- 09:00
Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi başlayıb.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkən şəxsin hüquqi varisi qismində Vüsal Şilderin atası Adolf Şilder tanınıb. O, tərcüməçi ilə təmin olunub.
Xəyal Əlizadənin vəkili vəsatət verərək xahiş edib ki, ittiham ehtimallara əsaslanıb və buna görə də cinayət işinə xitam verilsin. Əgər bu olmazsa, Xəyal Əlizadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilsin.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib.
Zərərçəkənin vəkili vəsatət verərək Lalə Ağayevanın hadisələrin əsas mərkəzində olması ilə əlaqədar mesajlarının cinayət işində sübutlar siyahısına daxil edilməsini və onun məhkəmədə şahid qismində dindirilməsini xahiş edib.
Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin vəkilinin vəsatətləri təmin edilməyib, lakin zərərçəkənin vəkilinin vəsatəti təmin edilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Şilder Vüsal Adolf qəsdən öldürülüb. Faktla bağlı prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.
Xəyal Əlizadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.
Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.
Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsi ilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.
Qeyd edək ki, Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlı olub. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Mənbə: APA