- 10:15
Hər bir xalqın tarixində onun milli iradəsini, dövlətçilik qüdrətini və gələcək inkişaf istiqamətini müəyyən edən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 20 sentyabr məhz belə tarixi günlərdən biridir. Bu tarix dövlətimizin suverenliyinin ölkənin bütün ərazisində tam bərpa edilməsinin, Konstitusiyanın hüquqi qüvvəsinin hər bir bölgədə təmin olunmasının və Azərbaycan xalqının öz müqəddəratına sahib çıxmaq iradəsinin təntənəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi təsadüfi deyil. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi xüsusi olaraq vurğulanmışdır. Bununla da müasir dövlətçilik tariximizin mühüm mərhələsi hüquqi-siyasi qiymətini almış, xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq bir gün dövlət səviyyəsində rəsmiləşdirilmişdir.
Suverenlik – dövlətin hüquqi varlığının əsasıdır.
Hüquqi baxımdan suverenlik dövlət hakimiyyətinin ali, müstəqil və bölünməz xarakterini ifadə edir. Suveren dövlət, daxili və xarici siyasətini xalqın iradəsinə və milli maraqlarına uyğun müəyyənləşdirir, hüquq qaydasını sərbəst şəkildə formalaşdırır və həmin hüquq qaydasının bütün ərazisində icrasını təmin edir.
Suverenlik yalnız siyasi müstəqillik anlayışı ilə məhdudlaşmır. O, dövlət hakimiyyətinin legitimliyini, ərazinin bütövlüyünü, qanunların ümumiliyini, hüquq və azadlıqların müdafiəsini, dövlət institutlarının səmərəli fəaliyyətini və ölkənin beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmək imkanını özündə birləşdirən kompleks konstitusion-hüquqi anlayışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın 2-ci maddəsi xalqın öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirdiyini təsbit edir. Deməli, dövlət suverenliyinin ilkin və legitim mənbəyi məhz xalqın vahid iradəsidir.
Konstitusiyanın 7-ci maddəsinə görə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Bu müddəa suverenliyin müasir hüquqi dövlət üçün mütləq və nəzarətsiz hakimiyyət deyil, hüquqla təşkil olunan, hüquqla həyata keçirilən və hüquqa xidmət edən hakimiyyət olduğunu göstərir.
Suverenliklə ərazi bütövlüyü arasında ayrılmaz hüquqi bağlılıq vardır. Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Dövlətin bütün ərazisində eyni Konstitusiyanın, eyni qanunların və vahid hüquq sisteminin qüvvədə olması suverenliyin ən mühüm hüquqi ifadəsidir. Ərazisinin müəyyən hissəsində dövlət hakimiyyətinin faktiki həyata keçirilməsinə maneə yaradılan dövlətin suverenliyi hüquqi baxımdan tanınsa da, onun tam və səmərəli realizəsindən danışmaq mümkün deyildir.
Məhz bu səbəbdən 20 sentyabr 2023-cü il tarixinin mahiyyəti yalnız hərbi-siyasi hadisə ilə məhdudlaşdırıla bilməz. Həmin gün Azərbaycan dövlətinin konstitusion quruluşunun, hüquq sisteminin və legitim hakimiyyətinin ölkənin bütün ərazisində faktiki tətbiqi təmin edilmişdir. Başqa sözlə, Azərbaycanın beynəlxalq hüquqla tanınan suverenliyi tam hüquqi və faktiki məzmun qazanmışdır.
Azərbaycan xalqının suverenlik yolu asan olmamışdır. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmiz ərazilərinin işğalı, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün düşməsi, maddi və mədəni irsin dağıdılması və uzun illər davam edən hüquqi ədalətsizliklə üzləşmişdir.
Azərbaycan dövləti bütün bu dövr ərzində özünün prinsipial hüquqi mövqeyini qorumuşdur: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, ölkənin ərazi bütövlüyü müzakirə predmeti ola bilməz və Azərbaycan Respublikasının Konstitusiyası dövlətin bütün ərazisində qüvvədə olmalıdır.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətli iradəsini nümayiş etdirdi. Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması ilə nəticələndi.
Beləliklə, 20 sentyabr tarixində yalnız ərazi üzərində nəzarət bərpa edilmədi. Azərbaycan Respublikasının vahid konstitusion məkanı təmin olundu, qanunun aliliyinin coğrafi sərhədləri dövlət sərhədləri ilə üst-üstə düşdü və hüquqi dövlət prinsipinin ölkənin bütün ərazisində həyata keçirilməsi üçün tarixi şərait yarandı.
Suverenliyin ən böyük təminatı güclü dövlət olmaqla yanaşı, hüququn aliliyidir. Çünki suverenliyin davamlılığı yalnız dövlətin öz sərhədlərini qorumaq imkanından deyil, həm də həmin sərhədlər daxilində ədalətli və səmərəli hüquq qaydası yaratmaq qabiliyyətindən asılıdır.
Qanunun aliliyi dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin Konstitusiya və qanunlarla məhdudlaşdırılmasını, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini, hüquqi müəyyənliyi və məhkəmə qərarlarının məcburiliyini ehtiva edir.
Konstitusiyanın 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu baxımdan suverenlik özlüyündə son məqsəd deyil. O, insan hüquqlarının qorunduğu, sosial ədalətin təmin edildiyi, vətəndaşın dövlətə və məhkəməyə etibar etdiyi hüquqi cəmiyyətin qurulmasının əsas şərtidir.
Suveren dövlətin qüdrəti yalnız qəbul etdiyi qanunların sayında deyil, həmin qanunların ədalətli, ardıcıl və ayrı-seçkisiz tətbiqində görünür. Dövlətin bütün ərazisində eyni hüquqi standartların tətbiqi, hər bir şəxsin məhkəmə müdafiəsinə real çıxışının təmin olunması və pozulmuş hüquqların səmərəli şəkildə bərpa edilməsi suverenliyin gündəlik həyatda təzahür edən ən mühüm nəticələrindəndir.
Konstitusiyanın 125-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Konstitusiyanın 127-ci maddəsi hakimlərin müstəqilliyini, yalnız Konstitusiyaya və qanunlara tabe olmasını təsbit edir. Bu prinsiplər dövlət suverenliyinin hüquqi mexanizmlər vasitəsilə qorunmasında məhkəmə hakimiyyətinin xüsusi yerini müəyyən edir.
Məhkəmə hakimiyyəti dövlət suverenliyinin yalnız institusional elementi deyil, eyni zamanda onun hüquqi keyfiyyət göstəricisidir. Müstəqil, qərəzsiz və səmərəli məhkəmə sistemi olmayan dövlətdə hüququn aliliyinin tam təmin edildiyini söyləmək çətindir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunun düzgün və vahid tətbiqi, hüquqi müəyyənliyin qorunması, tərəflərin bərabərliyinin təmin olunması və məhkəmə qərarlarının əsaslandırılması vətəndaşların dövlətə olan inamını möhkəmləndirir.
Hər bir məhkəmə qərarı Azərbaycan Respublikasının adından qəbul olunur. Bu, sadəcə prosessual ifadə deyildir. Bu müddəa məhkəmə aktının arxasında dövlətin hüquqi iradəsinin, Konstitusiyanın nüfuzunun və suveren hakimiyyətin dayandığını göstərir. Buna görə də hakim üçün ədalət mühakiməsinin həyata keçirilməsi həm yüksək peşə məsuliyyəti, həm də dövlət suverenliyinə xidmət edən konstitusion vəzifədir.
Məhkəmənin müstəqilliyi dövlət suverenliyinin daxili ölçüsüdür. Hakimin yalnız Konstitusiyaya və qanuna tabe olması, kənar müdaxilənin yolverilməzliyi, tərəflərin hüquqi dinlənilmə imkanının təmin edilməsi və qərarların hüquqi əsaslar üzərində qurulması suverenliyin hüquqi dövlət formasında reallaşmasına xidmət edir.
Dövlət suverenliyi iqtisadi münasibətlərdən kənar, yalnız siyasi və konstitusion müstəvidə mövcud olan anlayış deyildir. Suverenlik iqtisadi təhlükəsizliyin, mülkiyyət hüququnun, sahibkarlıq azadlığının və investisiya mühitinin də hüquqi təməlidir.
Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 15-ci maddəsində Azərbaycan dövlətinin bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratdığı, azad sahibkarlığa təminat verdiyi və iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermədiyi müəyyən edilmişdir. Konstitusiyanın 59-cu maddəsi isə hər kəsin öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsbit edir.
Bu konstitusion təminatların real həyata keçirilməsində kommersiya məhkəmələrinin xüsusi rolu vardır. Sahibkarlar arasında müqavilə öhdəliklərinin icrası, mülkiyyət və tələb hüquqlarının müdafiəsi, korporativ mübahisələrin qanuna uyğun həlli, sağlam rəqabət mühitinin qorunması və kommersiya dövriyyəsində hüquqi müəyyənliyin təmin edilməsi bütövlükdə dövlətin iqtisadi suverenliyinin möhkəmlənməsinə xidmət edir.
İqtisadi dövriyyənin iştirakçısı əmin olmalıdır ki, üzərinə götürülmüş öhdəliklər icra edilmədikdə səmərəli məhkəmə müdafiəsi mövcuddur, onun mülkiyyətinə qanunsuz müdaxilənin qarşısı alınacaq və yaranmış mübahisə müstəqil məhkəmə tərəfindən ağlabatan müddətdə həll ediləcəkdir.
Məhkəmə müdafiəsinin səmərəliliyi sahibkarlıq subyektləri arasında etimadı artırır və kommersiya dövriyyəsinin sabitliyini təmin edir. Hüquqi müəyyənlik, məhkəmə təcrübəsinin ardıcıllığı və qəbul edilən qərarların icrası dayanıqlı iqtisadi inkişafın vacib şərtləridir. Bu mənada kommersiya ədalət mühakiməsi suveren dövlətin iqtisadi-hüquqi infrastrukturunun mühüm tərkib hissəsidir.
Dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni hüquqi, sosial və iqtisadi inkişaf imkanları açmışdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yaşayış məntəqələrinin yenidən salınması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı suverenliyin insan həyatında yaratdığı real dəyişikliklərin göstəricisidir.
Həmin ərazilərdə dövlət idarəçiliyinin təşkili, sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, torpaq və digər əmlak münasibətlərinin hüquqi tənzimlənməsi, müqavilə öhdəliklərinin icrası, dövlət və xüsusi mülkiyyətin müdafiəsi qarşıdakı mərhələnin mühüm məsələlərindəndir. Bu proseslərin hər biri hüququn aliliyinə, qanunvericiliyin düzgün tətbiqinə və səmərəli məhkəmə müdafiəsinə əsaslanmalıdır.
Ərazilərin fiziki baxımdan bərpası ilə yanaşı, həmin ərazilərdə tam və dayanıqlı hüquq mühitinin yaradılması da xüsusi əhəmiyyət daşıyır. Suverenliyin möhkəmləndirilməsi o zaman davamlı xarakter alır ki, vətəndaş dövlət xidmətlərinə çıxış əldə edir, mülkiyyət və sahibkarlıq hüquqlarından sərbəst istifadə edir, yaranmış mübahisələri qanunla müəyyən olunmuş qaydada həll etdirir və qəbul edilmiş məhkəmə aktlarının icrasına əmin olur.
Beləliklə, Böyük Qayıdış yalnız insanların öz doğma torpaqlarına fiziki qayıdışı deyil, həm də hüququn, ədalətin, sosial həyatın, iqtisadi fəallığın və dövlət institutlarının həmin torpaqlara qayıdışıdır.
Dövlət suverenliyinin tam bərpası Azərbaycan xalqının tarixi nailiyyətidir. Lakin suverenlik yalnız əldə olunmuş hüquq deyil, eyni zamanda onun qorunması və gələcək nəsillərə ötürülməsi məsuliyyətidir. Bu məsuliyyət dövlət orqanlarından qanunçuluğa dönmədən əməl etməyi, məhkəmələrdən ədalətli və əsaslandırılmış qərarlar qəbul etməyi, sahibkarlıq subyektlərindən kommersiya dövriyyəsində vicdanlı davranmağı, vətəndaşlardan isə Konstitusiyaya və qanunlara hörmət göstərməyi tələb edir.
Suverenliyin qüdrəti dövlətlə vətəndaş arasında qarşılıqlı hüquq və məsuliyyət münasibətində üzə çıxır. Dövlət insan hüquqlarını qoruyur, vətəndaş isə dövlətin konstitusion əsaslarına hörmət edir. Məhkəmə bu münasibətdə hüquqi tarazlığı təmin edən, pozulmuş hüquqları bərpa edən və qanunun aliliyini qoruyan əsas institusional təminatlardan biri kimi çıxış edir.
Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi mübarizə yolunun, milli həmrəyliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin siyasi-hüquqi iradəsinin rəmzidir. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdiyimiz, qazilərimizə minnətdarlığımızı ifadə etdiyimiz və müstəqil dövlətimizin gələcəyi qarşısında məsuliyyətimizi bir daha dərk etdiyimiz gündür.
20 sentyabr həm də mühüm bir hüquqi həqiqətin ifadəsidir: dövlətin suverenliyi onun bütün ərazisində qanunun aliliyinin təmin olunması ilə tamamlanır. Azərbaycan Respublikasının Konstitusiyası bu gün ölkəmizin bütün ərazisində eyni ali hüquqi qüvvə ilə tətbiq olunur. Dövlət hakimiyyəti bütün suveren ərazidə xalqın iradəsinə, Konstitusiyaya və qanunlara əsaslanaraq həyata keçirilir.
Azərbaycanın dövlət suverenliyinin tam bərpası keçmişin tarixi ədalətsizliyinə verilmiş cavab olmaqla yanaşı, gələcəyə yönəlmiş böyük hüquqi və mənəvi öhdəlikdir. Qarşımızda duran başlıca vəzifə bu tarixi nailiyyəti hüququn aliliyi, güclü dövlət institutları, müstəqil məhkəmə hakimiyyəti, dayanıqlı iqtisadi inkişaf və yüksək hüquq mədəniyyəti ilə daha da möhkəmləndirməkdir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, beynəlxalq münasibətlər sistemində müstəqil iradəyə malik güclü hüquqi dövlət kimi inkişafını davam etdirir. Dövlət Suverenliyi Günü isə bu inkişaf yolunun, milli qürurumuzun və Konstitusiyaya əsaslanan dövlətçilik iradəmizin əbədi rəmzi olaraq yaşayacaqdır.
Dövlət Suverenliyi Günümüz mübarək olsun!
Mədinə Rəsulova
Şirvan Kommersiya Məhkəməsinə ezam olunmuş hakim