edilmədiyi və ya dəyişdirilmədiyi halda, istinad olunan normada təsbit edilmiş anlamda tələbin icraya yönəlməsi barədə qərarın qəbulu inzibati orqanın qanunvericiliklə müəyyən olunmuş hüququdur və müvafiq səlahiyyətlərinin həyata keçirilməsi, o cümlədən inzibati akt üzrə şəxsin müəyyən əsasdan irəli gələn öhdəliyinin yerinə yetirilməsinin təmin olunması məqsədlərinə xidmət edir.
“Tələbin icraya yönəldilməsi haqqında qərar”dan şikayət verilə bilməsi üçün qərarın müstəqil qaydada mübahisələndirilməsi mümkün olan inzibati akt keyfiyyətlərinə malik olması zəruridir ki, həmin qərar yuxarıda qeyd edilənlərə əsasən müvafiq tələblərə cavab vermədiyindən müstəqil mübahisələndirilməsi mümkün olan inzibati akt hesab edilə bilməz. Belə ki, “tələbin icraya yönəlməsi barədə qərar” müvafiq inzibati aktın icrası və həyata keçirilməsi üçün verilən, lakin müstəqil hüquqi nəticə doğurmayan sənəddir. “Tələbin icraya yönəlməsi barədə qərar” əsasən hüquqi nəticə yaradan inzibati aktın icrasının təmin edilməsi üçün qəbul edilir. Yəni, bu qərar özlüyündə yeni bir hüquqi vəziyyət (hüquqi nəticə) yaratmır, sadəcə qəbul edilmiş inzibati aktla yaranmış hüquqi nəticənin icraya yönəldilməsini təmin edir. Göründüyü kimi, “tələbin icraya yönəlməsi barədə qərar” mövcud öhdəliyin icrasını təşkil etməklə yanaşı, icra hərəkətlərinə yönəlmiş hüquqi addımdır.
Beləliklə də, “tələbin icraya yönəlməsi barədə qərar” inzibati akt olmadığından həmin aktın müstəqil mübahisələndirilməsi də yolverilməzdir.
“Tələbin icra yönəlməsi barədə qərar”ın ləğvi də şəxs üçün konkret nəticəyə yönəlmir. Belə ki, nə qədər ki, əsas hüquqi nəticəyə səbəb olan inzibati akt qüvvədədir, bu o deməkdir ki, “tələbin icraya yönəlməsi barədə qərar”ı qəbul edən inzibati orqan tərəfindən əsas inzibati akta (hüquqi nəticə yaradan) istinad edilərək istənilən zaman tələbin icraya yönəlməsi barədə yeni qərarlar qəbul edilə bilər, yəni qanunvericilikdə müvafiq inzibati akt qüvvədə olduğu müddətdə “tələbin yenidən icraya yönəlməsi barədə” yeni qərarların qəbul edilməsi istisna edilmir. Qeyd edilən hal isə, sonsuz məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır.
Odur ki, şəxs məqsədinə çatmaq üçün tələbin icraya yönəlməsi barədə qərarı deyil, əsas qərarın (hüquqi nəticə yaradan inzibati aktın) ləğvi və ya dəyişdirilməsi ilə bağlı hüquqi müdafiə vasitəsindən istifadə etməli və həmin qərarın ləğv və ya dəyişdirilməsinə nail olmalıdır.
Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 16-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 83.3-cü maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada icrası aşağıdakı məcburi icra tədbirləri vasitəsilə təmin oluna bilər:
83.3.1. inzibati aktla nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi;
83.3.2. cərimə;
83.3.3. bilavasitə məcburetmə.
Həmin Qanunun 88-ci maddəsinə əsasən maraqlı şəxs məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktdan bu Qanunun VII fəslində nəzərdə tutulmuş qaydada yuxarı inzibati orqana və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər.
Göründüyü kimi, Qanunun 88-ci maddəsində məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında inzibati aktın mübahisələndirilməsi imkanı nəzərdə tutulmuşdur. “Pul tələblərinin icra edilməsi barədə inzibati aktın qəbul edilməsi” isə məcburi icra tədbiri kimi inzibati icraat haqqında qanunvericilikdə nəzərdə tutulmamışdır.
“Tələbin icraya yönəlməsi barədə” qərardan sonrakı hüquqi vəziyyət isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tənzimlənir.
Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilmə şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlərə cavab verməyən, həmçinin icraatın iştirakçısı olmayan şəxs üçün hüquqi nəticə yaradan (maraqlarına toxunursa) qərarın müstəqil şəkildə inzibati (məhkəmə) icraatı qaydasında mübahisələndirilmə hüququ da müzakirəyə açıq məsələlərdəndir...
Elvin Əliyev
Bakı Apellyasiya Məhkəməsinin hakimi